Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(4-7)-546/2026 11.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müsbət rəyin verilməsi” tələbinə dair Giriş hissəsi: Gəncə İnzibati Məhkəməsinin hakimi Nurəli Hüseynov, İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı “müsbət rəyin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim. Təsviri hissə: I. Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Goranboy şəhər sakini X5 Goranboy Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan yarasız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 360 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır; - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində xx.xx.2007ci il tarixdə 38 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akta əsasən, X3 müvafiq müraciəti əsasında ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Goranboy Bələdiyyəsi ərazisində 360 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli, 01 saylı qərar qəbul edilmiş, bunun müqabilində X8 tərəfindən Goranboy rayon ... Bankının **********0 saylı hesabına əvvəlcədən ******* manat haqq ödənilmişdir; - Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 60 nömrəli sərəncamına əsasən, İddiaçı Goranboy Bələdiyyəsi tərəfindən satılmış 360 kv.m torpaq sahəsində sahibkarlıq məqsədi ilə mağaza tikintisinə icazə verilmişdir; - Azərbaycan Respublikası "xxxx" ASC-nin “EEÖ” İdarəsi "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli, TŞ-321/G nömrəli texniki şərtə əsasən, obyektin adı qismində Goranboy şəhəri, 16-cı kvartalda V.Bayramov küçəsində tikilmiş, şəhər sakini X5 məxsus mağaza binasının göstərilmişdir; - 08.07.2016-cı il tarixli, 089968 nömrəli lisenzaya əsasən, X2 tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis axtarış işlərini həyata keçirməyə icazə verilmişdir; - Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 8/1 nömrəli “Goranboy şəhər Bələdiyyəsinin ərazisindən 360 kv.m sahibkarlıq torpaq sahəsinin müsabiqə yolu ilə satılması barədə” rəyə əsasən, Goranboy şəhər Bələdiyyəsinin ərazisindən müsabiqə yolu ilə alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən torpaq sahəsinin məqsədli təyinatına, ərazinin yerquruluşu təsərrüfat planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyindən həmin torpaq sahəsini sahibkarlıq obyekti tikmək üçün Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi bildirmişdir ki, Goranboy şəhər Bələdiyyəsinin ərazisindən 360 kv.m torpaq sahəsinin X1 məqsepi ilə satılmasına etiraz edilməmişdir; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-13/2-2/01-3-H-3221-5/2025 nömrəli məktuba əsasən, qeyd olunan ərazidə vətəndaş İddiaçı məxsus qeyri-yaşayış obyekti 10 kV-luq “1-ci Şəhər” hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Məlumat üçün bildirilmişdir ki, elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi üçün ilk növbədə yerli icra hakimiyyəti və ya bələdiyyə orqanlarına müraciəti əsasında müvafiq ərazi müəyyənləşdikdən sonra aidiyyəti sənədlərlə “ASAN xidmət” mərkəzinə müraciət etmək tövsiyə olunmuşdur; - Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X6 Filialının xx.xx.2025-ci il tarixli, 3-15-2-2/2-H-2189-5-226/2025 nömrəli məktuba əsasən, araşdırma zamanı, sözügedən qeyri-yaşayış sahəsindən təxminən 4 metr məsafədə 35/10 kV-luq “Goranboy” yarımstansiyasından çıxan 10 kV-luq iki dövrəli “Rəhimli” və “İ Şəhər” hava elektrik veriliş xətlərinin (HEVX) keçdiyi müəyyən edilmişdir. Eyni zamanda, zəruri sənədin alınmasına rəy verilməsi üçün müraciətə "xxxx" ASC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 13-13/2-2/01-3-H-3221-5/2025 nömrəli cavab məktubunda, obyektin 10 kV-luq HEVX-nin mühafizə zonasında yerləşməsi əsas gətirilərək imtina verildiyi və xəttin yerinin dəyişdirilməsi üçün yerli icra hakimiyyəti və ya bələdiyyə orqanlarına müraciət əsasında ərazi müəyyən edildikdən sonra müvafiq sənədlərlə “ASAN xidmət” mərkəzinə müraciət edilməsi bildirildiyi məlum olmuşdur. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in 2.2.2-ci bəndinə əsasən, gərginliyi 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün elektrik şəbəkələrinin mühafizə zonaları elektrik verilişi xətləri boyunca kənar naqillərin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə 10 metr müəyyən edilir. Tələblərin 3.1-ci bəndinə əsasən, bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla təsərrüfat işləri aparıla bilər. Həmin Tələblərin 3.1.1-ci yarımbəndinə əsasən, həmin təsərrüfat işlərində gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılmasıda nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli, 3-15/3-1-4/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 120.14-cü bəndinə əsasən gərginliyi 1 kV-dan yuxarı olan HX-ləri yaşayış yerlərindən keçdikdə kənar HX naqillərindən, onların ən böyük meyillənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə gərginliyi 20 kV-dək olan HX üçün 2 mdən az olmamalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün razılıq verilməsi məsələsinə yenidən baxılması barədə Agentliyin Gəncə filialı tərəfindən "xxxx" ASC-yə göndərilmiş məktuba cavab olaraq, hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 may 2024 cü il tarixli 261 saylı Qərarının müvafiq bəndinə əsasən 1-20 kV-luq izolyasiyasız naqilli hava elektrik verilişi xətlərinin mühafizə zonasının ölçüləri xəttin hər iki tərəfindən 10 metr məsafə müəyyən edildiyi üçün obyektə müsbət rəyin verilməsinin mümkün olmadığı və xəttin istismar dövrü ərzində trassasında heç bir dəyişiklik edilmədiyi bildirilmişdir. Həmçinin, HEVX-nin obyektin mühafizə zonasından çıxarılması üçün mövcud qaydalara əsasən “ASAN xidmət” mərkəzinə müraciət edilməsi və həmin xətt obyektin mühafizə zonasından çıxarıldıqdan sonra müsbət rəyin verilməsinin təmin olunacağı qeyd edilmişdir.
2. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraat materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər.
II. Tərəflərin ərizəsi
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus obyektinə çıxarış alması üçün müsbət rəyin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanından sonra ona məxsus Goranboy şəhəri, Heydər Əliyev prospekti, 16-cı kvartalda yerləşən obyektinə çıxarış almaq üçün "xxxx" ASC-yə müsbət rəy verilməsi üçün müraciət etmiş, amma müsbət rəy verilməmişdir. Əsas oalraq o gətirilmişdir ki, ona məxsus obyekt yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına daxildir və xəttə çox yaxındır. İddiaçı qeyd edir ki, həmin elektrik xətti hazırda istifadə olunmur. Bundan başqa həmin elektrik xətti keçmiş icra başçısı N. Quliyev tərəfindən dəfələrlə yeri dəyişdirilmiş, onunla eyni perimetrdə olan təxminən 6-ya yaxın obyektə "xxxx" ASC tərəfindən müsbət rəy verilmişdir ki, həmin obyektlərdə həmin elektrik xəttinə çoх yaxındır. İddiaçı bildirir ki, yerin seçilmə aktından göründüyü kimi, bütün aidiyyəti qurumlar, eləcə də Goranboy rayon Elektrik Şəbəkəsinin direktoru belə öz imzası və möhürü ilə təsdiqləyərək obyekt üçün icazə vermişlər. Bundan başqa həmin obyektə Azərbaycan Respublikası "xxxx"ASC-nin “EEÖ” İdarəsi "xxxx" MMC tərəfindən texniki şərt belə verilmiş, bütün aidiyyəti qurumlardan icazə almağına və sənədlərinin qaydasında olmasına baxmayaraq o, bu gün də "xxxx" ASC-dən obyektinə çıxarış alınması üçün müsbət rəy ala bilmir.
Əsaslandırma hissəsi:
III.İddianın mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.İddianın mümkünlüyü 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3.İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
6. Göründüyü kimi, qanunvericiliklə inzibati məhkəmələrin səlahiyyətinə yalnız inzibati münasibətlərdən yaranan inzibati mübahisələrin məhkəmə qaydasında mübahisələndirilməsi aid edilmişdir.
7. Bu səbəbdən də iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.
IV.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli, 04 nömrəli Qərarı
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 14.3. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülkihüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarı 1.1.Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2.İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 11.İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12.İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 16.1.İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2.İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3.Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4.İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5.Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
7. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
8. İş üzrə inzibati icraatı materiallarına əsasən, iddiaçının əsas hüquqi marağı ona məxsus olan qeyri-yaşayış obyektinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alması olmuş, ancaq çıxarışın alınması üçün "xxxx" ASC tərəfindən müsbət rəyin verilməli olduğu, lakin sonuncu tərəfindən bunun imtina edildiyi müəyyən edilir.
9. Hesab edirəm ki, iddiaçının hazırkı hüquqi marağına çatması üçün o, qeyd edilən mübahisəli məsələ ilə bağlı ümumi məhkəməyə (rayon və şəhər məhkəmələrinə) müraciət etməlidir.
10. Qeyd olunanlara əsasən, hesab edirəm ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müsbət rəyin verilməsi” tələbi inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə olmadığından iddia mümkün sayılmamalıdır.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 52.Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.Sübutların araşdırılması qaydası 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
12. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1, 2, 35, 52, 58, 68 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müsbət rəyin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov