Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(4-7)-901/2026 13.03.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “cavabdeh tərəfindən təşkil edilmiş attestasiya ilə bağlı xx.xx.2026-cı il tarixdə Bakı şəhərində keçirilmiş imtahan nəticələrinin ona münasibətdə ləğv olunması və attestasiyadan keçməsi və ya yenidən müsabəyə buraxılması barədə qərar qəbul olunması” tələbi üzrə işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “cavabdeh tərəfindən təşkil edilmiş attestasiya ilə bağlı xx.xx.2026-cı il tarixdə Bakı şəhərində keçirilmiş imtahan nəticələrinin ona münasibətdə ləğv olunması və attestasiyadan keçməsi və ya yenidən müsabəyə buraxılması barədə qərar qəbul olunması” qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Qeyd olunmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 67-ci maddəsinin birinci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər. Bu maddənin altıncı hissəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının” 1.1-ci bəndinə əsasən işçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir. Hazırkı işdə də iddiaçının dövlət qulluqçusu olmaması, irəli sürülən tələbin xidməti hüquq münasibətləri bağlı olmaması və əmək hüquq münasibətləri sferasına aidiyyəti müəyyən olunur. Eyni zamanda, iddiaçı tərəfindən tələb düzgün cavabdehə qarşı irəli sürülməmişdir. Belə ki, Gəncə şəhəri Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbi İşçilərinin attestasiya üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2026-cı il tarixli, 13-F-2 nömrəli protokolundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, habelə Gəncə şəhəri Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin attestasıyasının keçirilməsinə dair xx.xx.2025-cı il tarixli, 18 nömrəli əmrinə uyğun olaraq attestasiya komissiyasının iclası keçirilmişdir. Beləliklə, iş üzrə cavabdeh qismində “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olmayan Gəncə şəhəri Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbi çıxış etməlidir. Ona görə də iddiaçıya izah olunmalıdır ki, o, cavabdeh Gəncə şəhəri Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı Əmək Məcəlləsinin 67-ci maddəsinin altıncı hissəsinin tələblərinə uyğun olan müvafiq iddia ilə Gəncə şəhər Məhkəməsinə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.2-ci və 15.3-cü bəndlərinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati-Prosessual Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-cı maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “cavabdeh tərəfindən təşkil edilmiş attestasiya ilə bağlı xx.xx.2026-cı il tarixdə Bakı şəhərində keçirilmiş imtahan nəticələrinin ona münasibətdə ləğv olunması və attestasiyadan keçməsi və ya yenidən müsabəyə buraxılması barədə qərar qəbul olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(4-7)-901/2026
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-7)-901/2026
13.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver