Məhkəmə qərarları › İş №2-1(4-8)-652/2026

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-8)-652/2026

20.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(4-8)-652/2026 20.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin Sumqayıt Şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ona məxsus sürücülük vəsiqəsini qaytarmaqdan imtina etməsinə dair hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cəza müddətinin bitməsi və cərimənin tam ödənilməsini nəzərə alaraq, ona məxsus sürücülük vəsiqəsinin dərhal qaytarılması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbi barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli, 3(060)-2708/2023 saylı qərarı ilə İddiaçı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmənin qərarına əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla ona 800 (səkkiz yüz) manat məbləğində inzibatı cərimə cəzası təyin edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 3(105)-567/2023 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmış və həmin tarixdən qərar qanuni qüvvəvə minmişdir. Məhkəmə tərəfindən təyin edilmiş hüququn məhdudlaşdırılması müddətinin axımı qanuni qüvvəyə minmə tarixindən hesablanaraq 07 dekabr 2025-ci il tarixində tam başa çatmışdır. Bundan əlavə, təyin olunmuş 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tərəfindən dərhal dövlət büdcəsinə tam şəkildə ödənilmişdir. Bununla da qanunvericiliklə və məhkəmə qərarı ilə üzərinə düşən həm müddət, həm də maddi öhdəlikləri tam və vaxtında icra etmişdir. Cəza müddətinin bitməsi ilə əlaqədar olaraq, qanuni sahibliyində olan sürücülük vəsiqəsinin geri qaytarılması üçün cavabdeh qismində çıxış edən DİN Baş X1 İdarəsinin Sumqayıt şəhərində yerləşən 1 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə müraciət etmişdir. Lakın şöbənin əməkdaşı sürücülük vəsiqəsinin onlarda olduğunu təsdiqləsə də və sənədi vizual olaraq göstərsə də heç bir hüquqi əsas gətirmədən, yazılı imtina təqdim etmədən və qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq vəsiqəni təqdim etməkdən faktiki olaraq imtina etmişlər. Ona “Vəsiqən bizdədir və vermirik!" ifadəsi işlətmişdir. İddiaçı peşəkar sürücüdür və nəqliyyat vasitəsini idarə etmək hüququ onun və ailəsinin yeganə gəlir mənbəyini təşkil edir. İki il müddətində məhkəmə qərarına hörmətlə yanaşaraq cəzasını çəkmiş və işsiz qalmışdır. Hazırda cəza müddətinin bitməsinə baxmayaraq, cavabdehin süründürməçiliyi və qanunsuz hərəkətsizliyi nəticəsində yenidən işləmək, ailəsini dolandırmaq və cəmiyyətə faydalı olmaq imkanından məhrum edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri vəziyyətini kəskin şəkildə ağırlaşdırmış, bununla yanaşı əhəmiyyətli mənəvi zərər vurmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının etirazı inzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqana qarşı irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır. Belə olanda halda tərəflər arasında hər hansı inzibati mübahisə də mövcud deyildir. Belə ki, iddia ərizəsində göstərilən hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində təsbit edilmiş inzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə əlaqədardır. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı iş üzrə cavabdehin) inzibati xətalara dair işlər üzrə icraat sahəsindəki fəaliyyət sferasına daxildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarından müəyyən olunur ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(060)-2708/2023 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-567/2023 saylı qərarı ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2708/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Maddə 153. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması müddətinin hesablanması 153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanununa əsasən: Maddə 3.2.2. Bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 7.2-ci bəndində qeyd edilmişdir ki, “Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Hazırkı işdən müəyyən olunur ki, iddiaçının nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmış, tərəfindən nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahan verilməmişdir. Beləliklə, tərəflər arasında inzibati hüquq münasibətlərinin yaranması və inzibati mübahisənin mövcudluğu müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar