Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(4-8)-654/2026 19.03.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Sumqayıt Şəhər İcra İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyinin 16 oktyabr 2025-ci il tarixli, ******* nömrəli sənədinin hüquqi qüvvəsinin tanınmaması, cavabdehin 26 yanvar 2026-cı il tarixli icraata başlamaq haqqında qərarının qanunsuz sayılaraq ləğv edilməsi, barəsində başlanmış icra icraatına xitam verilməsi, cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 oktyabr 2025-ci il tarixdə səhər saat 10-11 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində "xxxx" MTK firmasına aid yeni binalar inşa edilən ərazidəki yol kənarında kommunikasiya çəkilişi ilə əlaqədar olaraq qazıntı işləri aparılarkən, həmin təmir-tikinti gedən yol hissəsindəki dayanacaqda siqaret çəkdikdən sonra kötüyünü atmağa heç bir zibil qutusu qoyulmadığı üçün məhz fəhlələrin də tulladıqları yerdəki zibillərin içinə atmışdır. Çünki, həmin yerdə siqaret kötüyünü atacaq nəin ki xüsusi zibil qabı qoyulmamışdı, hətta açıq dayanacaq qismi də abadlaşdırılmadan müvəqqəti təmir vəziyyətində istifadə edilirdi. Yəni, sözügedən ərazidə birmənalı olaraq heç bir aidiyyəti təmizlik-təchizat tədbirləri görülməmişdi. Bunun faktiki sübutu üçün həmin vaxtı yaşadığı “zarafat” kimi hadisədən sonra məcburən çəkdiyi foto-video qeydləri də mövcuddur. Bu hala baxmayaraq mülki avtomobildən düşərək özünü polis kimi təqdim edən mülki geyimli bir nəfər siqaret kötüyünü yerdə yığılmış zibilliyə atdığı üçün müvafiq cəza yazmaqdan ötrü polis bölməsinə getməyini və ya yerində 300 manat məbləğində cərimə ödəməli olduğunu bildirmişdir. İddiaçı isə ətrafdakı söküntü işlərinə görə yerdə toplanmış siqaret kötüklərini və başqa zibil tullantılarından ibarət yığımı göstərərək buranın hələ abadlaşdırılmadığını və zibil qutusu, siqaret qabı və s. kimi zəruri təmizlik avadanlıqlarıyla təmin edilmədiyini vurğulamışdır. Buna baxmayaraq, iddiaçıya 300 manat məbləğində cərimə ödəməli olduğu bildirilmişdir. Əvəzində isə iddiaçı müvafiq protokol tərtib olunmasını tələb etmişdir. Ona ancaq telefondan hansısa sənəddə qeyd olunan rəqəmlər göstərildi və şəklini telefonu ilə çəkmişdir. Halbuki həmin səhnəni müşahidə edərkən polis əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilməmiş və sonra da müvafiq rəsmi məlumat və ya sənəd göndərilməmişdir. Hətta ötən müddət ərzində lazımı bildiriş və protokol sənədlərilə bağlı heç bir inzibati qərar da göndərilməmişdir. Hadisədən bir neçə ay sonra 26 yanvar 2026-ci il tarixdə tərəfinə ancaq elektron qaydada linklər üzrə icra sənədi ünvanlanmışdır. Məhz düşdüyü bu haqsız vəziyyətə etiraz əlaməti olaraq prosesin düzgün tənzimlənmədiyinə, məkrli niyyətlər güdüldüyünə və haqqında qeyri-adekvat tədbir görüldüyünə əmindir. Göstərilən cəza ədalətsizdir və bunu ödəməli olmadığı qənaətindədir. Müvafiq qanunvericilik tələblərinə görə sözügedən qərarın ləğv edilməsini xahiş edir. 26 yanvar 2026-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 oktyabr 2025-ci il tarixli, ******* nömrəli sənədi əsasında barəsində icraata başlanılmışdır. Həmin sənədə əsasən iddiaçının 300 manat məbləğində inzibati qaydada cərimə edildiyi qeyd edilmişdir. Lakin barəsində tərtib edilmiş nə inzibati xəta haqqında protokol, nə də qəbul edilmiş inzibati tənbeh haqqında müvafiq qərarla tanış olmamışdır, heç bir rəsmi sənəd təqdim olunmamış, izahat vermək və müdafiə hüququndan istifadə etmək imkanı təmin edilməmişdir. Hadisə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində abadlaşdırılmamış, kommunal qazıntı işləri aparılan, zibil qutuları və siqaret kötüyü üçün nəzərdə tutulmuş qabların olmadığı bir ərazidə 16 oktyabr 2025-ci il tarixdə baş versə də, keçən aylar ərzində heç bir rəsmi sənəd göndərilməmiş, yalnız 26 yanvar 2026-cı il tarixdə icra mərhələsinə keçilmişdir. Bu haqda isə son anda telefonuna ancaq elektron qaydada müvafiq icraata dair sənəd linkləri göndərilmişdir. Bu isə öz növbəsində inzibati icraatın əsas prinsiplərinə, o cümlədən qanunilik, hüquqi müəyyənlik və müdafiə hüququ prinsiplərinə ziddir. Mövcud halda qərardan şikayət vermək hüququndan faktiki məhrum olunmuşdur.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
4. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
5. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, İPM-in 13-cü maddəsinin tələblərini nəzərə alaraq, iddia tələbinin mümkünlük şərtləri ilə əlaqədar işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
6. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, ərizənin məzmununa uyğun izahat vermişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.”
9. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
10. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır.
11. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
12. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
13. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
14. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
15. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
16. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.
18. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir.
19. İş materiallarına əlavə edilmiş cavabdehin 26 yanvar 2026-cı il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli, 16 oktyabr 2025-ci il tarixli icra sənədi nəzərdən keçirilərək, iddiaçının 300 manat cərimə olunduğu müəyyən edilmiş, icra sənədi üzrə icraata başlaması qərara alınmışdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında vurğulanmışdır ki, “İnzibati icraat haqqında” AR Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
21. Nəzərə alınmalıdır ki, İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 6) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 8) bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 9) “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə.
22. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə əlaqədar müəyyən hərəkətlərini, həmin hərəkətlər nəticəsində qəbul edilmiş qərar mübahisələndirildiyindən, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
23. Məhkəmə, İPM-in 13-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfə hüquqi yardım göstərərək izah edir ki, ilk öncə cavabdeh tərəfindən verilmiş icra sənədinin əsası müəyyən edilməlidir. Məhkəmə prosesində iştirak etmiş iddiaçının izahatından aydın olmuşdur ki, iddiaçının icra sənədinin əsasları barədə məlumatı mövcud deyildir. Məhkəmə bildirir ki, əvvəlcə ünvan 3 ünvanında yerləşən Sumqayıt şəhəri üzrə İcra idarəsinə yaxınlaşmaqla (icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1) icra sənədi və onun əsasları barədə maraqlana bilər. İcra sənədinin əsası müəyyən edildikdən sonra, iddiaçı ehtimal etdiyi hüquqlarının müdafiəsini hazırkı məhkəmədə deyil, aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır.
24. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı mübahisənin inzibati icraat qaydasında baxılmalı olmadığından, iddia mümkün sayılmamalıdır.
25. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
26. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova