Məhkəmə qərarları › İş №2-1(4-9)-129/2026

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-9)-129/2026

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(4-9)-129/2026 24.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “qərarının ləğv edilməsi, yenidən şəhadətləndirilməklə xəstəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “qərarının ləğv edilməsi, yenidən şəhadətləndirilməklə xəstəlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “cavabdehin Hərbi-Həkim Komissiyasının onun şəhadətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, yenidən şəhadətləndirilməklə Xəstəlik haqqında şəhadətnamədə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” məzmunlu xəstəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MN-nin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarın açıqaşkar qanunsuz, əsassız, faktiki hallarla və tətbiq edilməli maddi hüquq normaları ilə ziddiyyət təşkil edən inzibati akt kimi ləğv edilməsi, habelə iddiaçı barəsində təkrar və müstəqil hərbi-həkim ekspertizasının təyin olunması tələb olunur. Mübahisələndirilən inzibati akt iddiaçının döyüş şəraitində aldığı xəsarətlərin hüquqi nəticələrinin tanınmasından qəsdən yayınmaq məqsədi ilə qəbul edilmiş, nəticədə iddiaçının Konstitusiya ilə qorunan sosial təminat və s. hüquqları kobud şəkildə pozulmuşdur. O, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən bədən xəsarətləri almışdır. xx.xx.2020-ci il tarixdə MN-nin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-həkim komissiyası şəhadətləndirilmə keçirməklə onun sağlamlıq vəziyyəti ilə bağlı qərar qəbul edərək “Şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu, mədəcik ekstrasistolası, neyrosirkulyator asteniya” diaqnozunu təsdiqləmiş və bunun hərbi xidmət dövründə alınmış xəstəlik olduğunu qeyd etmişdir. O, hərbi-həkim komissiyasının qərarından narazı qalaraq etiraz etmişdir. Hərbi-həkim komissiyası isə bildirmişdir ki, “Travma haqqında arayış” təqdim edilmədiyi üçün nəticəni yalnız eyni formada verə bilərlər. Bunun üzərinə o xx.xx.2021-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissədən “Travma haqqında arayış” almışdır. Arayışda qeyd olunub ki, xx.xx.2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən o bədən xəsarəti almışdır. Həmin arayışda diaqnoz “Nevrostekiya, sol tərəfli perforativ otit, sağ tərəfli otit” kimi göstərilmişdir. O, bu arayışı MN-in Mərkəzi Hərbi Poliklinikasına təqdim etmişdir. Lakin MN-nin tabeliyində olan Hərbi-Həkim Komissiyası şifahi olaraq ona bildirmişlər ki, yeni şəhadətnamədə də “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” məzmunlu nəticə olacaq. Bu qanunsuz davranışı ilə cavabdeh mənə münasibətdə döyüş xəsarəti faktını və travma haqqında arayışı qəsdən nəzərə almamışdır. Bu isə onun hüquqlarının pozulması deməkdir. Qeyd etmək zəruridir ki, Hərbihəkim ekspertizası haqqında Əsasnamənin Vİİ fəslinin, 7.1-7.5-ci bəndlərinə əsasən Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini yalnız müvafiq tibbi sənədlər əsasında müəyyən etməlidir; Komissiya tərəfindən şəhadətləndirilən şəxsin travma aldığı dövrdə verilmiş sənədlər əsasında qərar çıxarılmalıdır. İşin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən əsaslı olaraq hesab edir ki, onun hərbi-həkim komissiyasına təqdim etdiyi xx.xx.2021-ci il tarixli Travma haqqında arayış əsasında komissiya tərəfindən xəsarətlərin səbəb əlaqəsi düzgün müəyyən edilməli idi. Lakin MN-in Mərkəzi Hərbi Poliklinikası onun təqdim etdiyi arayışa baxmayaraq, qərarı dəyişməyərək hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun icraata başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2026-cı il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2020-ci il tarixli Xəstəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, Anamnezi: İlkin inkişaf dövrü normal keçib. Uşaq yaşlarında xasiyyətcə sakit və mehriban olub. Orta məktəbi bitirdikdən sonra, xx.xx.2010-cu ildən 01.01 2012-ci ilədək müddətli həqiqi hərbi xidmətə gedib və müvəfəqiyyətlə xidmətini başa vurub. xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Astara rayon şöbəsi tərəfindən ehtiyyatdan hərbi xidmətə çağırılıb. Deməsinə görə, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və döyüş şəraitində yaxınlığında mərmi partlamasından xəsarət almışdır (travmanın alınması haqqında arayış təqdim edilməyib). Hərbi hissədə bir müddət xidmət etdikdən sonra, davranışında dəyişikliklər qeyd olunmağa başlayıb. Belə ki, çox danışıb, hər bir hadisəyə müdaxilə edib, özünü DTX-nın yüksək rütbəli zabiti kimi təqdim edib, ona xüsusi vergi verildiyini bildirib, gecələr yatmayıb. Davranışında olan dəyişikliklərlə əlaqədar olaraq, hərbi hissəsindən müayinə olunmaq üçün SQ BKH-ya göndərilib. Hospitalın psixiatriya bölməsində yer olmadığı üçün müalicəsini davam etdirmək məqsədi ilə Səhiyyə Nazirliyinin Respublika Psixiatriya 'xəstəxanasına köçürülüb. Orada, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Kəskin polimorf psixotik pozuntu” ilə müayinə və müalicə olunduqdan sonra, müalicəsini davam etdirmək üçün SQ BKH-ya köçürülüb. Psixiatriya bölməsinə qəbul olunduqdan sonra ucadan fasiləsiz, uzun-uzadı və rabitəsiz danışıb. Göstərişləri və tapşırıqları yerinə yetirməyib, özünü “həyat alimi” adlandırıb və əminliklə hər bir işi əla bacardığını söyləyib. Həm idmançı kimi, həm rəssam kimi, həm mühəndis kimi, həm də həyatda “baxıcı” kimi, hər bir insanın həyatını, taleyini bildiyini nümayiş etdirməkdən çəkinməyib. Mübahisə və münaqişəyə meylli olub, gecələr yatmayıb. Neyroleptik dərmanlarla aldığı müalicə nəticəsində əhval-ruhiyyəsi və yuxusu stabilləşib. Lakin, özünə qarşı tənqidi münasibətləri zəifləyib, “mənə vergi verilib” deyərək bildirib. Əvvəllər şəhadətləndirilməyib. 9.xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixdək Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020 tarixədək SQ BKH-da, xx.xx.2020-ci il tarixdən MN Mərkəzi Hərbi Poliklinikasında müayinədə və müalicədədir. Obyektiv müayinənin məlumatları: fiziki cəhətdən kafi inkişaf etmişdir. İnkişaf qüsurları yoxdur. Normastenik bədən quruluşludur, qidalanması kafidir. Dəri və görünən selikli qişaları adi rəngdədir. Periferik limfa düyünləri böyüməyib. Əzələ sistemi kafi inkişaf etmişdir. Döş qəfəsi düzgün quruluşludur, tənəffüs aktında hər iki tərəfdə simmetrik iştirak edir. Tənəffüs hərəkətlərinin sayı dəqiqədə 18-dir. Perkussiya zamanı ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. A/T 120/80 mm. c. süt. Nəbzi ritmik, dəqiqədə 82 vurğudur. Ürək tonları aydın, ritmikdir. Qarnı yumşaq, palpasiyada ağrısızdır. Qaraciyər və dalaq böyüməyib. Defekasiya müntəzəmdir. Bel nahiyəsində döyəcləmə əlaməti hər iki tərəfdə mənfidir. Diurez pozulmamışdır. Nevroloji statusunda irəli uzadılmış əl barmaqlarında və yumulmuş göz qapaqlarında tremor müşahidə edilir. Distal hiperhidroz qeyd olunur. Görmə itiliyi hər iki gözdə 1,0. Pıçıltı nitqini hər iki qulaqla 6,0 metrə qədər məsafədən eşidir. Psixi vəziyyəti: bələdliyi bütün növlər üzrə saxlanılıb, düzgündür. Söhbətə həvəslə və ciddi görünüşlə başlayır. Suallara sakit və uzun-uzadı cavablar verir. Deyir ki, “mənə vergi verilib, mən elə bilirdim ki, hər şeyi bacararam, elə bilirdim ki, həkiməm, bəstəkaram, rəssamam, seyidəm, baxıcıyam, DTX-nın mayoruyam, ancaq indi başa düşürəm ki, helə deyil, mən “maxeyəm”, mən döyüşdə 150 dənə erməni öldürdüyüm üçün, prezident mənə fəxri fərman verib!”. Emosiyaları dəyişkəndir. Qavrama pozuntuları hazırda aşkar edilmir, sayıqlama fikirləri öz aktuallığını itirib. Zehni inkişaf səviyyəsi yaşına, aldığı təhsilə və keçirdiyrhəyat tərzinə uyğundur. Yaddaşı xəstəlik dövrünə qarşı hissəvi saxlanılıb. Maraq dairəsi məhdudlaşıb, tələbatları azalıb və sadələşib. Özünə, xəstəliyinə və yaranmış vəziyyətə qarşı tənqidi münasibətləri zəifləmişdir. Hal-hazırda bölmədə özünü sakit, qapalı və tənha tərzdə aparır. Palata yoldaşları ilə ünsiyyətdə seçmə olur. Göstərişləri və tapşırıqları həvəslə yerinə yetirir. Yuxusu dərmanla, yeməyi kafidir. 11. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: qanın (xx.xx.2020), sidiyin ümumi analizləri (xx.xx.2020), qanın immunoloji və bio-kimyəvi analizləri (xx.xx.2020): normaldır. Döş qəfəsi orqanlarının və kəllənin R-qr. xx.xx.2020: normaldır. EKQ. xx.xx.2020: sinus ritmi, mədəciküstü ekstrasistola. His dəstəsinin sağ ayaqcığının natamam blokadası. Abdominal USM müayinəsi xx.xx.2020: normaldır. Tiroid USM müayinəsi xx.xx.2020 ölçüləri normal, sol payda ölçüsü ~6x5mm, konturları qeyri-dəqiq, heterogen, zəif qanlanması olan düyün izlənir. Psixoloji müayinə xx.xx.2020: paranoyal xasiyyət. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhknın qərarı: Şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu. Mədəcik ekstrasistolası. Neyrosirkulyator asteniya. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 15 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt mediada dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. 62.5. Yazılı inzibati aktın mediada dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə müəyyən edir ki, iddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. Hazırki halda iddiaçının hüquqi marağı cavabdehin Hərbi-Həkim Komissiyasının onun şəhadətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, yenidən şəhadətləndirilməklə Xəstəlik haqqında şəhadətnamədə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” məzmunlu xəstəlik haqqında yeni şəhadətnamənin verilməsindən ibarətdir. Məhkəmə ilk öncə diqqətə çatdırır ki, hazırki tələb mübahisələndirmə iddia növünə aiddir. Qanunvericinin tələbinə görə, həmin növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı inzibati aktı məhkəmə qaydasında mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Məhkəmə işin faktiki və hüquqi əsaslarını birgə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı uzun müddətdir ki, xx.xx.2020-ci il tarixli qərardan məlumatlıdır və həmin qərarın qəbul edilməsindən kifayət qədər uzun müddət keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmənin xx.xx.2026-cı il tarixli məktubu ilə iddiaçıya hüquqi yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizəninin təqdim edilməsi hüququ izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar