Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(4-9)-215/2026 19.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Şirvan İnzibati Məhkəməsinin hakimi Qurbanova Pərvanə Tahir qızı İddiaçı Cavabdeh ASC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı Biləsuvar rayon Məhkəməsinin 2(022)-648/2023 saylı, 13 iyul 2023-cü il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı məxsus evin «qiymətləndirilməsinə Cavabdeh ASC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyinin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Məhkəməsinin 2(022)-648/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Biləsuvar rayon Məhkəməsinin 2(022)-642/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə təmin edilməsi, cavabdeh İddiaçı 21 dekabr 2015-ci il tarixli 2(022)-1641/2015 saylı qətnaməsi manat məzənəsi ilə kredit üzrə əsas borca görə 42975.73 ABŞ dolları, 30 manat alınıb Cavabdeh ASC-yə verilməsi, tələbin girov ilə yüklü edilmiş cavabdehə məxsus Biləsuvar rayon M.B.Qasımov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 132 kvm ümumi, 65,9 kv.m əsas, 66,1 kv.m köməkçisi sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 15A nömrəli fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönləndirilməsi, həmin evin açıq hərracda satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən Biləsuvar Məhkəməsinin icra sənədi icra olunması üçün Biləsuvar rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Biləsuvar rayon icra probasiya şöbəsinin icra məmuru Elvin Nəsirov qərara əsasən həmin icra sənədi üzrə icraata başlamışdır. Biləsuvar rayon icra və probasiya şöbəsinin icra məmuru Elvin Nəsirov Cavabdeh ASC özlərinin hərrac təşkilatının ipoteka saxlayan ipoteka predmetini əldə edilməsi üçün Hərracın yekunları barədə 35\12 saylı protokoluna əsasən Biləsuvar rayon M.B.Qasımov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 132 kv.m ümumi 65,9 kv.m əsas 66,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 15A nömrəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 22312.50 manata Qiymətləndiricinin dəvət edilməsi haqqında qərara əsasən girov ilə yüklü edilmiş və həmin manata Cavabdeh ASC-yə verilmişdir. İddiaçı məxsus evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystirində qeydiyyata alaraq çıxarış çıxartmışlar. Dövlət qeydiyyatına evin qiymətləndirilməsi üçün qiymətləndirmə Xidməti Mərkəzi MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmalıdır. Qiymətlədirmə Cavabdeh ASC-nin qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus ev bazar qiymətinə əsasən müəyyən edilməlidir. Aşağıdakılara əsasən hesab edir ki, İddiaçı məxsus Cavabdeh ASC-nin özlərinin dövlət qeydiyyatına alınmış evin sertifikatının qiymətləndirilməsinə dair cavabdeh özlərinin qiymətləndirmə rəyi əsəsında qiymətləndirmə standartlarına, qiymətləndirmə prosesinə dair normativlərə, müvafiq qanunvericilik massivinin tələblərinə, maddi və prosessual hüquq normalarının pozulması ilə tərtib olunduğundan ləğv edilməli və həmin əmlak yenidən qiymətləndirilməlidir. Belə ki, ilk növbədə qeyd edir ki, qiymətləndirmə fəaliyyətinin obyekti İddiaçı Priverdi oğluna məxsus Bank Respublika ASC tərəfindən emisiya edilmiş, 09 aprel 2018-ci il tarixindən dövlət qeydiyyatına alınmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə qarşı verilmiş “qiymətləndirmə hesabatının ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə tanış olmuşlar. Məlumat üçün qeyd edir ki, ipoteka predmeti olan fərdi yaşayış evi Cavabdeh ASC tərəfindən əldə edilmiş və buna dair çıxarış mövcuddur, o cümlədən fərdi yaşayış evinin cavabdeh tərəfindən boşaldılmasına dair Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və qətnamənin təsviri hissəsində qeyd edilən məqamlar əksini tapmışdır. Hazırkı iddianın məqsədi sadəcə olaraq fərdi yaşayış evinin boşaldılması prosesini yubatmaqdır. Bu yerdə məhkəmənin xüsusilə diqqətinə çatdırılır ki, iddia ərizəsi ümumiyyətlə aidiyyəti üzrə məhkəməyə verilməmişdir. Belə ki, iddiaçı özü də cavabdehin Səbail rayonu ərazisində yerləşdiyini qeyd etsə də, məqsədli olaraq işi uzatmaq üçün Şirvan İnzibati Məhkəməsinə təqdim etmişdir. Göstərilənlərə əsasən, ümumiyyətlə əsassız olan və formal olaraq verilmiş iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş edirlər. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Biləsuvar rayon Məhkəməsinin e-2(022)-648/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və X1 qarşı “cavabdehlərin fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddia tələbi təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-668/2024 nömrəli qətnaməsinə əsasən, Biləsuvar rayon Məhkəməsinin e-2(022)- 648/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalan cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Qətnamə dəyişdirilmədən saxlanılmışdır. Biləsuvar rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı və X1 məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin könüllü icra etmələri üçün xx.xx.2026-cı il tarixədək vaxt verilmişdir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterliaktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə iddia və etiraz ərizəsini, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə müəyyən edir ki, İddiaçı tərəfindən ödənilməmiş kredit borcuna görə Biləsuvar rayon Məhkəməsinin Qətnaməsinə əsasən, tələbin girov ilə yüklü edilmiş ona məxsus Biləsuvar rayonu M.B.Qasımov küçəsi 0,06 ha torpaq sahəsində yerləşən 132 kvm ümumi, 65,9 kv.m əsas, 66,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 5 otaqlı 15A nömrəli fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönləndirilməsi və həmin evin açıq hərracda satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi qət edilmişdir. Bundan sonra Biləsuvar rayon Məhkəməsinin e-2(022)-648/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və X1 qarşı “cavabdehlərin fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddia tələbi təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-668/2024 nömrəli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş və Qətnamə dəyişdirilmədən saxlanılmışdır. Biləsuvar rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı və X1 məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin könüllü icra etmələri üçün xx.xx.2026-cı il tarixədək vaxt verilmişdir. Həmin fərdi yaşayış evi Cavabdeh ASC tərəfindən əldə edilmiş və buna dair çıxarış tərtib edilmişdir. Hazırki halda iddiaçının hüquqi marağı Biləsuvar rayon Məhkəməsinin 2(022)- 648/2023 saylı, 13 iyul 2023-ci il tarixli icra sənədinə əsasən, tutmanın yönəldildiyi ona məxsus evin Cavabdeh ASC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyinin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırki tələb inzibati orqanın inzibati fəaliyyəti çərçivəsində yaranmadığı üçün inzibati icraatın predmeti hesab oluna bilməz. Məhkəmə müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın xüsusi mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan ümumi mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə diqqətə çatdırır ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Qanun inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Məhkəmə hazırki halda iddiaçının tələbinin əsasını təşkil edən məsələyə münasibətdə qeyd edir ki, hazırki mübahisə üzrə cavabdeh inzibati orqan deyil və mübahisə də inzibati hüquq sahəsində əmələ gələn mübahisə deyildir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki və hüquqi əsaslarına istinadən qeyd edir ki, Biləsuvar rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə icra sənədinin icrası gedişində qəbul olunmuş qərarların qanuni və qanunsuz olması da inzibati məhkəmənin yox, məhz qətnaməni qəbul edən və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aiddir. Belə olan halda, iddiaçı hazırki tələb ilə bağlı inzibati məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə və ya akt qəbul edildikdə onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, hazırkı iddianı qaldırmışdır. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, hazırki işə tərəflərin hüquqi vəziyyəti və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından iddaya inzibati deyil, mülki icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan mübahisənin həlli məqsədilə aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova