Məhkəmə qərarları › İş №2(1-8)-1084/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1084/2026

26.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularınd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1084/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: borc müqaviləsi üzrə pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 26 yanar 2026-cı il tarixli qətnaməsindən iddiaçı Iddiaçı (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Iddiaçı ilə Cavabdeh arasında borc münasibətləri yaranmışdır.

2. Cavabdeh yazdığı ##.##.2023-cü il tarixli qəbzdə qeyd etmişdir ki, o, Iddiaçı 70.000.000 (yetmiş milyard) türk lirəsi borc almış və gecikdirmədən hər ay minimum 50 manat olmaq şərtilə geri qaytaracaqdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Iddiaçı Iddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.880 manat məbləğində əsas, əsas borca əlavə 5% hesablamaqla 644 manat məbləğində faiz borcu, 5.000 manat məbləğində əldən çıxmış fayda, 5.000 manat məbləğində mənəvi zərər və ödənilmiş 162 manat dövlət rüsumu olmaqla, cəmi 23.686 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh ## ####### 2023-cü il tarixdə onun 2 illik kirayə ev tutması məqsədi ilə vermiş olduğu 12.880 manat məbləğində pulu bu günə kimi geri qaytarmamışdır. Buna görə də cavabdehlə bağlı Xəzər rayonu Polis Idarəsinin 3-cü Polis şöbəsində araşdırma aparılmış, məsələnin mülki hüquq münasibətlərindən irəli gələn mübahisə olduğu bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdeh Xəzər rayonu Polis Idarəsinin 3-cü Polis şöbəsində 12.880 manat məbləğində pulu ondan aldığını və hər ay 200 manat qaytaracağını qeyd etsə də, o, bu cür ödəmə qaydasına razı olmamışdır. Buna görə də pulun cavabdehdən alınması üçün məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, cavabdeh 12.880 manat məbləğə görə əlavə 5% hesablanmaqla 644 manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı ödəməlidir. Çünki cavabdeh pul vəsaitini gecikdirməklə özgəsinin vəsaitindən qanunsuz istifadə etmişdir. Cavabdeh müxtəlif bəhanələrlə pulu geri qaytarmamış, bunun nəticəsində o, məhkəməyə müraciət etmək, dövlət orqanlarına üz tutmaq və əlavə xərclər çəkmək məcburiyyətində qalmışdır. Iddia ərizəsinə görə ödənilmiş 101 manat dövlət rüsumu, həmçinin Azərbaycana gedib-gəlmək üçün çəkilmiş nəqliyyat və digər xərclər də cavabdehin qanunsuz hərəkətləri nəticəsində yarandığından həmin məbləğlər cavabdeh tərəfindən ödənilməlidir. O, dəfələrlə cavabdehlə əlaqə saxlamış, lakin cavabdeh verdiyi vədlərə əməl etməmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində o, əsəb, sarsıntı və mənəvi iztirab keçirmişdir. Bu səbəbdən hesab edir ki, ona 5.000 manat məbləğində mənəvi zərər dəymişdir və həmin zərər də cavabdeh tərəfindən qarşılanmalıdır.

5. Daha sonra, iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin ölkədən çıxışına qadağa qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə mübahisə başa çatanadək cavabdeh Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

6. Iddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iş qurmaq üçün Azərbaycana gəlmiş və burada yaşamaq üçün 2 illik ev tutmaq məqsədi ilə cavabdehə ##.##.2023-cü il tarixdə 320.000 lirə pul vermişdir. Lakin cavabdeh nə ev tutmuş, nə də aldığı pulu qaytarmışdır.

7. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Iddiaçıdan 70.000 türk lirəsi pul borc almış və bunu qəbzdə yazıb təsdiq etmişdir. Türkiyə Respublikasında qəzaya uğramış və müalicə xərcləri üçün iddiaçıdan borc almışdır. Iddiaçı onun borcunun üstünə faiz əlavə etmişdir. Iddiaçıya 200 manat ödəniş etmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsi (hakim Əkrəm Qəhrəmanov) ilə iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 4.270 manat borc, 300 manat mənəvi zərər olmaqla, cəmi 4.570 manat pul vəsaitinin, ödənilmiş 162 manat məbləğində dövlət rüsumunun tutulması və iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

10. Iddiaçı tərəfindən təqdim olunmuş yazışmalarda iddiaçı ilə cavabdeh arasında borcla bağlı heç bir məlumat yoxdur. Məhkəmə o zamanın 70.000.000 lirəsinin hazırda 70.000 lirə olmasını və cavabdehin bu borcu etiraf etməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh Cavabdeh 70.000 lirə (70.000 lirə × 0,0610 = 4.270 manat) məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə cavabdeh tərəfindən yazılmış qəbzdə borcun ödənilməsi üçün son tarix müəyyən edilməməsini nəzərə alaraq hesab etmişdir ki, gecikdirilmiş vaxt üçün illik beş faiz olan 644 manat tələbi əsassızdır və təmin oluna bilməz.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının əldə çıxmış fayda ilə bağlı sübut təqdim etmədiyini nəzərə alaraq hesab etmişdir ki, 5.000 manat məbləğində əldən çıxmış fayda tələbi əsassızdır və təmin olunmamalıdır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə cavabdehin borcunu ödəməsini istədiyini və tələb olunan 5.000 manat məbləğində mənəvi zərərin əsas borc olan 4.270 manata nisbətdə çox yüksək olmasını nəzərə alaraq hesab etmişdir ki, mənəvi zərərə görə 300 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7, 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan münasibət öhdəlik hüquq münasibətləri olmuşdur. Belə ki, iddiaçı iş qurmaq üçün Azərbaycana gəlmiş və burada yaşamaq üçün kirayə ev axtarmışdır. Azərbaycanda tanış olduğu cavabdeh ona kirayə ev tapa biləcəyini demiş, iddiaçı isə 2 illik kirayə ev tutmaq müqabilində cavabdehə ##.##.2023cü il tarixdə aralarında olan razılaşmaya uyğun olaraq 12.880 manat məbləğində birdəfəlik pul vermişdir. Lakin cavabdeh nə ev tutmuş, nə də aldığı pulu geri qaytarmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında şifahi müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bir tərəf iddiaçı, digər tərəfə müəyyən iş görmək müqabilində (2 illik kirayə ev tutmaq) 12.880 manat məbləğində pul vəsaiti verir, digər tərəf cavabdeh, aldığı 12.880 manat məbləğində pul müqabilində iddiaçının yaşaması üçün 2 illik kirayə ev tapmağı öz öhdəsinə götürür. Bundan sonra cavabdeh, öz öhdəliyini icra etmir (pozur) və nəticədə iddiaçı pulunu, eyni zamanda öhdəliyin pozulması nəticəsində dəymiş maddi və mənəvi zərəri cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin hallarından da göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin olmasına baxmayaraq, tərəflər arasındakı hüquq münasibətini borc münasibəti kimi qiymətləndirmiş, lakin burada da səhvə yol vermişdir. Belə ki, istər Xəzər RPI-nin 3-cü Polis Şöbəsindən gələn məktub, istər iddiaçının iddia ərizəsi və məhkəmədəki izahatları, istərsə də cavabdehin hazırlıq iclasında 12.880 manat məbləğində əsas borcu etiraf etməsi əsas borcun mövcud olmasını və borcun məhz 12.880 manat olmasını təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi borcla bağlı sübut qismində yalnız tərəflər arasında olan yazışmaya işarə edərək həmin yazışmalarda da borcla bağlı heç bir məlumatın olmadığını qeyd etmişdir. Həmçinin polis şöbəsindən gələn məktubda cavabdehin oradakı izahatı haqqında natamam məlumat verilmişdir. Belə ki, izahatda məktubda cavabdehin borcunun olması, borcunu hissə-hissə ödəyəcəyi barədə məlumat olsa da, borcun məhz hansı məbləğdə olması öz əksini tapmamışdır. Iddiaçı həmin izahatı əldə etməyə çalışsa da, buna nail olmamış, həmin izahat ona təqdim edilməmişdir. Məhkəmə isə işin tam, obyektiv və hərtərəfli araşdırılması üçün zəruri olan bu məlumatı dəqiqləşdirmək üçün Xəzər RPI-nin 3-cü Polis Şöbəsinə müvafiq sorğu verməmiş və nəticədə qətnamədə səhvə yol vermişdir. Bununla əlaqədar olaraq həmin polis şöbəsində cavabdehin yazdığı və öz imzası ilə təsdiq etdiyi izahatı çətinliklə də olsa, əldə etməyə nail olundu və həmin izahatı iş materiallarına əlavə edilir. Birinci instansiya məhkəməsi isə cavabdehin məhkəmənin hazırlıq iclasındakı etirafına və Xəzər RPI nin 3-cü Polis Şöbəsindən gələn məktuba ümumiyyətlə qiymət verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehin hər iclasda bir-digəri ilə uzlaşmayan ziddiyyətli ifadələr verməsinə də qiymət verməmişdir. Məhkəmənin cavabdehin ziddiyyətli ifadələrinə qiymət verməməsi azmış kimi, həmin ifadələrin bir fraqmentini əsas götürüb qətnaməni onunla əsaslandırmışdır. Belə ki, cavabdeh hazırlıq iclasında əsas borcun məbləğini, yəni 12.880 manat aldığını etiraf etsə də, sonradan heç bir izah vermədən ifadəsini dəyişib iddiaçıdan guya 70.000 türk lirəsı aldığını, iş materiallarında bunu təsdiq edən əlyazma olduğunu bildirmişdir. Məhkəmə də bu ifadə ilə yanaşı, həmin əlyazmaya istinad etmişdir. Lakin həmin əlyazmaya diqqət edilsə görünür ki, orada 70 min yox, 70 milyar lirədan söhbət gedir. Hər nə qədər məhkəmə imkan verməsə də, iddiaçı həmin əlyazmaya aydınlıq gətirməyə çalışaraq bildirmişdir ki, o, formal olaraq yazılmışdır, orada yazılan məbləğ həddindən artıq şişirdilib, əsl məbləğ 12.880 manatdır. Başqa sözlə, iddiaçının cavabdehin əlyazma ilə qəbul edib öz imzası ilə təsdiq etdiyi 70 milyar lirənı tələb etmək imkanı olsa da, o bunu etməmiş, vicdanlı davranmış və tam səmimi şəkildə verdiyi pul məbləği olan 12.880 manatı istəmişdir. Məhkəmə iclaslarının video yazısından görünür ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşı olduğunu, hakimin sualına cavab olaraq Azərbaycan dilini anladığını, lakin danışmaqda çətinlik çəkdiyini bildirir. Məhkəmə iclaslarının gedişatından aydın görünür ki, o, Azərbaycan dilini anlamaqda da, danışmaqda da çətinlik çəkir. Nəzərə almaq lazımdır ki, tərcüməçi yalnız xarici vətəndaş üçün deyil, eyni zamanda xarici dildən Azərbaycan dilinə tərcümə etməsi baxımından hakim və tərəflər üçün də zəruridir. Məhz tərcüməçinin olmaması səbəbindən iddiaçının bir çox hüquqları pozulmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində ümumi şəkildə əlavə xərclərinin olduğu qeyd edib, daha sonra sadə bir ərizə ilə məhkəməyə müraciət edərək həmin xərcləri tələb etsə də, xarici vətəndaş olduğuna və dil baryerinə görə əslində sadə yox, iddia tələbinin dəyişdirilməsi haqqında ərizə təqdim etməli olduğunu və bunu nə zaman etməli olduğunu bilməmişdir. Belə olan halda, ona tərcüməçi vasitəsi ilə bu hüququ izah edilməliydi, yəni əlavə xərclərin iddia tələbində və ya tələbin dəyişdirilməsi haqqında ərizədə göstərilməli olduğu, həmin ərizənin isə hazırlıq ərəfəsində məhkəməyə təqdim edilməli olduğu öz dilində izah edilməli idi. Məhkəmə Azərbaycan dilini başa düşməyən və bu dildə danışa bilməyən şəxsə tərcüməçi təmin etmədikdə, bu, həm ədalətli məhkəmə araşdırması prinsipinə, həm də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 11-ci maddəsinə ziddir. Məhkəmə iclasının video-yazısından o da görünür ki, iş-işdən keçdikdən sonra sonda qarşılıqlı anlaşılmazlıq o həddə çatır ki, məhkəmə tərcüməçi təyin edir. Bu, hakim müşavirəyə getməmişdən əvvəl, 3-cü iclasın sonunda baş verir. Tərcüməçi isə ümumiyyətlə nə türk dilinə, nə də ki türk dilindən heç nə tərcümə etmir. Hakim iddiaçının ifadələrini tam və aydın şəkildə anlamağa çalışmadan və tərcüməçi təyin etmədən iclası davam etdirib. Bunun nəticəsində əsas faktlar pulun manatla verilməsi, Bakıda verilməsi, məbləğin miqdarı yanlış dərk edilib. Belə halda, məhkəmə həqiqətin obyektiv müəyyənləşdirilməsi üçün lazım olan şəraiti yaratmayıb. Iddiaçı xarici vətəndaş olub, prosessual normaları, iddianın dəyişdirilməsi, vəsatət qaldırma və sübut təqdim etmə qaydalarını dil və hüquqi bilik çatışmazlığı səbəbindən bilmirdi. Iddiaçı öz arqumentlərini tam ifadə edə bilməyib, hakim onun fikrini yarımçıq kəsib, yanlış istiqamətləndirib, təqdim olunan sənədlərin dəyərinə diqqət yetirməyib. Qeyd edilənlərə əsasən, iddia tələbinin dəyişdirilməsi (həcminin artırılması) haqqında ərizə də apellyasiya instansiyası məhkəməsinə təqdim ediləcəkdir. Cavabdehin izahatına dair Xəzər RPI-nin 3-cü Polis Şöbəsinin məktubu, yəni qeyd edilən 12.880 manat məbləğində borcun mövcudluğunu təsdiq edən sübut təqdim edilib, lakin məhkəmə onu sübut kimi heç dəyərləndirməyib. Halbuki həmin sənəd işin əsas faktını (borcun mövcudluğunu) təsdiq edən birbaşa dəlildir. Bundan başqa, cavabdehin hazırlıq iclasındakı etirafı da məhkəmə tərəfindən dəyərləndirilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən sübutların bütün kompleksini deyil, yalnız seçilmiş bir hissəsini nəzərə alıb və sübutların bir hissəsinin niyə qəbul edildiyinə, digər hissəsinin isə rədd edildiyinə dair əsaslandırma da yoxdur.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahat verərək, apellyasiya şikayətini qismən 12.880 manat və 644 manat borc məbləği hissəsində qəbul etdiyini, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiyini, digər hissədə iddia tələbini qəbul etmədiyini bildirmiş, bununla bağlı məhkəmə kollegiyasına ərizə təqdim etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, 26 yanar 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Rəşid Səmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə 12.880 manat borc və gecikdirilmiş vaxt üçün 5% hesablamaqla 644 manat olmaqla cəmi 13.524 manat pul vəsaitinin tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının vəkilinə hüquqi yardım üçün ödənilmiş 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi müəyyənləşdirilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Cavabdeh yazdığı ##.##.2023-cü il tarixli qəbzdən görünür ki, o Iddiaçı 70.000.000 türk lirəsi borc almışdır və hər ay minimum 50 manat olmaq şərtilə geri qaytaracaqdır.

20. Iddiaçı apellyasiya baxışı zamanı iddia tələbinin həcminin artırılması, yəni cavabdehdən 12.800 manat əsas məbləğ 644 manat əlavə 5 faiz, 5.000 manat əldən çıxmış fayda, 5.000 manat mənəvi zərər, iddia ərizəsinə görə ödənilmiş 81 manat dövlət rüsumu, iddia tələbinin artırılmasına dair ödənilmiş 12 manat dövlət rüsumu, 331 manat yaşayış xərci, Azərbaycan-Türkiyə uçuşları üçün ödənilmiş 1.723 manat, istifadə olunmamış biletə görə 225 manat, market xərcinə görə 229 manat, Bakıda nəqliyyat və məhkəmə iclaslarına gediş-gəliş üçün 199 manat, eləcə də vəkilə ödənilmiş hüquqi yardıma görə 1.000 manat, cəmi 27.486 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə ərizə təqdim etsə də, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı vəziyyətdə həmin ərizə icraata qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır Iş materiallarından göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsi baxışında məhkəmə hazırlıq iclasında, eləcə də məhkəmə iclaslarında iştirak etmiş, həmçinin Azərbaycan dilini anlamasını bildirmiş, lakin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcmini artırmamışdır. Halbuki bunun üçün iddiaçının imkanı olmuşdur. Belə ki, iş materiallarında olan (i.v 26) iddiaçının birinci instansiya məhkəməsinə əlyazma formasında yazdığı və imzaladığı ərizəsinin məzmununun Azərbaycan dilində olması aşkar görünür. Iddiaçının nümayəndəsi-vəkili qeyd edilən ərizədə iddiaçının imzasının onun tərəfindən icra edilməsinə baxmayaraq məzmunun onun tərəfindən yazılmamasını bildirsə də, bu xüsusatı təsdiq edən sübutlar təqdim olunmadığı üçün məhkəmə kollegiyası bunu inandırıcı saymayaraq qəbul etməmişdir.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bundan başqa, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş çap variantında olan ##.##.2025-ci il tarixli ərizəsində Azərbaycan dilini başa düşməsini göstərmişdir.(i.v 62) Buna qədər, yəni ##.##.2025ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən keçirilən iclasda iddiaçı tərcüməçi ilə təmin edilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsinin həcminin artırılmasına dair ərizəsinin verilməsinin əsasını Azərbaycan dilini bilməməyi və tərcüməçi ilə təmin edilməməsi təşkil etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, bu və yuxarıda digər prosessual əsaslara görə iddiaçı tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması” barədə ərizə icraata qəbul edilməmişdir.

22. Bununla belə, apellyasiya baxışı zamanı sözügedən ərizə məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilməsə də, cavabdeh birinci instansiya məhkəməsindəki mövqeyindən fərqli olaraq 12.880 manat borc almasının etirafı və bununla yanaşı ərizəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 664 manat vəsaitin tərəfindən ödənilməsinə etiraz etmədiyinə dair ərizə təqdim etmişdir.

23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri baxımından cavabdehin aldığı məbləği etiraf etməsini təsdiq edən tərəflər arasında polis orqanında araşdırılmış materialları tələb etsə də, hazırkı vəziyyətdə cavabdehin iddianın 12.880 və 664 manat hissələrinə dair ərizə təqdim etməsi həmin materialların araşdırılması zərurətini aradan qaldırmışdır.

24. Cavabdehin məhkəmə iclasında iddiaçıdan 12.880 manat borc almasını qəbul etməsinə dair ərizəsi ilə əlaqədar məhkəmə kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

25. Göründüyü kimi, cavabdeh iddiaçıdan 12.880 manat borc almasını qəbul etmiş və bu etiraf üçüncü şəxslərin hüquqlarına eləcə də işin faktiki hallarına zidd olmamışdır. Belə olan halda, iddia tələbi cavabdehdən 12.880 manat pulun tutulması hissəsində əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə işin hallarını düzgün müəyyən etməyərək, iddia tələbini həmin hissədə qismən təmin etməklə yanlış nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası iddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faiz olan 644 manatın cavabdehdən tutulması hissəsində münasibətdə qeyd etmişdir ki, həmin hissədə də iddia tələbi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırda isə cavabdeh tərəfindən yazılmış qəbzdə borcun ödənilməsi üçün son tarix müəyyən edilməsə də, cavabdeh apellyasiya baxışı zamanı 12.880 manat əsas borcu qəbul etməklə yanaşı ərizəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 664 manat vəsaitin tərəfindən ödənilməsinə etiraz etmədiyini də göstərmişdir. Bununla da ki, iddia tələbi müzakirə edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir.

27. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin 5.000 manat mənəvi zərərin tutulması və iddiaçının əldə çıxmış fayda ilə bağlı sübut təqdim etmədiyini nəzərə alaraq hesab etmişdir ki, 5.000 manat məbləğində əldən çıxmış fayda tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən verdiyi hüquqi qiymət doğrudur. Belə ki, əvvəla iddiaçının əldən çıxmış fayda ilə bağlı sübut təqdim etməmiş, həmçinin də işin hallarını nəzərə alaraq mənəvi zərərə görə 300 manat cavabdehdən tutulması ağlabatan və ədalətli nəticə olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 329.2, 329.3, 442, 445.7, 739.1, 739.2, 740.1, 740.2, 742.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 372.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

29. Qətnamədən iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə uyğun olaraq pozulmuş hüquqlarının bərpası üçün çəkdiyi xərclərin, o cümlədən iş üzrə məhkəmə icraatında iştirak etməsi ilə bağlı xərclərin və məhkəmə xərclərinin cavabdehdən tutulması tələb edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin ərizəni icraata qəbul etmədiyindən iddiaçının bu tələbinə ümumiyyətlə mahiyyəti üzrə hüquqi qiymət verilməmişdir. Nəticədə, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsindən irəli gələn hüquqlarının həyata keçirilməsi imkanına məhkəmə tərəfindən faktiki olaraq maneə yaradılmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həcminin artırılması barədə ərizəni icraata qəbul etməməklə yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsini pozmamış, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tətbiqinə də əsassız olaraq imkan verməmişdir ki, bu da iş üzrə maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

31. Məhkəmə kollegiyası həmin ərizəni icraata qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı birinci instansiya məhkəməsində iddia tələbinin həcmini artırmaq imkanına malik olmuşdur. Qeyd edilməlidir ki, MPM-in 372.2-ci maddəsinin məqsədi məhz tərəfin birinci instansiya mərhələsində ondan asılı olmayan səbəblərə görə həyata keçirə bilmədiyi prosessual hüquqların apellyasiya instansiyasında bərpa edilməsinə imkan yaratmaqdır. Bu norma formal deyil, mahiyyət etibarilə tərəfin məhkəmə müdafiəsi hüququnun təmin edilməsinə xidmət edir. Iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır və birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan dilində nə yazılı, nə də şifahi formada sərbəst ünsiyyət qurmaq imkanına malik olmamışdır. Məhkəmə iclaslarında iddiaçı izahatlarını Türkiyə türkcəsində vermiş, Azərbaycan dilində danışmamışdır. Azərbaycan və Türkiyə türkcələri birbirinə yaxın olsa da, onların ifadə forması və xüsusilə hüquqi terminologiyası fərqlidir. Bu səbəbdən, məhkəmə iclası zamanı tərəflərin bir-birini tam və düzgün başa düşməsi üçün tərcüməçinin iştirakı zəruri idi. Lakin iş materiallarından və məhkəmə iclaslarının gedişindən göründüyü kimi, iddiaçı faktiki olaraq tərcüməçi ilə təmin edilməmişdir. Tərcüməçi yalnız məhkəmə baxışının son mərhələsində, məhkəmə yekun qərar qəbul etmək üçün müşavirə otağına getməzdən əvvəl formal şəkildə təyin edilmişdir. Bu mərhələdə isə iş üzrə müzakirə artıq başa çatmışdır və tərcüməçinin bu mərhələdə təyin edilməsi iddiaçının prosessual hüquqlarından istifadə etməsinə real imkan yaratmamışdır. Üstəlik, məhkəmə iclasında təyin edilmiş şəxs tərəfindən faktiki tərcümə aparılmamış, hakim tərəfindən Azərbaycan dilində deyilən sözlər iddiaçıya yenə Azərbaycan dilində çatdırılmışdır. Beləliklə, tərcüməçi formal olaraq təyin olunsa da, faktiki olaraq tərcümə funksiyası yerinə yetirilməmişdir.

32. Iddia ərizəsinin əsaslandırıcı hissəsində iddiaçı pozulmuş hüquqlarının bərpası ilə əlaqədar əlavə xərclər çəkdiyini və həmin xərclərin cavabdehdən tutulmalı olduğunu göstərmişdir. Lakin bu məsələ iddia ərizəsinin xahiş hissəsində ayrıca tələb kimi ifadə olunmamışdır. Belə olan halda, məhkəmə MPM-in 14-cümaddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsinin məzmununu aydınlaşdırmalı, iddiaçıya bu tələbin ayrıca göstərilməsinin zəruriliyini izah etməli və bu hüquqdan istifadə etməsi üçün müvafiq prosessual köməklik göstərməli idi. Iş materiallarından göründüyü kimi, iddiaçı sonradan ayrıca ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə iki hissədən ibarət olmuşdur. Bir tərəfdən iddiaçı tərəfindən çəkilmiş əlavə xərclərin göstərilməsi və onların cavabdehdən tutulması tələb edilmiş, digər tərəfdən isə cavabdehin ölkədən çıxış hüququnun məhdudlaşdırılması barədə vəsatət qaldırılmışdır. Bu hal iddiaçının faktiki olaraq əlavə xərclərin tutulması məsələsini qaldırmaq niyyətində olduğunu açıq şəkildə göstərir. Lakin həmin ərizənin prosessual baxımdan “iddia tələbinin dəqiqləşdirilməsi” və ya “iddia tələbinin artırılması” kimi ayrıca adlandırılmaması iddiaçının prosessual hüquqları və onların həyata keçirilmə qaydası barədə kifayət qədər məlumatlı olmaması ilə izah olunur. Buna baxmayaraq, məhkəmə bu ərizənin məzmununu mahiyyəti üzrə qiymətləndirməmiş və iddiaçının irəli sürdüyü bu hallara hüquqi qiymət verməmişdir. Beləliklə, həm iddia ərizəsinin məzmunundan, həm də sonradan təqdim edilmiş ərizədən açıq şəkildə görünür ki, iddiaçı əlavə xərclərin cavabdehdən tutulması məsələsini qaldırmışdır. Lakin məhkəmə bu halları aydınlaşdırmaq və iddiaçıya prosessual hüquqlarından istifadə etməsi üçün köməklik göstərmək əvəzinə formal yanaşma nümayiş etdirmişdir ki, bu da nəticə etibarilə iddiaçının həmin prosessual hüquqdan birinci instansiya mərhələsində istifadə etməsini faktiki olaraq mümkünsüz etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Azərbaycan dilini bildiyi nəticəsinə gəlmişdir. Lakin bu nəticə işin faktiki halları ilə təsdiq olunmur. Məhkəmə iclaslarının video qeydlərindən də aydın şəkildə görünür ki, iddiaçı izahatlarını Türkiyə türkcəsində vermiş və iclasın gedişində tərəflərin bir-birini başa düşməsində çətinliklər yaranmışdır. Bu isə iddiaçının Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq imkanına malik olmadığını açıq şəkildə göstərir. Şəxsin formal olaraq “Azərbaycan dilini başa düşürəm” deməsi onun məhkəmə iclasında Azərbaycan dilində sərbəst danışmaq və hüquqi məzmunlu izahatları tam anlamaq imkanına malik olması demək deyildir. Əks halda, belə nəticəyə gəlmək olardı ki, hər hansı xarici vətəndaş formal olaraq Azərbaycan dilini bildiyini ifadə etdiyi halda, hətta məhkəmə iclasında başqa dildə danışsa belə ona tərcüməçi təyin edilməməlidir. Bu isə MPM-in 11-ci maddəsinin məqsəd və məzmununa zidd olardı.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin ##.##.2025-ci il tarixli çap ərizəsinə istinad etmişdir. Lakin qeyd edilən sənəd məhkəmə araşdırması artıq başa çatdıqdan sonra, qətnamənin elan olunduğu gün təqdim edilmişdir və həmin sənəd çap formasında hazırlanmışdır. Iddiaçı həmin sənədin yalnız alt hissəsində imza etmişdir. Bu səbəbdən həmin sənəd iddiaçının Azərbaycan dilində sərbəst yazmaq və ya danışmaq qabiliyyətinə malik olduğunu göstərən sübut kimi qiymətləndirilə bilməz.

35. Iş materiallarında olan polis izahatı ilə birinci instansiya məhkəməsinə təqdim edilmiş əlyazma ərizəsi müqayisə edildikdə onların eyni şəxs tərəfindən yazılmadığı açıq şəkildə görünür. Hər bir şəxsin özünəməxsus yazı xətti və hərflərin yazılış xüsusiyyətləri olur və təqdim olunmuş bu iki sənəddə həmin xüsusiyyətlər uyğun gəlmir. Xüsusilə böyük “F” və böyük “D” hərflərinin yazılışında açıq fərqlər müşahidə olunur. Məhkəməyə təqdim olunmuş ərizədə “D” hərfi rus əlifbasında istifadə olunan böyük “Д” hərfinin yazılış formasına uyğun şəkildə yazılmışdır ki, bu yazı forması Azərbaycan dilində yazı vərdişlərinə malik şəxslər arasında geniş yayılmışdır. Lakin iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır və rus qrafikasından istifadə olunmayan mühitdə formalaşmış yazı vərdişlərinə malikdir. Bu səbəbdən həmin sənədlərin eyni şəxs tərəfindən yazıldığı barədə nəticəyə gəlmək mümkün deyildir. Göstərilən bütün hallar iddia tələbinin birinci instansiya mərhələsində artırılmamasının iddiaçının iradəsindən asılı olmayan səbəblərlə bağlı olduğunu göstərir.

36. Iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar məhkəmə xərci qismində dövlət rüsumu ödənilmişdir. Iddia tələbinin artırılması barədə ərizədə çəkilmiş xərclərlə yanaşı məhkəmə xərclərinin, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması məsələsi də qaldırılmışdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin məsələni ümumiyyətlə araşdırmamış və məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

39. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

41. Maddə 445.7 Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

42. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

43. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

44. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

45. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

46. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

54. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

57. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə qismən mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

68. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

70. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 26 yanar 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver