Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-1495/2019 30.05.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvan: Bakı şəhəri, Əmircan qəsəbəsi, Neftçi küçəsi, Döngə 2, ev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyəti göstərən vəkil) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - "xxxx" ASC-yə qarşı “elektrik sayğacının iddiaçının adına keçirilməsi və onunla müqavilə bağlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC Satış Departamentinə qarşı cavabdehin üzərinə elektrik sayğacının iddiaçının ünvanına quraşdırılmasına görə öhdəlik qoyulması tələbi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası 15.03.2019-cu il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında cavabdeh orqanın adının “"xxxx" ASC Satış Departamenti” əvəzinə “"xxxx" ASC” kimi oxunması qərara alınmışdır. 02.05.2019-cu il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının, nümayəndəsi, eyni zamanda vəkilinin “ünvan 1 ünvanda quraşdırılmış elektrik sayğacının iddiaçının adına keçirilməsi və onunla müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 30.05.2019-cu il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 15 ünvanında yerləşən 4542,17 kv.m qeyri yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Göstərilən sahəyə iddiaçı ******* saylı 17.08.2008-ci il tarixli çıxarış almışdır. Göstərilən qeyri-yaşayış sahəsi onun tərəfindən özəlləşdirilməmişdən əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüququi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə Şöbəsində 20.04.2004cü il tarixdə qeydiyyata alınmış "xxxx" ASC-yə məxus olmuş, 23.06.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüququi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə Şöbəsində "xxxx" MMC-yə məxsus olmuşdur. 17.08.2008-ci ildə isə iddiaçı ******* saylı 17.08.2008-ci il tarixdə çıxarış almışdır. Elektrik sayğacı əvvəl 20.04.2004-cü il tarixdə "xxxx" ASC-yə məxus olmuş, 23.06.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüququi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə Şöbəsində "xxxx" MMC-yə məxsus olmuşdur. 17.08.2008-ci il tarixdən idiaçı qeyri-yaşayış sahəsini özəlləşdirdikdən sonra elektrik sayğacından iddiaçı istifadə etməmişdir. Çünki "xxxx" ASC onunla müqavilə bağlamamışdır. 07.11.2018-ci il tarixdə bir tərəfdən "xxxx"ASC digər tərəfdən "xxxx" MMC öz aralarında qarşılıqlı üzləşmə apararaq Akt tərtib etmiş və elektrik enerjisindən istifadəyə görə borcun 16812 manat 58 qəpik təşkil etdiyi barədə nəticəyə gəlmişdirlər. İddiaçı "xxxx" ASC-yə müraciət edərək, onunla sayğacının quraşdırılmasına dair müqavilə bağlanmasını xahiş etmişdir. Ancaq iddiaçıya heç bir cavab verilməmişdir. İddiaçının "xxxx"ASC-yə müraciətləri cavabsız qalmışdır. İddiaçı hesab edir ki, yaranmış borclara o, cavabdeh deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən əmlak komleksi kimi müəssisə 17.08.2008-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, "xxxx"ASC Abunə haqqında müvafiq sənədinə əsasən "xxxx" ATSC-nin elektrik enerjisindən istifadəyə görə 16.844,60 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, "xxxx"ASC tərəfindən 07.11.2018-ci il tarixdə tərtib edilmiş “Elektrik enerjisindən istifadəyə görə Üzləşmə Aktı”na əsasən "xxxx" ATSC-nin elektrik enerjisindən istifadəyə görə 01.01.2018-ci il tarixə 16.844,60 manat borcu qalmışdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.18-ci bəndinə əsasən istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerji təchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin Qaydaların 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). Həmin Qaydaların 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Həmin Qaydaların 8.35-ci bəndinə əsasən Enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X2 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq cavabdeh əvvəlki istehlakçıdan borc məbləğinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ olduğu halda yeni istehlakçıdan (İddiaçı) əvvəlki istehlakçının borcuna görə yeni istehlakçı ilə müqavilə bağlamaması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, şəxsin konstitusion hüquqularını pozur. Məhkəmə göstərilən qanunvericilik normalarını hazırkı işin faktiki hallarına tədbiq edərək belə nəticəyə gəlir ki, ünvan 1 ünvanda quraşdırılmış elektrik sayğacı yeni istehlakçı İddiaçı adına keçirilməli və onunla müqavilə bağlanılmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda quraşdırılmış elektrik sayğacının İddiaçı adına keçirilməsi və onunla müqavilə bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda quraşdırılmış elektrik sayğacının İddiaçı adına keçirilməsi və onunla müqavilə bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan:Bakışəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(81)-1495/2019
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-1495/2019
30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver