Məhkəmə qərarları › İş №2-1(81)-4300/2019

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-4300/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-4300/2019 25.12.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinin nümayəndəsi, eyni zamanda vəkili X3 (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, H.Seyidzadə küçəsi 38, 224; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu, vəkil) iştirakı ilə, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinə qarşı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 09 may 2015-ci il tarixindən, 57 yaşdan əmək pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 04.12.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 25.12.2019-cu il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı ilə cavabdeh arasında pensiya hüququnun yarandığı tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının 9.1-ci maddəsinə əsasən təyin edilməsi və hal-hazıra kimi yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 57 yaşının tamam olduğu 09 may 2015-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdehə rəsmən müraciət etmişdir. Lakin cavabdeh 26 avqust 2019 -cu il tarixli **********5 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, güzəştli pensiya hüququ verən iş stajında 16.05.1995- 09.06.2003-cü illərdə kanalizasiya xətlərinin yeraltı xətlərinin təmiri üzrə təmirçi-çilingər peşəsinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının 06.08.1980-ci ildən 08.01.1985-ci il tarixədək işlədiyi “xətt qurğuları və abonent avadanlıqları üzrə elektrik montyoru”, 30.10.1986-cı ildən 26.04.1990-cı il tarixədək “tökmə sexində modelçi" və 16.05.1995-ci ildən 09.06.2003-cü il tarixədək işlədiyi “yeraltı kanalizasiya xətlərinin təmiri ilə məşğul olan təmirçi-çilingər'' peşələri yuxarıda qeyd edilən Qərardakı peşələr ilə üst-üstə düşmür. Belə ki, həmin Qərarda peşələr aşağıdakı qaydada qeyd edilmişdir: -********. XXİX. Rabitə. 23100000—19827: qurğusunlaşdırılmış kabellərin, nolietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları; - ********. XİV. Metal emalı. 2150100a—14485: əridilən modellərin modelçiləri; -********. XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 2290000a—18447: yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa islərinin çilingərləri. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bununla əlaqədar məhkəmə təcrübəsinə də müraciət edək. AR Ali məhkəməsinin X2 işi üzrə qəbul etdiyi 30.04.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxanda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki. hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər, (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir, (əlavənin 2.4-cü bəndi) Lakin, göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş 20.01.1977-ci il tarixli Əmək kitabçasına əsasən İddiaçı 01.12.1976-cı ildən 31.03.1977-ci ilədək Ağdaş rayon Kommunist tərəvəzçilik sovxozunun inşaat briqadasına dülgər; 31.03.1977-ci il tarixdən 27.10.1977-ci ilədək və 17.01.1980-ci il tarixdən 02.06.1980-ci il tarixədək “Azkəndtikinti-5” X1-58 3-cü dərəcəli dülgər; 06.08.1980-ci ildən 08.01.1985-ci ilədək “Azneft” birliyinin Radio telefon rabitəsi kontoru Sajdağ-Amirarx (Ağdaş) rabitə sahəsinin xətti qurğuların və abunə qurğuların 2-ci dərəcəli, daha sonra 3-cü dərəcəli elektromontyor; 14.01.1985-ci ildən 17.07.1985-ci ilədək Orta texniki peşə məktəbi-14 əl ilə qaynaqla elektrik qaynaqçısı ixtisası üzrə 67 №-li qrupa təhsil; 26.08.1985-ci ildən 19.05.1986-cı ilədək Bakı şəhəri Bakı cəmaşirxana fabrikində yuyucu; 29.05.1986-cı ildən 14.10.1986-cı ilədək Bakı şəhər Telefon şəbəkəsi Təsərrüfat hesablı emalatxanasının stansiya avadanlığının təmiri qrupuna 3-cü dərəcəli elektromontyor; 30.10.1986-cı ildən 26.04.1990-cı ilədək Əli-Bayramlı Mexaniki Təmir Zavodunda müxtəlif vəzifələrdə; 03.05.1990-cı ildən 01.05.1995-ci ilədək “Sənaye Tikintisi” Birliyinin 7 N-li Trestin 78 №-li Tikinti İdarəsində dülgər; 16.05.1995-ci ildən 09.06.2003-cü ilədək Qazı-Məhəmməd Kommunal Müəssisələri İdarəsinə kanalizasiya xətlərinin yeraltı xətlərin təmiri ilə məşğul olan təmirçi- çilingər; 16.06.2003-cü ildən 08.01.2008-ci ilədək Qarasu Əməliyyat Şirkətində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator; 08.01.2008-ci ildən 01.01.2009-cu ilədək həmin şirkətin Nəqliyyat şöbəsində ilməçi, 01.06.2013-cü ildən hal-hazıradək quyuların Təmirə hazırlanması Sexində quyularm təmirə hazırlanması üzrə operator vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 1977-1980-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, "xxxx" Şirkətini26.04.2019-cu il tarixli Arayışında göstərilmişdir: “İddiaçı Şamil oğlu, Karasu Əməliyyat Şirkətində Quyuların təmirə hazırlanması sexində Quyuların təmirə hazırlanması üzrə operator vəzifəsində işləyir. İddiaçı Şamil oğlunun neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir: Karasu Əməliyyat Şirkəti: Hazırlıq briqadası: Operator 16.06.2003- 08.01.2008; Nəqliyyat şöbəsi: Qurğu briqadasında Yükləmə üzrə operator 08.01.2008- 01.10.2008 Nəqliyyat şöbəsi: ilməçi: 01.10.2008-01.01.2009; Nəqliyyat sexi: İlməçi: 01.10.2008- 01.06.2013; Quyuların təmirə hazırlanması sexi: Quyuların təmirə hazırlanması üzrə operator 01.06.2013-26.04.2019 cəmi: 11 il 2 ay. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı Şamil oğlu 11 il 2 ay imtiyazlı iş stajına malikdir. 10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı ajfəhlələr: quyuların yeraltı təmiri üzrə operatorlar.” İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri İdarəsinin (Qazı-Məhəmməd Kommunal Müəssisələri İdarəsinin) 25.02.2015-ci il tarixli Arayışında göstərilmişdir: “Hazırki arayış verilir İddiaçı ondan ötəri ki, onun 16.05.1995- 09.06.2003-cü illərdə Qazı-Məmməd şəhəri Mənzil Kommunal Müəssisələri idarəsində çalışdığı kanalizasiya xətlərinin yeraltı xətlərinin təmiri üzrə təmirçi- çilingər vəzifəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsində 61-ci bənddə qeyd edilmiş, “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları” vəzifəsinə uyğundur və bu vəzifə, güzəştli şərtlərlə pensiya təyinatı hüququ verir. Qeyd edilən vəzifədə İddiaçı 08 (səkkiz) il 23 (iyirmi üç) gün güzəştli iş stajı vardır.” İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi iddiaçının müraciətinə verilən 26.08.2019-cu il tarixli imtina məktubunda göstərmişdir: “Ərizənizə və ona əlavə edilmiş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, ou müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Təqdim etdiyiniz sənədlərdə 16 05.1995-09.06.2003-cü il tarixləri arasındakı dövr ərzində X4 şirkətində işlədiyiniz kanalizasiya xətlərinin yeraltı xətlərinin təmiri üzrə təmirçi-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il taxirli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Məhkəmə qeyd edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, təhsil müddətinin və hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, əmək kitabçasında iddiaçının işlədiyi vəzifələrin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən vəzifələrin adları ilə üst-üstə düşməməsi, iddiaçının güzəştlim şərtlərlə iş stajının olmaması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti, yəni işlədiyi işin güzəştli olmasını dəqiq və birmənalı olaraq işəgötürən müəyyən edir. Qeyd olunanlar nəzərə alınaraq, məhkəmə iddiaçının əmək fəaliyyəti ilə məşğul olması (hansı vəzifədə işləməsi, əmrlərin tarixi və nömrəsi göstərilməklə) barədə məlumat təqdim edilməsinə dair "xxxx" Əməliyyat Şirkətinə və Qazı-Məmməd şəhəri Mənzil Kommunal Müəssisələri İdarəsinə müvafiq sorğu göndərmişdir. İş materiallarından görünür ki, "xxxx" Əməliyyat Şirkəti məhkəmənin sorğusuna cavab olaraq 03.12.2019-cu il tarixli məktub ilə Əmək müqaviləsinin təsdiq edilmiş surətini təqdim edilərək bildirmişdir ki, İddiaçı 16.06.2003-cü il tarixdən hal-hazıra kimi "xxxx" Əməliyyat Şirkətinin Filialında işləyir: 16.06.2003- 08.01.2008-ci - operator, 08.01.2008ci - 01.01.2009- yükləmə üzrə operator, 01.01.2009 – 01.06.2013- ilməçi, 01.06.2013- bu günədək – quyuların təmirə hazırlanması üzrə operator. İş materiallarından görünür ki, Qazı-Məmməd şəhəri Mənzil Kommunal Müəssisələri İdarəsi (Hacıqabul Rayon Kommunal Müəssisələri kombinatı) məhkəmənin sorğusuna cavab olaraq 03.12.2019-cu il tarixli məktubu ilə Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon X5 Arayışını təqdim edilərək bildirmişdir ki,idarənin 1995- 2003-cü illərə aid əmrləri Hacıqabul rayonDövlət Arxivinə təhvil verilmiş və orada saxlanılır. Müraciətimizə cavab olaraq həmin arxivin təqdim etdiyi arayışa əsasən, İddiaçı həqiqətən də 16 may 1995-ci il tarixindən (əmr №6, 16.05.1995) 09 iyun 2003-cü il tarixinə (əmr №19, 09.06.2003-cü il) qədər Qazı-Məmməd şəhəri Mənzil KommunalMüəssisələri İdarəsində kanalizasiya xətlərinin yeraltı xətlərinin təmiri üzrətəmirçi- çilingər peşəsində çalışmışdır. Həmin dövrdə qeyd edilən vəzifədə onun əmək funksiyaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinSiyahısı” mn 35-ci- Ümumi peşələr bölməsində göstərilən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa islərinin çilingəri peşəsinin əməkfunksiyaları ilə eynilik təşkil etməklə aşağıdakılardan ibarət (lakin bunlarla məhdudlaşmamaqla) olmuşdur: -yeraltı kanalizasiya xətlərində baş verən istismar qəzalarının (sızmaların, yaranmış tıxacların və s.) aradan qaldırılması ilə bağlı təmir işləri; - yeraltı kanalizasiya xətlərinin sıradan çıxmış hissələrinin istismara fasilə verilməməklə bərpası ilə bağlı təmir işləri; -yeraltı kanalizasiya xətlərində sonradan ortaya çıxmış texniki qüsurların aradan qaldırılması ilə bağlı təmir-bərpa işləri; -istismar qəzaları zamanı, onun təmiri məqsədilə, yeraltı kanalizasiyaxətləri ilə axan şirkab suların digər yeraltı xətlərə yönəldilməsi ilə bağlı bütün növ təmir işləri. İş materiallarından görünür ki, Hakimiyyəti Hacıqabul rayon X5 Arayışına əsasən Şirvan şəhər S.Zeynalov küçəsi ev 4, mənzil 29-da yaşayan İddiaçı adı Hacıqabul rayon Dövlət Arxivində fond-22-də qorunub saxlanılan Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatının 1995-2003-cü illərə aid əmr kitablarında aşağıdakı kimi qeyd olunmuşdur:1. Əmr 6, 16.05.1995-ci il tarixdən yeraltı Kanalizasiya xətlərinin təmiri üzrə çilingər işinə qəbul edilsin. 2. Əmr 19, 09.06.2003-cü il öz xahişi ilə işdən azad edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİ. Metal emalı” bölməsində “əridilən modellərin modelçiləri”, “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “dülgərlər”(2290100a—16671), “XXXİİİ. Ümumi peşələr” bölməsində “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları” (kod 23200000—18447) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “dülgərlər”, “11. Metal emalı” bölməsində “əridilən modellərin modelçiləri”, “35. Ümumi peşələr” bölməsində “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları göstərilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıqümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq (27 il 08 ay 29 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (13 il) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 03.05.2016-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.03.2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcuq qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş satajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar