Məhkəmə qərarları › İş №2-1(81)-603/2019

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-603/2019

07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-603/2019 07.08.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X6, X1 iştiraklarıilə, İddiaçı Kildyakova (Statsenko) Tatyana Borisovnanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlıq mənsubiyyətinin tanınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kildyakova (Statsenko) Tatyana Borisovna cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini qeyd etmiş və xx.xx.1952-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuşdur. 1981-ci ildən 1989-cü ilə qədər Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Doğum haqqında şəhadətnaməsi xx.xx.1952-ci il tarixdə İS 847790 №-li 1170 qeydi ilə Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmişdir. ünvan 1 ünvanına Xətai rayon XDS İK tərəfindən verilmiş 136212 №-li orderdə onun da adı qeyd olunmuşdur. Şəxsiyyət Vəsiqə alınması üçün Cavabdeh2nə müraciət etsə da, vətəndaşlıq mənsubiyyəti tanınmadığından müraciəti təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edəniddiaçının nümayəndəsi X2 ərizəsininvə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəninməzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahat verərək bildirdi ki, iddiaçı Bakı şəhərində doğulsa da hazırda Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçı 1998-ci ilə qədər Azərbaycan Respublikasında olmamışdır. Bu əsasdan Xidmət tərəfindən onun Azərbaycan Respublikası vətəndaşlığının mənsubiyyəti tanınmamışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. X8 xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuşdur (Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin xx.xx.1952-ci il tarixli İE 847790 №-li Doğum haqqında Şəhadətnaməsi). Kildyakova (Statsenko) Tatyana Borisovna hazırda Rusiya Federasiyasının vətəndaşıdır (64№6599941 Pasport). Kildyakova (Statsenko) Tatyana Borisovna Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən həmin məsələ araşdırılmış və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır (Xidmətin xx.xx.2018-ci il tarixli ******* №-li Qərarı). Həmin imtinanın səbəbi kimi, AR Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.11-ci və 4.1-ci bəndi qeyd olunmuşdur. Kildyakova (Statsenko) Tatyana Borisovnanın Azərbaycan Respublikasında yaşayış üzrə qeydiyyatının olmaması müəyyən edilmişdir (Xidmətin sistemdən çıxarışı) Hazırda iddiaçı onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır; 5-ci maddəsinin 1-ci bəndinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun. Adıçəkilən qanun xx.xx.1998-ci il tarixdə qüvvəyə minmişdir. Beləliklə, qanunvericiliyin məzmunundan görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onun xx.xx.1998-ci il tarixə qədər Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması zəruridir. AR Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın: 1.1-ci bəndinə əsasən bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir; 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır; 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qaydai lə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir; 3.13-cü bəndinə əsasən sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır; 4.1-ci bəndinə əsasən - bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; - 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; - Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; - Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda 1) doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 2) doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; - Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; - əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; - əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; - valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; - uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; - Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; - valideynlərindən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. 5.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. Yuxarıda sadalanan hallardan göründüyü kimi, iddiaçı Azərbaycan SSR-də doğulsa da, Rusifa Federasiyasının vətəndaşı olmuş və onun 1998-ci il tarixədək yəni, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə xx.xx.1998-ci il tarixə qədər qeydiyyatı olmadığından Xidmət tərəfindən onun vətəndaşlıq mənsubiyyəti tanınmamışdır. İddiaçı tərəfindən həmin halın əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Bu əsasdan məhkəmə hesab edir ki, Xidmət tərəfindən haqlı olaraq iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar