Məhkəmə qərarları › İş №2-1(81)-964/2019

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-964/2019

02.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-964/2019 02.07.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 27, mənzil 7; ixtisası: orta təhsil; iş yeri: işləmir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə (3-cü şəxs - Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyanın düzgün hesablanmaması nəticəsində pensiya almaq hüququnun yarandığı gündən (1994-cü ildən) yaranmış məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırkı iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinin xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubu nəzərə alınaraq cavabdehin adının “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi” əvəzinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi” kimi oxunması qərara alınmışdır. Daha sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1971-ci il tarixində Azərbaycan Respublikasının Masallı rayonun Ərəb kəndində anadan olmuşdur, 1989-91 ci illər ərzində Sovet Ordusu tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. Erməni silahlı birlləşmələrinin Vətən torpaqların işğalına başlayan zaman Azərbaycan Respublikasının Milli X1 tərkibində hərbi xidmət keçmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1994-cü il tarixində Fizuli rayonu ərazisində gedən döyüş əməliyyatlarında odlu güllə yarası almış, müalicədən sonra Ordudan tərxis olunmuşdur. Hazırda 2(ikinci) qrup müharibə əlilidir. Əlilliyi müddətsizdir. Əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədardır. Yaralanaraq ömürlük əlil olduğu vaxtdan ikinci qrup müharibə əlili kimi əmək pensiyası almaq hüququ yarandığı üçü pensiya təyin edilmişdir. Lakin pensiyası düzgün hesablanmamışdır. Belə ki, məhkəməyə müraciət edərək, Müddətdən artıq xidmət edən (MAXE) həqiqi hərbi qulluqçu kimi pensiyanın məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Və pensiyası yenidən hesablanmışdır. Lakin pensiya fərqi məbləği pensiya hüququ yarandığı, əlil olduğu gündən deyil, xx.xx.2015-ci ildən hesablanmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli 448-07 N-li məktubu ilə imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 37.7 -ci maddəsi 01. 07. 2017-ci il tarixdən yeni redaksiyada qüvvəyə minmişdir. Halbuki, xx.xx.2015-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş, məlumat vərəqəsinə əsasən hərbi qulluqçu kimi əlilliyə görə pensiya hesablanması xx.xx.2015-ci il tarixdən pensiya fərqi hesablanmışdır, əvvəlki illərin pensiya fərqinin ödənilməsindən isə imtina edilmişdir. Həmin dövr üçün qanunun bu maddəsi qüvvədə olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı - bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. İddiaçının ərizəsində iddia etdiyi, 1994-cü il tarixdən olan dövrlər üçün hesablanaraq birdəfəlik ödənilməsi iddiası tam yalnışdır. Belə ki, iddiaçı əmək pensiyası təyin edilməsi üçün xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət etmiş və iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına tərtib edilmiş "məlumat vərəqəsi”nə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə həmin Qanunun 32.1-1 maddəsinə uyğun olaraq yenidən hesablanmış və qanunvericilikdə nəzərdə tutulmuş son 3 ilin pensiya fərqi ödənilmişdir. İddiaçının iddia etdiyi 1994-cü il üçün qüvvədə olmuş qanunvericiliyə istinad etsək, yəni “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə əsasən vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir. Və həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi V bəndinə əsasən - “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.” Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin 073477 nömrəli Vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikası müdafiəsi zamanı yaralanıb və 2-ci qrup əlildir. İş materiallarından olan məhkəmə zamanı əslinə baxış keçirilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletdən görünür ki, İddiaçı 9997 nömrəli xx.xx.1994-cü il tarixli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1994-cü il tarixdə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İş materiallarından görünür ki, 9997 nömrəli xx.xx.1994-cü il tarixli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1994-cü il tarixdə Fizuli rayonu ərazisində gedən döyüş əməliyyatlarında odlu güllə yarası almışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına tərtib edilmiş "məlumat vərəqəsi”nə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə uyğun olaraq yenidən hesablanmış və qanunvericilikdə nəzərdə tutulmuş son 3 ilin pensiya fərqi ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2018-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinada bildirmişdir: “Bildiririk ki, xx.xx.2018-ci il tarixdə İdarəyə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmisiniz, idarə tərəfindən edilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin 03 avqust 2018-ci il tarixli 448-07 saylı məktubunda İİ qrup əlilliyə görə əmək pensiyanızın xx.xx.2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş müvafiq məlumat vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş və qanuna müvafiq olaraq xx.xx.2015-ci il tarixdən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 6391,01 manat məbləğində fərq xx.xx.2018-ci il tarixdən hissə-hissə pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür.” Göründüyü kimi, cavabdeh orqanın iddiaya dair yazılı etirazında və imtina məktubunda İddiaçı əmək pensiyası əlilliyə görə təyin edilmişdir, odur ki, məhkəmə iddiaçının əlil olmasını mübahisələndirilməyən hal kimi qiymətlədirir. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyasının xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanununun 12.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi müddətləri, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilir. ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcuq qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi vaxtdan, yəni xx.xx.2007-ci il tarixdən ödənilməli olduğu halda, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad etməklə iddiaçının əmək pensiyasının xx.xx.2015xx.xx.2018-ci il tarixləri arasındakı keçmiş müddət üçün hesablanması qanunvericiliyə ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə pensiya kimi xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi hissəsində təmin, ona 1994-cü ildən xx.xx.2007-ci il tarixədək tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi hissəsində isə rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə pensiyasının xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar