Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(82)-1652/2019 05.08.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Piriyev Vəfadar Namiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi, 8) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «dəymiş zərərin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14 fevral 1995-ci il tarixli 209 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu ərazisində Babək prospektindəki 2210-cu məhəllədə İddiaçınə akkumulyator zavodunun tikintisi üçün 4,2 ha torpaq sahəsi ayrılmışdır. Sonradan zavodun tikintisi mümkün olmadığından, həmin sahədə üzlük daşlarının istehsalı və qəbirüstü abidələr və daşların hazırlanması üçün sex inşa edilmiş və bir müddət fəaliyyət göstərmişdir. Son vaxtlar xammal alınması ilə əlaqədar problemlər yarandığından, habelə kifayət qədər sifariş olmadığından, sexin fəaliyyəti dayandırılmışdır. O (Müzəffər Fərzəliyev), İddiaçı KM-in təsisçisi və direktorudur. Ayrılmış torpaq sahəsinin bir hissəsində 2 mərtəbəli inzibati bina, gözətçi otağı, sanitar qovşağı və istehsal sexi tikilmişdir. Bundan əvvəl istehsal sexinə və ofis binasına 3 km məsafədən, yəni “Azərneftyağ” İB-nin 272-ci Yarımstansiyasının paylayıcı qurğusundan qidalanan eleüktrik xətti üçün texniki şərt olaraq 6 kV-luq kabel-hava xətti çəkilmiş və gücü 250 kV, 6/04 kV bir ədəd transformator məntəqəsi qurulmuşdur. İstehsal sahəsinə 150 metr məsafədən 0,25 mm-lik su xətti, ofis binasına telefon xətti çəkilmiş, sahədə abadlaşdırma və yaşıllaşdırma işləri görülmüşdür. 2017-ci ilin iyun ayında İddiaçı KM-in təsərrüfat obyektləri “Ağ Şəhər” tikinti layihəsi ilə əlaqədar Bakı şəhəri Xətai RİH-in müvafiq müvafiq komissiyasının bilavasitə iştirakı və nəzarəti ilə sökülmüş, hətta ofis binasında olan avadanlıqlar, inventarlar və sənədlər buldezerlə düzənlənmişdir. Sahədən daş sexinin avadanlıqları və transformator çıxarılsa da, digər əmlaklar məhv edilmişdir. İddiaçı KM-in Bakı şəhəri, Babək prospekti, 2210-cu məhəllə ünvanındakı istehsal sexinin, ofis binasının gözətçi otağının, sanitar qovşağının razılıq (icazə) olmadan sökülməsi və sahənin düzənlənməsi ilə əlaqədar müəssisəyə və dolayısı ilə onun mülkiyyətçisi kimi ona (Müzəffər Fərzəliyevə) aşağıdakı həcmdə ziyan vurulmuşdur: uzunluğu 3 km, gücü 0,6 kV elektrik ötürücü xəttinin dəyəri 200.000 manat, 150 metr məsafədən çəkilmiş su xəttinin dəyəri 10.000 manat, uzunluğu 60 metr eni 3 metr olan beton əsaslı asfalt yola çəkilmiş xərclərin məbləği 50.000 manat, ümumi sahəsi 71 kv.m olan iki mərtəbəli ofis binasının dəyəri 106.500 manat (hər kv.m üçün 1.500 manat), ümumi sahəsi 7 kv.m olan gözətçi otağının dəyəri 10.500 manat, ümumi sahəsi 9 kv.m olan sanitar qovşağın dəyəri 13.500 manat, ümumi sahəsi 420 kv.m olan qəbir daşlarının hazırlanması sexinin dəyəri 420.000 manat, açıq meydançalar və anbarların dəyəri 60.000 manat (300 kv.m x 200 manat), hündürlüyü 2 metr olan 140 metr uzunluğunda daş hasarın (hər 3 metr məsafədə 40 sm x 40 sm ölçüdə, aşağıdan 2 cərgəsi 40 sm qalınlıqda olmaqla) dəyəri 14.000 manat, ofis mebellərinin dəyəri 1.000 manat, transformatorların və dəzgahların sökülüb başqa yerə daşınmasına çəkilən xərclərin dəyəri 5.000 manat, boş sahələrin geri alınması ilə əlaqədar zərərlər 150.000 manat (3.000 kv.m x 50 manat), sahədə olan məhv olunmuş ağacların dəyəri 300 manat. Vurulmuş maddi zərərin ümumi məbləği 1.040.800 manat təşkil edir. Ona (iddiaçıya) və İddiaçı KM-ə vurulan ziyanlar bununla bitmir. Ən başlıcağı həmin təsərrüfata qarşı törədilən özbaşnalıqlar onda sarsıntı keçirilməsinə səbəb olmuşdur. Nəticədə iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh Bakı şəhəri Xətai RİH ona dəymiş zərəri 5 dəfə aşağı qiymətləndirmişdir. Həmin ərazidə digər şəxslərə məxsus tikililərin sökülməsi ilə bağlı ödənilən kompensasiyanın məbləği hər kv.m üçün 750 manatla hesablandığı halda, ona (iddiaçıya) əmlakının sökülməsi ilə bağlı məblğ hər kv.m üzrə 301 manat qiymətləndirilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə, İPM-in 2.2.7-ci maddəsinə əsaslanaraq, ona (iddiaçıya) dəymiş 1.040.800 manat məbləğində zərərin cavabdeh Bakı şəhəri Xətai RİH-dən tutularaq ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə əsl olmayan iddiaçı X1 əsl İddiaçı KM ilə əvəz etmişdir. Cavabdeh Bakı şəhəri Xətai RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 23 aprel 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri Xətai RİH iddia ilə razılaşmır. Ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində qəbul olunan Dövlət proqramları çərçivəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, abadlıq-quruculuq işlərinin surətləndirilməsinə, sosial məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaradılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar Xətai rayonu ərazisində və Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 iyun 2013-cü il tarixli 225 nömrəli sərəncamı ilə Bakı şəhəri Xətai RİH-ə həvalə olunmuşdur. Göstərilən sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyat keçirilməsi üçün Bakı şəhəri Xətai RİH başçısının 22 may 2017-ci il tarixli 157 nömrəli sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən sərəncamın icrasının təmin edilməsi istiqamətində 22 fevral 2017-ci il tarixdə 01/01 nömrəli məktubla RİH tərəfindən "xxxx" Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) MMC-yə müraciət olunmuşdur. "xxxx" Qiymətləndirmə MMCnin 53/M nömrəli 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayonu, Turşu küçəsi, üzrə yaşayış evlərinin və həyət tikililəri üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları (32ci, 56-cı, 58-ci, 59-cu, 66-cı maddələr) nəzərə alınmaqla hesablanmış baza qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı müəyyən olunmuşdur: yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1.000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv,m üçün 750 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50 – 350 manat, qeyri-yaşayış sahələrinin 1 kv.m üçün 300 manat. Yuxarıda qeyd olunan qiymətləndirməyə əsasən Babək prospekti, 2210 ünvanında yerləşən İddiaçı KM-ə məxsus ümumi sahəsi 710 kv.m olan qeyri-yaşayış sahəsi 213.000 manat dəyərində hesablanaraq, həmin müəssisənin direktoru X3 ilə razılaşma aktı imzalanmışdır. Hesablanmış kompensasiya məbləği vəsait açılacağı təqdirdə şirkət rəhbərliyinin hesabına köçürüləcəkdir. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 7-ci bəndinə görə Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlamaq və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin etmək, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil etmək Nazirliyin fəaliyyət istiqamətləri sırasına daxildir. Məhkəmənin 11 iyul 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Üçüncü şəxsin nümayəndəsi məhkəməyə iddiaya qarşı aşağıdakı məzmunda yazılı etirazını təqdim etmişdir: - İşdə olan Bakı şəhəri Xətai RİH-in 23 aprel 2019-cu il tarixli məktubundan göründüyü kimi, sözügedən ərazidə kompensasiyanın ödənilməsi məbləğləri yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1.000 manat, yaşayış evlərinin köməkçi sahələri üçün 750 manat, həyətdə olan əlavə tikililərin 1 kv.m üçün 50 – 350 manat, qeyri-yaşayış sahələrinin 1 kv.m üçün isə 300 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunan qiymətləndirməyə əsasən Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən İddiaçı KM-ə məxsus ümumi sahəsi 710 kv.m olan qeyri-yaşayış sahəsi 213.000 manat dəyərində hesablanaraq həmin müəssisənin direktoru X3 ilə razılaşdırma aktı imzalanmışdır. Göstərilənlərə əsasən məlum olur ki, iddiaçı ona təklif olunan kompensasiyanı qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Belə olan halda, sözügedən qeyri-yaşayış sahəsi üçün kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin sözügedən mənzilin alınması barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunmalıdır. Bu səbəbdən, iddiaçının məhkəmədə iddia qaldıraraq razılaşma aktında müəyyən edilmiş məbləğdən 5 dəfə artıq məbləği tələb etməsi əsassızdır. Eyni zamanda məlumat üçün bildirilir ki, Bakı ŞİH başçısının 10 iyun 2013-cü il tarixli 225 nömrəli Sərəncamının icrası ilə bağlı Xətai rayonu ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında Bakı şəhəri Xətai RİH tərəfindən 2017-ci ildə aparılmış köçürmə işlərində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər hansı bir formada iştirak etməmişdir. Bundan başqa, mövcud qanunvericiliyin tələblərinə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına alan orqan tərəfindən ödənilir. Göstərilənlərə əsasən inzibati və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaya etiraz bildirilir və məhkəmədən iddianın rədd edilməsi xahiş olunur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. MPM-in 64.1-ci maddəsinə görə işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. MPM-in 207.1-ci maddəsinə görə zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. MPM-in 207.2-ci maddəsinə əsasən mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. Bakı şəhəri, Babək prospekti, 2210-cu məhəllədə yerləşən İddiaçı KM-ə məxsus olmuş və sökülmüş qeyri-yaşayış sahəsinin təqdim edilmiş sənədlər, fotoşəkillər və s. əsasında orta bazar qiymətinin müəyyən edilməsi barədə mütəxəssis rəyinin verilməsi ilə bağlı məhkəmə tərəfindən “X11” MMC-yə müraciət olunmuşdur. “X11” MMC-nin məhkəməyə təqdim olunmuş rəyində aşağıdakılar bildirilmişdir: - məhkəmənin müraciətinə əsasən MMC-nin ekspertləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə yerləşən İddiaçı KM-ə məxsus olmuş və sökülmüş qeyri-yaşayış sahəsinin təqdim edilmiş sənədlər və fotoşəkillər əsasında (sökülməzdən əvvəlki vəziyyətinə) orta bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hesablamalarda MMC-nin mütəxəssisləri tərəfindən xüsusi olaraq əldə edilmiş operativ bazar məlumatlarından, analoji obyektlərin başagəlmə dəyəri haqqında məlumatlardan və xüsusi düsturlardan istifadə olunmuşdur. Aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qeyriyaşayış sahəsi mövcud olduğu təqdirdə 31 may 2019-cu il tarixdə onun bazar dəyəri 710.000 manat təşkil edərdi. Ümumilikdə çəkilən xərclərin təsnifatı – binaların (70%) dəyəri 497.000 manat, asfalt örtüyünün (6%) dəyəri 39.760 manat, hasarın (5%) dəyəri 34.790 manat, kommunikasiya xətlərinin (7%) dəyəri 49.700 manat, elektrik xətlərinin (8%) dəyəri 59.640 manat, abadlaşdırmanın (4%) dəyəri 29.820 manat, yekun 710.000 manat. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının və üçüncü şəxsin nümayəndələri gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.2). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (maddə 89.2). Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqları və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh edərək qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-cı maddəsinə görə mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqlarını öz mənafelərini gerçəkləşdirmək üçün irədalərinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 17.1-ci maddəsinə görə bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət etməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: - (3.11.1) müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; - (3.11.6) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 225 nömrəli 10 iyun 2013-cü il tarixli Sərəncamı ilə aşağıdakılar qərara alınmışdır: - Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xərai RİH-ə həvalə edilsin. - Xətai RİH-ə tapşırılsın ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə görə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsini təmin etsin. İşin məhkəmə icraatında məlum olur ki, hazırkı İddiaçı KM-ə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu əhəllə ünvanında yerləşən 710 kv.m ölçüdə qeyriyaşayış sahəsi cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən Bakı ŞİH başçısının 225 nömrəli 10 iyun 2013-cü il tarixli sərəncamı əsas götürülməklə sökülmüşdür (söküntü işlərinin hazırkı cavabdeh tərəfindən aparılması işin mübahisə olunmayan hallarına aiddir). Söküntüyə məruz qalmış tikililər cavabdehin sifarişi əsasında "xxxx" Qiymətləndirmə MMC tərəfindən qiymətləndirilmiş və həmin qurumun rəyi üzrə İddiaçı KM-ə 213.000 manat məbləğində kompensasiya hesablanaraq müəssisəsinin rəhbərinin adına açılmış bank hesabına köçürülmüşdür. İddiaçı hazırda həmin kompensasiya məbləği ilə razılaşır və ona söküntüyə görə 1.040.800 manat pul vəsaitinin ödənilməsini tələb edir. Məhkəmə icraatında məhkəmənin müstəqil şəkildə rəy verən qurumdan (“X11” MMC) aldığı mütəxəssis rəyində isə iddiaçıya məxsus olan söküntüyə məruz qalmış əmlaklar çəkilən bütün xərclərlə, o cümlədən abadlaşdırmaya, sahənin örtüyünə çəkilən xərclərlə birlikdə 710.000 manat dəyərində qiymətləndirilmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin istinad etdiyi qiymətləndirmədə ("xxxx" Qiymətləndirmə MMC-nin verdiyi) əmlakın dəyəri formal mülahizələrə istinadən götürülsə də, məhkəmə icraatında “X11” MMC-dən alınmış rəydə ümumi praktikada istifadə olunan “istehsal müəssisəsinin qiymətləndirilməsi üzrə yanaşma prinsipləri”nə, “əvəzetmənin amartizasiya xərcləri”nə, “qiymət bazasının seçilməsi”nə və s. əhəmiyyət daşıyan göstəricilərə istinad olunmuşdur. Belə olan halda, məhkəmə “X11” MMC-nin hazırkı məhkəmə icxraatında təqdi olunmuş rəyini daha mötəbər sübut kimi qiymətləndirir. Odur ki, iddiaçıya kompensasiyanın ödənilməsində həmin məbləğlərin əsas götürülməsi daha ədalətli qiymətləndirilir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndində görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən İddiaçı KM-ə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə mövcud olmuş və söküntüyə məruz qalmış 710 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 852.000 manat (710.000 manat + həmin məbləğin 20%-i) məbləğində kompensasiya ödənilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı KM-ə məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə yerləşən 710 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 852.000 manat məbləğində kompensasiya cavabdeh Bakı şəhəri Xətai RİH-dən İddiaçı KM-in xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı KM-ə məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə yerləşən 710 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 852.000 manat məbləğində kompensasiya cavabdeh Bakı şəhəri Xətai RİH-dən İddiaçı KM-in xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(82)-1652/2019
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(82)-1652/2019
05.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver