Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(82)-4101/2019 02.12.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı iştirakı ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi “8”) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 22 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reystrində onun adına qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 1123.60 kv.m. fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları onun adına hüquqi qeydiyyata alınmışdır. Həmçinin həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair texniki pasportun verilməsi üçün cavabdeh orqana müraciət edilmiş, lakin idarə mülkiyyət hüquqlarını təsdiq edən sənəd təqdim edilməməsi bəhanəsiylə tələbinin təminindən imtina etmişdir. Halbuki iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər cavabdeh idarəyə tədim edilmişdir. Bundan əlavə əgər hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi halda belə, cavabdeh idarə hansı sənədlərin təqdim edilməməsini belə öz imtinasında göstərməmiş, sadəcə olaraq əsassız süründürməçiliyə yol vermişdir. Halbuki iznibati orqan kimi cavabdeh idarənin yardım etmə vəzifəsi olduğu halda qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3-cü, 8.1.1-ci, 14.2ci, 35.1-ci və 68.2-ci maddələrinə istinad edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 22 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reystrində onun adına qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə 18 noyabr 2019cu tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli texniki pasportuna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yşayış evinin subyekti kimi İddiaçı adı qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. İşdən göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəs, Əhmədbəy Ağayev küçəsi, 2 saylı evin qarşısında yerləşən fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. İş materiallarından göründüyü kimi iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Yəni bu iddia növü ilə iddiaçı məhkəmədən tələb edir ki, məhkəmə inzibati orqanın üzərinə qanunvericiliklə müəyyən edilmiş vəzifənin icrası öhdəliyini üzərinə qoysun. Belə ki, öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifənin icrasından imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində üzərinə düşən öhdəlik icra edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə razılaşmır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçının inşa etdiyi fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədləri “Daşınmaz Əmlakın Dövlət Reyestiri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmiş fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə təqdim etmişdir, lakin cavabdeh idarə həmin sənədləri nəzərə almamışdır. Qeyd olunan dəlillərdən göründüyü kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının qanununa zidd hərəkətlərə yol verməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iddia məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkəsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarı ilə inzibati aktın qəbulindan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obyektiv araşdırmayaraq, əsassız olaraq iddiaçının ərizəsini təmin etməmişdir. Azərbaycan Respublikası İPM-in 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 22 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reystrində İddiaçı adına qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68-69, 75, 81 və 85-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 22 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reystrində İddiaçı adına qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2-1(82)-4101/2019
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(82)-4101/2019
02.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver