Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(84)-965/2018 11.07.2018 ŞƏKİ İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ X10 Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, iddiaçı X3, cavabdehin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 13 saylı Regional Ərazi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 13 saylı Regional Ərazi X1 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 13 saylı Regional Ərazi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 13 saylı Regional Ərazi X1 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması” barədə qərar qəbul edilməsini və bu iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 25.05.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. 08.06.2021-ci il tarixdə iddiaçı məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək mübahisələndirilən inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə işə mahiyyəti üzrə baxılarkən məhkəmə icraatının gedişində müraciət edəcəyini bildirmiş, təqdim edilmiş iddia ərizəsində Dövlət Sosial Müdafiə X11 şəxsin 13 saylı Regional Ərazi X1 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması”nı xahiş etmişdir. Məhkəmənin 15.10.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya 06.03.2018-ci il tarixdə İİ dərəcəli əlillik təyin edilmiş və həmin tarixdən İİ qrup əlilliyə görə 913.95 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən 30.09.2019-cu il tarixədək iddiaçıya cəmi, 17461.41 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənilmişdir. Daha sonra Tibbi Sosial Ekspertiza və X4 iddiaçıya təyin edilmiş əlillik 06.03.2018-ci il tarixdən etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən 22.02.2021-ci il tarixdə iddiaçıya “Tibbi Sosial- Ekspertiza və Reabilitasiya altsistemində əlilliyi etibarsız hesab edildiyi üçün pensiya ödənişinin dayandırılması barədə” bildiriş göndərilmiş, 06.03.2018-ci il tarixdən 31.10.2020-ci il tarixədək aldığı 17464.41 manat pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin 1-ci bəndinə əsasən 10 gün ərzində bərpa edilməsi xahiş edilmişdir. 11.03.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya eyni məzmunlu xəbərdarlıq məktubu göndərilərək, göstərilən vəsaitin ödənilməyəcəyi halda 17464.41 manat pul məbləğinin məcburi qaydada alınması barədə qərar qəbul edib icra olunması üçün Ağdaş rayon icra və probasiya şöbəsinə göndəriləcəyi bildirilmişdir. 09.04.2021-ci il tarixdə cavabdeh tərəfindən “iddiaçının artıq aldığı 17464.41 manat pul məbləğində əmək pensiyasının tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi, həmin qərarın məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon icra və probasiya şöbəsinə göndərilməsi barədə” qərar qəbul edilmiş və qərarın surəti 15.04.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə göndərilmişdir. Müvafiq qərarın surəti 18.05.2021-ci il tarixdə icra edilməsi üçün Ağdaş rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İddiaçı həmin qərarı mübahisələndirmiş və tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi qərarı 24.04.2021-ci il tarixdə poçt vasitəsilə almışdır. Həmin qərarda onun 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixədək aldığı pul məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin 1-ci bəndinə əsasən geri qaytarılması tələb olunsa da, ona ilkin təyin edilmiş pensiya məbləğindən əlavə heç bir məbləğ ödənilməmişdir. İstinad olunan maddəyə görə isə, cavabdeh pul tələbini icraya yönəltmək barədə qərar qəbul etmək əvəzinə, mübahisə ilə bağlı məhkəməyə müraciət etməli idi. Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi: DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə etirazında qeyd etmişdir ki, Tibbi Sosial Ekspertiza və X4 iddiaçıya 06.03.2018-ci il tarixdə təyin edilmiş İİ dərəcəli əlillik etibarsız hesab edildiyinə görə həmin tarixdən 30.09.2019-cu il tarixədək iddiaçıya ödənilmiş, 17461.41 manat pul məbləğinin geri qaytarılması barədə bildiriş və xəbərdarlıq məktubları göndərilmiş və artıq alınmış pensiya məbləği geri qaytarılmadığından qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq “İnzibati İcraat Haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında etirazla eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya təqdim edilmiş “artıq alınmış pul vəsaitinin geri qaytarılması barədə” bildiriş inzibati akt hesab olunduğundan 09.04.2021-ci il tarixdə tələbin icraya yönəldilməsi barədə qərar qəbul edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22.02.2021-ci il tarixli “Tibbi Sosial- Ekspertiza və Reabilitasiya altsistemində əlilliyin etibarsız hesab edildiyi üçün pensiya ödənişinin dayandırılması barədə” bildiriş, - 11.03.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 17464.41 manat pul məbləğinin ödənilməsi barədə xəbərdarlıq məktubu, - cavabdeh tərəfindən 09.04.2021-ci il tarixdə qəbul edilmiş iddiaçının 17464.41 manat pul məbləğində artıq aldığı əmək pensiyasının tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi barədə qərar. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar 09.04.2021-ci il tarixində qəbul edilmiş, 12.04.2021-ci il tarixdə iddiaçıya göndərilməsi ilə bağlı qeydiyyat aparılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş müvafiq qərarın müşaiət məktubuna əlavə edilmiş poçt qəbzinin surətindən mübahisələndirilən qərarın 15.04.2021-ci il tarixdə iddiaçıya göndərilməsi üçün poçta təqdim edildiyi müəyyən olunur. Həmçinin müəyyən olunur ki, mübahisələndirilən qərarın Ağdaş rayon icra və probasiya şöbəsinə göndərilməsi barədə məktubun üzərində göndərilmə tarixi 18.05.2021-ci il olaraq qeyd edilmişdir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, 15.04.2021-ci il tarixdə iddiaçıya göndərilmiş qərarı iddiaçı 18.05.2021-ci il tarixdən tez ala bilməzdi və cavabdeh inzibati orqan buna dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh inzibati orqanın 18.05.2021-ci il tarixdə mübahisələndirilən qərarı icra edilməsi üçün Ağdaş rayon icra və probasiya şöbəsinə göndərməsi də onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan da müvafiq qərarın iddiaçı tərəfindən 18.04.2021-ci il tarixdə alınması mövqeyində olmuş və qərar mübahisələndirilmədiyindən onu icraya yönəltmişdir. İddiaçı isə müvafiq qərarın mübahisələndirilməsi ilə bağlı iddia ərizəsini 18.05.2021ci il tarixdə Şəki İnzibati Məhkəməsinə göndərilməsi üçün poçta təqdim etmiş (iddia ərizəsi məhkəməyə 25.05.2021-ci ildə daxil olmuşdur), bununla da hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı ondan 17461.41 manat pul məbləğinin tutulmasını nəzərdə tutan cavabdeh inzibati orqanın qəbul etdiyi “tələbinin icraya yönəldilməsi haqqında” Q\60 09.04.2021-ci il tarixli qərarın ləğvinə nail olmaqdır. Həmçinin iddia əsaslıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X7 23 noyabr 2020-ci il tarixli, **********2 nömrəli qərarı ilə Fondun 13 saylı Regional Ərazi Filialının Əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, taqaüdlar va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Məhkəmə hazırki iddia tələbi üzrə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, iddiaçı tələbini “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin 1-ci bəndi ilə əsaslandıraraq ona təyin edilmiş pensiya məbləğindən əlavə heç bir məbləğ ödənilmədiyini və həmin maddəyə istinad olunmaqla cavabdehin pul tələbini icraya yönəltmək barədə qərar qəbul etmək əvəzinə, mübahisə ilə bağlı məhkəməyə müraciət etməli olması ilə əsaslandırsa da, məhkəmə iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin geri qaytarılmasının hüquqi mexanizmini nəzərdə tutur. Yəni, müvafiq normanın tətbiqi üçün iddiaçıya pensiya təyin edildikdən sonra ona həmin pensiyadan artıq ödənişlər edilmiş olmalıdır ki, artıq ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı hüquqi prosedur müvafiq Qanunun 39.1-ci maddəsinin təsiri altına düşsün. Hazırki işdən isə görünür ki, cavabdeh inzibati orqan həmin pul məbləğinin qanunsuz ödənilməsini bildirir. Yəni, mübahisənin yaranmasına səbəb iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsidir. Bu isə onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıdan geri qaytarılması tələb edilən pul məbləği artıq ödənilmiş yox, ona qanunsuz (əsassız) ödənilmiş vəsaitlə bağlıdır. Bununla belə mübahisləndirilən qərar cavabdeh tərəfindən “İnzibati İcraat Haqqında” Qanunun 71, 82 və digər maddələrinin tələbləri pozulması ilə qəbul edildiyindən məhkəmə o qənaətə gəlir ki, həmin qərar iddia tələbinin dəlillərindən asılı olmayaraq hər bir halda qanunsuz hesab edilməli və ləğv olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya 06.03.2018-ci il tarixdə İİ dərəcəli əlillik təyin edilmiş və həmin tarixdən İİ qrup əlilliyə görə 913.95 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən 30.09.2019-cu il tarixədək iddiaçıya cəmi, 17461.41 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənilmişdir. Tibbi Sosial Ekspertiza və X4 iddiaçıya təyin edilmiş əlillik 06.03.2018-ci il tarixdən etibarsız hesab edildiyindən, cavabdeh qanunsuz ödənilmiş 17461.41 manat pul məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya bildiriş və xəbərdarlıq göndərmiş, daha sonra isə mübahisələndirilən qərarı qəbul etmişdir. “İnzibati İcraat Haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Göründüyü kimi qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ilk növbədə “17461.41 manat pul məbləğinin geri qaytarılması haqqında” inzibati akt – qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. Verilmiş müddət ərzində iddiaçı tərəfindən pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi. İİHQ-nun 82.2-ci maddəsində qeyd olunur ki, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsi üçün zəruri şərt - ilkin inzibati aktın mövcudluğudur. Yəni, inzibati orqan əvvəlcə pul məbləğlərinin tutulması barədə inzibati akt qəbul etməli idi. Hazırki iş üzrə isə belə bir inzibati aktın mövcudluğu müəyyən edilmir. Mübahisələndirilən qərarın 2-ci səhifəsində iddiaçıya göndərilmiş 22.02.2021-ci il tarixli **********0 nömrəli bildirişin inzibati akt olması, həmin bildirişdə borcludan 10 gün ərzində pul vəsaitinin tutulmasının tələb edilməsi və verilmiş müddət ərzində ödəmə həyata keçirilmədiyindən tələbin icraya yönəldilməli olduğu qeyd edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyini düzgün hesab etmir. Belə ki, iddiaçıya təqdim edilmiş 22.02.2021-ci il tarixli **********0 nömrəli bildirişin inzibati akt kimi qiymətləndirilməsi “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə ziddir və həmin bildirişin icraya yönəldilməsi mümkün deyil. 22.02.2021-ci il tarixli **********0 nömrəli bildirişə inzibati akt kimi qiymət verilməsi üçün o, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin anlayışa görə, inzibati akt həmişə konkret şəxsə münasibətdə müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilir. 22.02.2021-ci il tarixli bildiriş isə “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir və bu mənada inzibati akt kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan bildiriş iddiaçı barəsində hüquq və vəzifə yaratmaq qabiliyyətinə (o cümlədən, məcburilik xüsusiyyətinə) malik deyil və iddiaçının hüquqi sferasına heç bir müdaxilə yaratmır. İİHQ-nun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 59.1.5-ci maddəsində yazılı inzibati akta aid tələblərdən biri kimi, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatların əks olunması qeyd edilmişdir. Cavabdehin inzibati akt hesab etdiyi bildirişdə isə hüquq müdafiə vasitələri barədə ümumiyyətlə hər hansı qeyd aparılmamış, faktiki olaraq iddiaçının şikayət vermək hüququ pozulmuşdur. Müvafiq bildiriş, inzibati akt qəbul edildikdən sonra həmin inzibati aktda qeyd olunan tələbin 10 gün müddətində icra edilməsi üçün verilə bilərdi ki, bu da 22.02.2021-ci il tarixli bildirişin - inzibati icraatın təşkili və həyata keçirilməsi üçün qəbul olunan aralıq inzibati akt xüsusiyyətinə malik olduğunu göstərir. Aralıq inzibati aktlardan isə şikayətin verilməsinin məhdud hallarla bağlı olduğu nəzərə alınarsa (İİHQ 71.3.m), həmin bildiriş inzibati akt kimi mübahisələndirilə də bilməzdi və iddiaçı üçün heç bir hüquq və vəzifə yaratmırdı. Bu isə istinad olunan bildirişin xaricə yönələn məcburilik xüsusiyyətinin olmamasını bir daha təsdiq edir. Digər tərəfdən məhkəmə izah edir ki, "İcra haqqında" Qanunun 6.1.6-cı maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədləri sayılır. “İcra Haqqında” Qanunun icra sənədinə dair tələblərdən bəhs edən 7.1.3, 7.1.5 və 7.1.6-cı maddələrində icra edilməli olan qərarın qəbul edildiyi vaxtın, məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsinin, məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxtın göstərilməsi qeyd edilmişdir. Göründüyü kimi məhz inzibati akt olaraq – qərarın icra edilmək və qüvvəyə minmək xüsusiyyətləri olduğundan, həmçinin qərarın nəticə hissəsi ünvanlandığı maraqlı şəxs barəsində hüquq və vəzifə yaratdığından inzibati orqan həmin qərarı icraya yönəldə bilərdi. Bildirişin isə icra sənədinə aid tələblərə cavab verməməsi hər bir halda onun icraya yönəldilməsini qeyri-mümkün etməklə yanaşı, icraya yönəldikdə belə “İcra Haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən geri qaytarılmasına səbəb olmalı idi. “İcra Haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Hazırda mübahisələndirilən 09.04.2021-ci il tarixli Q/60 nömrəli qərarın başlıq hissəsi “iddiaçıdan artıq aldığı əmək pensiyasının qaytarılması haqqında” qeyd olunsa da, qərarın məzmunundan və nəticə hissəsindən görünür ki, qərar faktiki olaraq tələbin icraya yönəldilməsi barədədir. İşin hallarından göründüyü kimi, 09.04.2021-ci il tarixli Q/60 nömrəli qərarı qəbul etməyə sövq edən və ondan daha əvvəl qəbul edilməklə həmin qərarın qəbulu üçün hüquqi əsas yaradan, tələbin qeyd olunduğu ilkin inzibati akt qəbul edilməmişdir. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün isə əlverişli və yetərli bir səbəb olmalıdır. İnzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Mübahisələndirilən 09.04.2021-ci il tarixli Q/60 nömrəli qərarın qəbul edilməsinə səbəb olan ilkin inzibati akt mövcud olmadığından məhkəmə, 09.04.2021-ci il tarixli Q/60 nömrəli qərarın qanunsuz əlverişsiz inzibati akt olması qənaətinə gəlir. “İnzibati İcraat Haqqında” Qanun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 13 saylı Regional Ərazi Filialının “X2 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında" Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №2-1(84)-965/2018
Şəki İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(84)-965/2018
11.07.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver