Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2155/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-179/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfin dən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinin sonuncuya 2000 manat müqabilində satılmasına dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh1 13000 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “...mübahisə predmeti olan ev özbaşına tikilidir və iddiaçının tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmamışdır. Yəni mübahisəli əmlak barədə olan müqavilə qanunla müəyyən edilmiş qaydada notarial qaydada təsdiqlənə bilməzdi. Həm iddiaçı, həm də cavabdeh evin alqısatqısına dair aralarında olan razılaşmanın əhəmiyyətsiz olduğunu bilmişdir. Lakin buna baxmayaraq iddiaçı cavabdehdən 17000 manat pulu, cavabdeh isə kənd təsərrüfatlı torpaqda inşa edilmiş özbaşına tikili olan əmlakı - evi əldə etməyə çalışmışdır. Belə olan halda İddiaçı cavabdehdən əhəmiyyətsiz əqdə görə ona çatası 13000 manat pulu deyil, əmlakı, yəni cavabdehə verilmiş 0.02 ha torpaq sahəsində inşa etdirmiş evi cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb edə bilərdi. Lakin İddiaçı tələbini yaşayış evinin alqı-satqısından irəli gələn öhdəliklərə cavabdeh tərəfindən əməl olunmaması, həmin müqavilə nəticəsində cavabdehin borclu qaldığı 13000 manatı ödəməməsi ilə əsaslandırmış, satdığı özbaşına tikilinin - evin qaytarılması barədə tələb irəli sürməmişdir. Tərəflər arasında olan əqd əhəmiyyətsiz əqd olduğundan iddiaçı gələcəkdə hazırkı mübahisəli evin cavabdehdən geri tələb etmək hüququnu özündə saxlayır.” Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən, ona məxsus olmuş torpaq sahəsi üzərində inşa edilmiş evdən cavabdehin çıxarılmasına və aralarında Abşeron rayonu 1 saylı notariat ko ntorunda bağlanmış torpaq alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 2015-ci ildə torpaq alqı-satqısı ilə məşğul olan X2 vasitəsi ilə Masazır kəndinin ərazisində 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış aldıqdan sonra 2016-cı ildə evin tikintisini başa çatdırmışdır. Sonradan, iddiaçı həmin evin 30000 manat məbləğinə satılmasını Emil Behbudova həvalə etmişdir. E. Behbudov həmin evin satışından əldə edilmiş puldan 17000 manat məbləğini ona vermişdir. Pulun qalan hissəsinin ödənilməsini tələb etdikdə isə E.Behbudov bildirmişdir ki, evi Cavabdeh1 30000 manat məbləğinə satmış, Cavabdeh1 17000 manat məbləğində pulu ödəmiş, qalan 13000 manat məbləğində pulun ödənilməsi ü çün isə Cavabdeh1 ilə torpaq sahəsinin alqı-satqısını həyata keçirmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, 13000 manat məbləğində pulun ödənilməsini tələb etsə də Cavabdeh1 ödəməkdən yayınmışdır. O da Cavabdeh1 barəsində şikayət ərizəsi ilə Abşeron RPİ-yə müraciət etmişdir. Lakin mübahisənin mülki hüquqi xarakterli olması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sonradan, o, Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş, Şirvan Apellyasiya Məhkəməsində ona bildirilmişdir ki, o, pul tələbi ilə deyil, evdən çıxarılma tələbi ilə bağlı iddia qaldırmalıdır. Bu səbəbdən o, həm evdən çıxarılma, həm də formal olaraq bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmaq məcburiyy ətində qalmışdır. Belə ki, onun
5. Cavabdeh iddiaya etirazıında bildirmişdir ki, iddiaçı iddia ərizəsində torpağın alqısatqısı barədə müqaviləni formal olaraq Cavabdeh1lə bağlamışdır. Bu isə o deməkdir ki, həmin əqd əhəmiyyətsiz əqddir, belə əqdlər üçün isə qanunda 1 illik iddia müddəti nəzərdə tutulmuşdur ki, hazırkı vəziyyətdə iddia müddəti ötürülmüşdür. Həmçinin mübahisəli ev özbaşına tikilidir, iddiaçı tərəfindən həmin əmlaka dair hüquqları təsdiq edən hər hansı sənəd təqdim olunmamışdır. Belə olduğu halda, cavabdehə qarşı törədilən məhrumetmə qanunsuzdur.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-940/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Elman Məmmədov).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia ər izəsi 2 tələbdən ibarətdir. Birinci tələb Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılması, ikinci tələb isə onunla Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı NK-da bağlanmış torpağın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsidir və iddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2,337.3 və 560.2-ci maddələrinə istinad etmişdir.
8. Məhkəmə iddia tələbinin İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, 05 fevral 2018ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması ilə bağlı hesab etmişdir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 334, 337, 339 və 354-cü maddələri təşkil edir. İşin faktiki hallar ından görünür ki, torpaqla bağlı hər iki tərəfin iradə ifadəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış,iddiaçı müqavilənin formal olaraq bağlandığını iddia etsə də,bunu təsdiq edən sübutlar müəyyən edilməmiş, müqavilənin bağlandığı 2018-ci ildən hazırkı iddia ərizəsinədək etibarsızlıqla bağlı iddianın qaldırılmaması deyilənləri bir daha təsdiq edir.Beləliklə, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız sayılmasını kəsici müddətlər ərzində mübahisələndirmədiyi üçün,bu əsasla iddia tələbi rədd edilməlidir.
9. Məhkəmə iddia tələbinin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı predmeti olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi kənd tə sərrüfat təyinatlı torpaq sahəsidir, orada tikilən ev özbaşına tikilidir, iddiaçının cavabdehə yaşayış evi kimi satdığı əmlak özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində sərəncam verilə və bu barədə olan müqavilə qanunla müəyyən edilmiş qaydada notarial qaydada təsdiqlənə bilməz. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091,1092 və 1093-cü maddələri təşkil edir.
10. Lakin, qeyd olunanlara baxmayaraq İddiaçı əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma obyekti olmuş Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş evin qaytarımasını tələbi sürmək əvəzinə, evdən Cavabdeh1 çıxarılması barədə iddia qaldırmışdır ki, bu da iddia tələbi nin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091,1092 və 1093-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəlmir və bu səbəbdən məhkəmə iddia tələbinin bu hissədə də rədd edilməsi nəticəsinə gəlir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin evdən çıxarılması və yaxud da əmlakın geri qaytarılması iddia tələbləri arasında mahiyyət etibarı ilə fərq olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi işin bu halına düzgün hüquqi qiymət verməmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-179/2 025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Almaz Süleymanova, Lalə Rəhimli).
14. Məhkəmə kollegiyası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-588/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına istinad edərək bildirmişdir ki, tərəflər arasındakı mübahisəli özbaşına tikilinin alğı-satqısı ilə bağlı razılaşmanın əhəmiyyətsiz olduğu qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur. İddiaçı cavabdehin mübahisəli özbaşına tikili olan evdən çıxarılmasını həmin məhkəmə aktlarına əsaslanaraq tələb edir.
15. Əqdin mübahisələndirilməsi üçün iddiaçı tərəfindən müddətin ötürülməsi barədə dəlilə mün asibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, fərdimüəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əş ya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər... Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə b ilər.
16. Kollegiya hesab etmişdir ki, mübahisəli özbaşına tikili evin alğı-satqısı məqsədilə İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinə dair Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqd olduğundan, iddiaçının mövcud tələbi əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə düzgün olmamışdır.
17. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən müqavilə üzrə evin alınmasına görə ödənilmiş pul və saitinin Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydada (restitusiya qaydası) qaytarılması barədə iddiaçıya qarşı tələb irəli sürülməsi istisna olunmur.
18. Kollegiya hesab etmişdir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq sübutları Mülki Prosessual Məcəllənin tələblərinə əsasən düzgün qiymətləndirməmişdir.
19. Odur ki, İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinə dair Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış 05 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh1 Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha həmin torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmalıdır.
20. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllən in 337, 351, 1091, 1092, 1093-cü, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 89.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassatorun ilkin dəlilinə görə, tərəflər arasındakı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmış, etibarsızlığı üçün hər hansı hüquqi əsas olmamışdır. Buna baxmayaraq, cavabdehin hazırkı vəziyyətdə vicdanlı olmasına düzgün hüquqi qiymət verməyən apellyasiya instansiyası məhkəməsi evin iddiaçıya qaytarılmalı olduğu qənaətinə gəlmişdir.
23. Kas sasiya şikayətində qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Emil Behbudovun 30000 manat pulu Cavabdeh1 qardaşı Ceyhun Həmzəyevdən alması barədə imzaladığı qəbzə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq sübut kimi düzgün hüquqi qiymət verməmişdir.
24. Şikayətin digər bir dəlilinə görə iddiaçı tərəfindən cavabdehin mübahisəli evdə yaşamasına dair hər hansı sübut təqdim edilməsə də, işə baxan məhkəmə kollegiyası sonuncunun həmin evdən çıxarılmalı olduğu qənaətinə gəlmişdir.
25. Kassasiya şikayətinin son dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi əsassız varlanma obyekti olmuş özbaşına tikilinin geri qaytarılması üçün Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddətini nəzərə almadan iddia tələbini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, mübahisəli torpaq və yaşayış sahəsinin cavabdehin sahibliyinə verilmə sinin hüquqi əsası olan xx.xx.2018-ci il tarixli notarial alqı-satqı müqaviləsinin etibarsızlığı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(106)-786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təsbit edilmişdir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
40. Odur ki, qeyd edilən müqavilənin etibarsızlığı ilə bağlı halların, cavabdehin bu xüsusata dair dəlillərinin, o cümlədən əqdin etibarsızlığı ilə bağlı müddətin keçməsi barədə mövqeyinin araşdırılması və onlara yenidən hüquqi qiymət verilməsi mümkün deyil. Belə olan halda cavabdehin mübahisəli əmlaka sahibliyi qanunsuz hesab edilir. Mülkiyyətçinin isə qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır.
41. Mülki Məcəllənin 157.4-cü və 157.8-ci maddələrinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki pr osesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-179/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.