Məhkəmə qərarları › İş №2(102)-3011/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3011/2019

03.05.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3011/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı vəkili Rəhimov Babək Zahid oğlu, Cavabdeh və onun vəkili Abdullayev Loğman Qüdrət oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “miras əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən C.Qədimov, iş 2(010)-2353/2018) iddia təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, həmin əmlak üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin mütəxəssisləri tərəfindən zəruri inventarlaşdırma işi aparılmasına Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, qətnamənin icrası qanunla müəyyən edilmiş qaydada və öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi və Suraxanı rayon icra və probasiya şöbəsi tərəfindən təmin edilməsiqət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli, iş № 2(103)-12562/2018) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Abdullayev Loğman Qüdrət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Rəhimov Babək Zahid oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş f aktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər mərhum nənədən miras qalmış (nənənin adına texniki pasport var) evdə yaşayırlar. İddiaçı mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmişdir. Evin miras əmlak kimi miras qoyanın adına rəsmiləşməsi və sonradan vərəsələr arasında bölünməsi üçün həmin evin Dövdət Reyestrində Qeydiyatdan keçirilməsinə zərurət yaranmışdır. Əmlakın qeydə alınması üçün Xidmətin əməkdaşları tərəfindən müvaf iq ölçmə işləri aparılmalıdır. Lakin cavabdeh belə ölçmə işlərinin aparılması üçün şərait yaratmır. Bu halı cavabdeh özü etiraf edir. Lakin, mövqeyini onunla əsaslandırır ki, belə ölçmə işlərinin aparılmasına imkan vermiş olsa belə mübahisəli mülkü ölmüş adamın adına reyestrdə qeydiyyata almaq mümkün olmayacaqdı. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli Əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alı nmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstə rilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Həmin Təlimatın 7.3-cü bəndinə əsasən bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixl i qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyə n etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver