Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3691/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdeh1 QSC nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)12745/2018 saylı qətnaməsindən Cavabdeh1 QSC nümayəndəsi, vəkili X4 və İddiaçı, vəkili xxx oğlunun kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(004)-826/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) iddiaçı X2 cavabdehlər Cavabdeh1 QSC, Cavabdeh2 və üçüncü şəxs X3 qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik öhdəliklərinə xitam verilməsi və 100.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası təmin edilməyib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)12745/2018 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi iddiaçının zamin qismində öhdəliklərinə xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilib, sonuncu i lə Bank arasında bağlanan 03 iyul 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə iddiaçının zaminliyinə xitam verilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Tərəflər qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxsə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik öhdəliklərinə xitam verilməsi və 100.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 02 iyul 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh2 120 ay müddətinə 3.000.000 ABŞ dolları kredit xətti açılıb. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 03 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin kimi birgə məsuliyyəti öz üzərinə götürüb. Zaminlik müqaviləsi bağlayarkən ona növbəti gün Bank tərəfindən Cavabdeh2 275.291,4 ABŞ dolları kredit veriləcəyi barədə məlumat verilsə də, sonradan məlum olub ki, Bank tərəfindən Cavabdeh2 48 ay müddətinə, aylıq 1.3333 faiz dərəcəsi ilə 500.000 ABŞ dolları kredit verilib. Zaminlik müqaviləsi bağlandıqdan 2 il sonra onun xəbəri və iştirakı olmadan Bankla Cavabdeh2 arasında bağlanmış 16 iyul 2015-ci il tarixli sazişə əsasən ilkin razılaşmaya və onun ödəniş planına dəyişiklik edilib. Cavabdeh2 onu aldadaraq 500.000 ABŞ dolları kredit götürüb və ödəmələri gecikdirdiyindən onun Banka 224.708,6 ABŞ dolları kredit borcu yaranıb. Cavabdehlərin ona qarşı törətdiyi hərəkətlər nəticəsində əsəb və həyəcan keçirib, həkimə müraciə t edib və xeyli dərman preparatları qəbul edib və bununla da mənəvi zərərə məruz qalıb.Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh1 QSC kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh1 QSC kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlayarkən maddi, prosessual hüquq normalarının tələblərini pozub və həmin hissədə iş üzrə düzgün olmayan qətnamə qəbul edib. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 QSC nümayəndəsi və vəkili xxxkassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, vəkili xxx, Cavabdeh2 və üçüncü şəxs xxx məhkəmə icla sının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh1 QSC nümayəndəsi və vəkilixxx izahatını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə Cavabdeh1 QSC kassasiya şikayəti qismən təmin, İddiaçı kassasiya şikayəti rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əvvəla, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 02 iyul 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən borclu Cavabdeh2 120 ay müddətinə 3.000.000 ABŞ dolları kredit xətti açılıb. Həmin kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xxx və İddiaçılə ayrı-ayrılıqda 03 iyul 2013-cü il tarixli zaminlik müqavilələri bağlanıb və onlar kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh2la birgə məsuliyyət daşıyacaqlarına dair öz üzərilərinə öhdəlik götürüblər. Bundan sonra 04 iyul 2013-cü il tarixli kredit razılaşmasına əsasən Bank tərəfindən borclu Cavabdeh2 48 ay müddətinə, aylı q 1.3333 faiz dərəcəsi ilə 500.000 ABŞ dolları kredit verilib və borclu Cavabdeh2 krediti və ona hesablanacaq faizləri ödəməyi öz öhdəsinə götürüb. 16 iyul 2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilib və aylıq faiz dərəcəsi 1,25 faiz, günlük cərimə dərəcəsi isə 0,1 faiz müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 470.1, 477.0.1-ci maddələrinin tələblərinə istinad edib müəyyən etmişdir ki, Bankla borclu Cavabdeh2 arasında bağlanan 04 iyul 2013-cü il tarixli kredit razılaşması və 16 iyul 2015-ci il tarixli saziş zamin İddiaçı tərəfindən imzalanmadığı və kredit xətti müqaviləsində faiz dərəcəsi, dəbbə pulunun həcmi göstərilmədiyi, həmçinin bankla borclu Cavabdeh2 arasında bağlanan kredit razılaşmasında faiz dərəcəsi və dəbə pulunun həcmi barədə iddiaçının razılığı alınmadığı üçün, zamin kimi iddiaçının məsuliyyəti artıb və bu səbəbdən də sonuncunun zaminliyinə xitam verilməlidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və ilk növbədə qeyd edir Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və digər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.Kredit xətti müqaviləsinin gələcəkdə qarşılıqlı öhdəlik münasibətlərinin ümumi şərtlərini müəyyən edən əqd olmasını nəzərə alaraq, tərəflər öz aralarında həmin öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kr editoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya za minlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kassasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır və zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləs ində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Eyni zamanda zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, qeyd olunan maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma sı vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar olaraq kassasiya instansiyası məhkəməsi qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Kassasiya instansiyası məhkəməsi Cavabdeh1 QSC kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, Bankla borclu Cavabd eh2 arasında bağlanan 04 iyul 2013cü il tarixli kredit razılaşması və 16 iyul 2015-ci il tarixli saziş zamin İddiaçı tərəfindən imzalanmasa da, həmçinin bankla borclu Cavabdeh2 arasında bağlanan kredit razılaşmasında faiz dərəcəsi və dəbə pulunun həcmi barədə iddiaçının razılığı alınmasa da, kredit razılaşması, eləcə də saziş 02 iyul 2013-cü il tarixli kredit xətti müqaviləsi çərçivəsində bağlanmışdır, yəni öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş 3.000.000 ABŞ dolları ümumi məbləği aşmamış, müddəti isə kredit xətti müqaviləsində nəzərdə tutulan 02 iyul 2023-cü il tarixi keçməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, iddiaçının 02 iyul 2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə Bank tərəfindən borclu Cavabdeh2 120 ay müddətinə ver iləcək bütövlükdə 3.000.000 ABŞ dolları kredit xəttinə zamin durmasını nəzərə almadan, zaminlik müqaviləsi üzrə onun zaminliyinə bütövlükdə, yəni əsas borca aid hissədə də xitam vermişdir. Halbuki, sadalanan maddələrin mənasına görə, kredit xətti müqaviləsində faiz, eləcə də hesablanacaq cərimənin dərəcəsinin göstərilməməsi, zaminlik müqaviləsi üzrə zaminin əsas borca münasibətdə də ziminliyinə xitam verilməsi nəticəsinə gəlməyə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi zaminlik müqaviləsi üzrə iddiaçının zaminliyinə xitam verməklə, əslində digər tərəfin, yəni tələbkar Bankın qanuni maraqlarını nəzərə almamışdır. Ona görə də Cavabdeh1 QSC kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- zaminlik müqaviləsi üzrə iddiaçının zaminliyinə x itam verilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi tələblərinin təmin olunmaması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı özü iddia ərizəsində zaminlik müqaviləsini könüllü şəkildə imzaladığını bildirmiş, müqavilənin etibarsız hesab edilməsinə əsas verən heç bir sübuta istinad etməmişdir. Eyni zaman da iddiaçı cavabdehlərin ona mənəvi zərər vurulmasına səbəb olacaq hansı hərəkətlərə yol verdiyini əsaslandırmamış və bununla bağlı sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddənin mənasına görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı işin faktiki halları iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməsi barədə qənaətə gəlməyə əsas vermir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmal ıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, Cavabdeh1 QSC kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən zaminlik müqaviləsi üzrə iddiaçının zaminliyinə xitam verilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh1 QSC nümayəndəsi və vəkili xxx oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)-12745/2018 saylı qətnaməsi qismən- 03 iyul 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan hissədə qətnamə dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3691/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3691/2019
27.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver