Məhkəmə qərarları › İş №2(102)-4518/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4518/2019

27.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə mülkiyyət hüquq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4518/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun və vəkili Əliyev Mehman Əlizaman oğlunun iştirakı ilə, iddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(004)5187/2018 saylı qətnaməsi ilə (hakim T.Xəlilova) iddiaçı x1nun cavabdehlər x2 və x3 qarşı evə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdehlərin evdən çıxarılması, evə mülkiyyət hüququnun tanınması və ona dəyən zərərin ödənilməsi tələbinə dair ilkin iddiası rədd edilmiş, cavabdehlər x2 və x3 x1na qarşı istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinin təmin edilməsi, x1nun ünvan 1 mənzilindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin x1nun ünvan 1 mənzili üzrə qeydiyyatının ləğvi üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)-1524/2019 saylı qətnaməsi ilə (hakimlər: E.Həsənov, X.Mərdanova və F.Babayev) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(004)-5187/2018 saylı qətnaməsi münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 2 yanvar 2019-cu il tarixli, 2(103)-1524/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi və ya iddia təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 evin sahəsi 16 kv.m olan yaşayış otağına (hazırda ümumi sahəsi 25 kv.m olan) dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, otağa onun mülkiyyət hüququnun tanınması, müvafiq çıxarışın verilməsinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi, həmin evi zəbt etmiş x2, x3 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və həmin evə görə ona dəyən 10800 manat maddi zərərin cavabdehlər tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İ ddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-ci ildə ünvan 1-un 1-ci mərtəbəsinin 16 kv.m-dən ibarət 1 otaqlı (ümumi sahəsi 25 kv.m) hissəsini, həmin evin sahibi olmuş mərhum x4 9.000 manat verib almış və bu barədə qəbz almışdır. 1983-85-ci illərdə hərbi xidmətdə olmuş və hərbi xidmətdən sonra 04.06.1985-ci ildə həmin ünvanda daimi qeydə alınmış və hal-hazırki vaxta kimidə həmin ünvanda qeydiyyatdadır. Mərhum x4 evin onun adına rəsmiləşdirilməsini tələb etdikdə o, demişdir ki, mülk onun yaşlı anası x5 adınadır və o, yeganə vərəsədir, tezliklə evi adına keçirib onun sənədini verəcək. 1985ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra ev yararsız hala düşdüyündən evi əsaslı təmir etdirmiş, hətta otağın bəzi divarlarını sökərək yenidən hörmüşdür. 1989-cu ildə istehsal müəssisəsi açmağa qərara gəlmiş və müəssisəni qeydiyyatdan keçirmək üçün ünvan tələb olunduğundan yenə də x4 onun müəssisəsinin hüquqi ünvanının ünvan 1 göstərilməsi üçün 2000 manat vermiş, bundan sonra onun təsis etdiyi x6 hüquqi ünvanı kimi həmin ünvan qeydə alınmışdır. Təxminən 1988-ci ildə x4 gəlini x3 və onun həyat yoldaşı arasında həmin otaq ilə əlaqədar mübahisə yarandığından məcbur olaraq həyat yoldaşını müvəqqəti başqa yerə aparmışdır ki, birdə mübahisə olmasın. Təxminən 199899-cu illərdə x4 onu aldadaraq otağın açarlarını ondan almış və oğlu x2 və onun həyat yoldaşı x3 ora köçürmüşdür. Həmin şəxslər onun evi boşaltmaq tələblərinə əməl etmədiklərindən bu barədə polis idarəsinə müraciət etmiş, polis idarəsində isə işin mülki qaydada həll edilməli olunduğu bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyə ed ilmişdir. 1999-cu ildə evin məhkəmə qaydasında boşaldılması üçün sənədlər toplamağa başlamış lakin həyat yoldaşının psixi durumunun pisləşməsi ilə əlaqədar bu işi başa çatdıra bilməmişdir. 2017-ci ilin aprel ayında yenidən məhkəməyə müraciət etmək üçün sənədlər toplamaq istədikdə cavabdeh x3 tərəfindən təzyiqə məruz qalmışdır. Cavabdehlər x2 və x3 x1na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x1nun ünvan 1 evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-ci ildə ünvan 1 evin sahəsi 16 kv.m olan yaşayış otağının mülkiyyətçisi x4 deyil, x4 anası x5 olmuşdur. Evin mülkiyyətçisi x5 olduğu halda x1 x4 arasında həmin otağa dair alqı-satqı müqaviləsi bağlana bilməzdi. Əgər x1 x4ya 9000 manat pul vermişdirsə nə üçün alqı-satqı notariat qaydasında təsdiq edilməmişdir. Hələ 1988-ci ildən mübahisəli evə köçərək orada yaşayırlar. 1982-ci ildən 2018-ci ilədək 36 il müddət keçdikdən sonra x1 onlara qarşı iddia qaldırmışdır. Bununla o, həm köhnə Mülki Məcəllə, həmdə yeni Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətlərini ötürmüşdür. Odur ki, hesab edirlər ki, iddia müddəti tətbiq edilməklə x1un onlara qarşı iddia tələbləri rədd edilməlidir. Bundan əlavə x1 mübahisəli evdə yaşadığını bildirsə də həmin evdə bir gün belə yaşamamışdır. Buda onun həmin evə istifadə hüquqlarının itirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən cavabdehlər ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkə mə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)-1524/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi və ya iddia təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 və vəkili Əliyev Mehman Əlizaman oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər x2 və x3 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün məhkəmə kollegiyası Azərb aycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında oların iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 19.05.2005-ci il tarixli qərarından müəyyən olunur ki, ünvan 1 evə 29.03.1969-cu il tarixli vərəsəlik hüquqları haqqında şəhadətnaməyə əsasən x5 vərəsəlik hüququ tanı nmışdır. Həmin evə 29.02.1992-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən x4 vərəsəlik hüququ tanınmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29.07.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 1-ci mərtəbəsində yerləşən 3 otaq üzərində x4 mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan 19.08.1982-ci il tarixli əlyazma qəbzdən görünür ki, x4 ünvan 1-un 1-ci mərtəbəsinin 16 kv.m-dən ibarət otağı və qarşısındakı şüşəbəndi x1na 9000 manata satmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, x413.01.2002-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, x1 1983-cü il tarixdən, habelə x2 və x3 ünvan 1 ünvanda qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilir ki, x1 ünvan 1-un 1-ci mə rtəbəsinin 16 kv.m-dən ibarət otaqlı hissəsini həmin evin sahibi olmuş mərhum x4dan 1982-ci ildə 9000 manat pul verməklə aldığını iddia etsə də, mübahisəli evin həmin dövrdə x4nın mülkiyyətində deyil, anası x5 qızının mülkiyyətində olduğu və yalnız anasının vəfatından sonra 29.02.1992-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən həmin evə x4 vərəsəlik hüququnun tanındığı müəyyən edilmişdir. Qeyd edilənlər isə x1un ilkin iddia tələblərinin dispozitiv şərtlərinin mövcudluğunu ümumiyyətlə istisna edir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87-ci maddəsinə əsasən, mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. Eləcə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsi tətbiq edilir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqularını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsində iddia müddətinin tərəflərin bilməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinin 1-ci bəndinə əsasən, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. İddiaçı iddia ərizəsində onun hüquqlarının 1982-ci ildən x4tərəfindən, 1998-99-cu illərdən isə cavabdehlər x2 və x3 tərəfindən pozulmasını bildirsə də, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə 2018-ci ildə müraciət etmişdir. Eləcə də məhkəmə kolleg iyası x2 və x3 ünvan 1 evdən istifadə hüququnun itirilməsi barədə qarşılıqlı iddiası əsaslıdır və düzgün olaraq təmin edilmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəç ilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə etmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. İş materialları ilə müəyyən edilir ki, 1999-cu ildən x1 mübahisəli evdə yaşamır və daimi yaşamaq üçün ailəsi ilə birlikdə başqa ünvana köçmüşdür. x1 başqa ünvanda daimi yaşamasını x2 və x4 onu həmin mənzilə buraxmamaları ilə izah etsə də həmin tarixdən 18 il ərzində məhkəməyə pozulmuş hüquqlarının bərpası üçün müraciət etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqınd a” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticə yə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Göründüyü kimi şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun y aranması məqsədini daşımır. Əksinə x1 artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver