Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-671/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Baki şəhər 9 saylı Notariat Kontoruna, Cavabdeh4nə, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: buraxılmış prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10849/2021 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qərardad ından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı _bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Baki şəhər 9 saylı Notariat Kontoruna, Cavabdeh4nə, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlaka dair çıxarışların ləğv edilməsi tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 sentyabr 2021-ci il tarixli, 2(094)- 287/ 2021 nömrəli qətnaməsi ilə (hakim T.Mahmudov) iddia rədd olunmuş, qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 14 dekabr 2021-ci il tarixli 2(103)-10849/2021 nömrəli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Qətnamə 22 dekabr 2021-ci il tarixdə iddiaçının iş materiallarında olan ünvanına göndərilmiş və 06 yanvar 2022-ci il tarixdə poçt xəbərnaməsinə “Həsənov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir.
5. İddiaçı (vəkili Vəkil2) tərəfindən kassasiya şikayəti və “k assasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə apelyasiya instansiya məhkəməsinə müraciət edilmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə qəbul edilən vaxtdan iddiaçıya və ya nümayəndəsi oğlu, Nümayəndə qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən həmin qətnamədən şikayət vermək hüququ pozulmuş, həmin qətnamə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada iddiaçının nümayəndəsi oğlu, Nümayəndə təqdim edilmişdir. Mülki iş materialları ilə tanış olarkən qətnamənin alınmasına dair poçt qəbzində həmin qətnamənin guya, xx.xx.2022-ci il tarixdə “HƏSƏNOV” soyadlı şəxs tərəfindən imzalanaraq alınması müəyyən edilmişdir. Lakin, iddiaçının və onun nümayəndəsi, oğlu, Nümayəndə soyadının “HƏSƏNOV” olmaması sənədlərə ə sasən açıq-aşkar müəyyən edilir. Hətta vizual olaraq poçt qəbzində olan imzanın apellyasiya şikayətdə olan imzalardan fərqləndiyi açıq-aydın görünür. Həmçinin apellyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10849/2021 saylı qətnaməsinin alınmadığını, poçt qəbzində olan imza və yazının onlara məxsus olmadığını müəyyən etmək uçun məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsinə də etiraz edilmir. Bundan başqa, iddiaçı səhhətində problemlər olduğundan həmin ərəfələrdə müalicə olunmuş, xx.xx.2022-ci il tarixdə “burun sümüklərinin sınığı, burun qanaxması, hipofizin adenoması” diaqnozu ilə X2 müraciət etmiş, xx.xx.2022-ci il tarixdə oğlu və nümayəndəsi Nümayəndə ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Türkiyə Respublikasına getmiş, həmin vaxtdan da o rada qalmış, bu səbəbdən məhkəmənin qətnaməsi ilə maraqlana bilməmişlər.
7. Apellyasiya instansiyası məhkəməsinin 5 dekabr 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
8. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı qətnamənin iddiaçının əvəzindən poçt xəbərnaməsinə “Həsənov” adlı şəxs tərəfindən adlı şəxs tərəfindən imza edilməklə alındığı 06 yanvar 2022-ci il tarixdən başlamışdır. Bununla da kassasiya şikayəti ilə müraciət edilməsinin son günü 06 mart 2022-ci il tarixə təsadüf edir. İddiaçı isə qeyd olunan qətnamədən 20 oktyabr 2023-cü il tarixdə kassasiya şikayəti ve rməklə qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət üzrsüz səbəbdən ötürmüşdür.
9. Məhkəmə, ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən qətnamə iddiaçı və iddiaçının nümayəndəsinin iştirakı ilə qəbul edilmişdir ki, belə olan halda müəyyən edilir ki, iddiaçı qətnamədən məlumatlı olmuşdur. Bununla yanaşı, qətnamənin qəbul edilməsindən 2 ildən çox müddət keçdikdən sonra iddiaçı qətnamənin ona çatdırılmamasını bildirmişdir.
10. Həmin müddət ərzində isə qətnamə ilə maraqlana bilməməsini səhhəti ilə əlaqələndirsə də, bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Mötəbər sübutlar təqdim edildiyi halda belə həmin sübutlar müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz, çünki iddiaçının X2 müraciət etməsi, eləcə də ölkə xar icinə çıxmasını göstərdiyi müddətlər arasında xeyli zaman fərqi vardır ki, iddiaçı həmin ərəfədə məhz nümayəndəsinin iştirakı ilə qəbul edilmiş qətnaməni rəsmi qaydada əldə etməyə cəhd edə bilərdi.
11. Bundan əlavə, iddiaçının nümayəndəsi, vəkili Vəkil2 kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin xx.xx.2023-cü il tarixdə rəsmi qaydada iddiaçının nümayəndəsi oğlu Nümayəndə təqdim edilməsini və hansı əsaslarla təqdim edilməsini təsdiq edən sübutlar əlavə edilməmişdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayətdə iddiaçının və onun nümayəndəsi, oğlu, Nümayəndə soyadının “Həsənov” olmaması sənədlərə əsasən açıq-aşkar müəyyən edilməsi və vizual olaraq poçt qəbzində olan imzanın apellyasiya şikayətdə olan imzalardan fərqləndiyi açıq-aydın görünməsi qeyd olunsa da, müəyyən edilmişdir ki, qətnamə iddiaçının iddia ərizəsində göstərdiyi və iş materiallarında olan məhkəmə bildirişlərində əksini tapmış ünvanına göndərilmişdir. Həmin ünvan üzrə poçt xəbərnaməsini xx.xx.2022-ci il tarixdə «Fətullazadə» deyil, “Həsənov” soyadlı şəxs tərəfindən imzalanması qətnamənin iddiaçı tərəfə çatdırılmaması kimi qiymətləndirilə bilməz.
13. Beləliklə, iddiaçı tərəfindən qətnamədən müəyyən edilmiş müddətdə şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 128.1, 133.1, 405.0.1 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını və qətnamədən verilmiş kassasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, poçt qəbzində iddiaçının ünvanının göstərilməsi, qətnamənin iddiaçıya çatdırılması kimi qiymətləndirilə bilməz. Həmin poçt qəbzində “Həsənov” soyad göstərilsə də şəxsin adı, atasının adı, ünvan sahibinə münasibəti və ya tutduğu vəzifə göstərilməmişdir. Yəni, poçt qəbzində “Həsənov” soyadı göstərilən şəxsin şəxsiyyəti ümumiyyətlə məlum deyil. Belə olan halda, poçt qəbzində yazılan “Həsənov” soyadlı şəxsin iddiaçı və ya onun ailə üzvlərinə nə kimi münasibətlərdə olması da məlum deyil. Qətnamə iddiaçı tərəfindən rəsmi verilmədiyi halda qətnamədə göstərilən dəlillərə də münasibət bildirmək mümkün deyil. Apelyasiya instansiya məhkəməsinin qətnaməsinin alınmadığını, pоçt qəbzində оlan imza və yazının оnlara məхsus оlmadığını müəyyən еtmək uçun məhkəmə хətşünaslıq екspеrtizası təyin еdilməsinə də еtiraz еtmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfi ndən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
20. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 21. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxs ən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 22. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər
24. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
25. Maddə 416.1. Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Apellyasiya instans iyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti ilə əlaqədar 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən on ların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
30. Apellyasiya məhkəməsi prosessual müddətin bərpası barədə dəlilləri araşdıraraq bu qənaətə gəlmişdir ki, həmin bərpası üçün üzrlü səbəb aşkar edilmir. Belə olan halda ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
31. Sübutları araşdırmaq və qiymətləndir mək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin ərizə üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
32. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmaqla prosessual hüquq normalarına uyğundur. Məhkəmə tərkibi həmin mövqe ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətində göstərilənlər qərardadın dəyişdirilməsi və ləğv edilməsi üçün əsas təşkil etmir.
33. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10849/2021 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.