Məhkəmə qərarları › İş №2(102)-7344/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7344/2021

06.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7344/2021 06.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1638/2021 nömrəli 30.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 16.01.2016-cı il təvəllüdlü oğlu Uğur ilə birlikdə Cavabdeh1 adına olan ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 da qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı məxsus əmlakların ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı iddiası rədd edilmiş, qarşılıqlı iddiasının isə təmin edilməsi, İddiaçı məxsus olan əmlakların ünvan 3 ünvanından çıxarılması qət edilmişdir. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1638/2021 nömrəli 30.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı (Vəkil) apellyasiyanın qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsin xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti 12.10.2012-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayəti MPM-nin yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Belə ki, MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi formada tərtib edilməmişdir. Bundan əlavə, iddiaçı şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, MPM-in 418-ci maddəsinə yalnız ümumi şəkildə istinad etməklə kifayətlənmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə də əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1638/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar