Məhkəmə qərarları › İş №2(103)-10147/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10147/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10147/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Maraqlı şəxs3 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadından iddiaçı X1 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1, X3 və Maraqlı şəxs3 üçüncü şəxs kimi cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 53 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 06 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmaqla ləğv olunmasını xahiş etmişlər. Məhkəmə işə baxarkən müəyyən etmişdir ki, Xəzər Rayon Məhkəməsinin icraatında İddiaçı2 cavabdehlər X2 və Maraqlı şəxs3 qarşı vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin, çıxarışın və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ləğvi, vərəsəliklə qarışıq tikiliyə və torpağa aid mirasın faktiki qəbul edilməsi və mirasın 26 il ərzində davamlı idarə olunması faktı üzrə ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə çıxarışların verilməsinin həvalə edilməsi tələbinə dair başqa bir iş vardır və həmin işə hal-hazırda baxılmaqdadır. Xəzər Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim R.Xəzri, iş № 2(003)-1449/21) mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə MPM-nin 254.1.4-cü maddəsini rəhbər tutaraq hesab etmişdir ki, Xəzər Rayon Məhkəməsinin icraatında olan həmin işin nəticəsi hazırkı mülki işlə birbaşa əlaqəli olduğundan və o iş həll edilməyənədək hazırkı məsələyə baxılması mümkün olmadığından həmin iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəflndən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. İddiaçı X1 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 qərardaddan narazı qalaraq şikayət vermiş və qərardadın ləğv olunmasını xahiş etmişlər. Xəzər Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı mülki işin icraatının dayandırılması üçün adı çəkilən işlər arasında nəinki bağlılıq, həm də asılılıq olmalıdır. Məhkəmə kollegiyası qeyd olunan işlər arasında hər hansı asılılıq görmür və hesab edir ki, qərardad ləğv olunmalı və hazırkı iş üzrə icraat müstəqil şəkildə davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Xəzər Rayon Məhkəməsinin mülki iş üzrə icraatın dayandırılması haqqında 16 iyun 2021-ci il tarixli qərardadı ləğv olunsun. İş mahiyyəti üzrə məhkəmə baxışının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar