Məhkəmə qərarları › İş №2(103)-1097/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1097/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1097/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, onun vəkili Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Bəyməddin oğlunun nümayəndəsi-vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri X9 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh2 və X2 qarşı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 76/2021 saylı işi üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh2 və X2 qarşı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 8368 nömrəli və 18.04.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələrinin, 02.11.2015-c il tarixli, 6001 nömrəli və 21.05.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02.11.2015-ci il tarixli, ******* nömrəli Çıxarışın və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımların sökülməsi, binanın zirzəmisinin özül hissəsinin bərkitmə işlərinin aparılmaqla əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 6, 33 saylı mənzildə yaşayır, mənzilin xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Ona məxsus mənzil 1-ci mərtəbədə, cavabdehlərin də mənzili eyni zamanda 1-ci mərtəbədə yerləşir. Cavabdehlər özbaşına, icazəsiz, binanın zirzəmisini zəbt edərək ora mülkiyyət hüququ əldə etmiş, heç bir tikinti normasına cavab verməyən artırma inşa etmişlər. Zirzəmini alt hissəsini qazımış, ordan torpaq çıxardaraq daşımış, zirzəminin alt hissəsini təxminən 3 metr hündürlükdə dərinliyə qazıyaraq özbaşına artımlar etmişlər. Həmin tikinti əsasında binanın təməlinə dərin izlər qoyaraq maddi ziyan vurur, ümumi təhlükə yaradır və binanın qəzalı şəraitə gətirmişlər. Cavabdehlər tərəfindən aparılmış qeyri qanuni tikinti əsasında bina əsir, bina sakinləri rahat evdə otura bilmir. Bununla bağlı cavabdehlərə narazılıqlar bildirsələr də heç bir narazılığa məhəl qoymurlar. Həmin zirzəminin ona satılmasını bildirirək, mülkiyyətində olmasını israrla qeyd edərək nə istəyər onu edər deyə cavab verir. Cavabdehlərə dəfələrlə bunun qarşısını alması, icazəsiz, heç bir tikinti normasına cavab verməyən özbaşına tikilinin sökməsi təklif olunsa da, buna heç bir əhəmiyyət verməyirlər. Həmçinin cavabdehlər bir müddətdir ki, binanın sakinlərin evikuasiya zamanı qoruna biləcəyi hamının ümumi istifadəsində olan yeri zəbt edərək, həmin yerə qanunsuz olaraq çıxarış əldə edərək və orda evin alt hissəsini qazıyaraq obyekt tikmək üçün özünə şərait yaradır. Evin həmin padval hissəsində cavabdehlər tərəfindən özbaşına olaraq qazıntı və tikinti işləri aparlır. O, binanın bir sakini olaraq cavabdehin apardığı qanunsuz qazıntı və tikinti işlərindən çox narahatdır. Belə ki, aparılan qazıntı işləri binanın təməl hissəsinə ziyan vuraraq, qəzalı vəziyyət yaranmasına səbəb ola bilər, çünki həmin tikiti işləri nəticəsində ev əsir evdə oturmaq olmur, ev zələzələ dövrünü indiki zamanını yaşayır. Hətta bu barədə aidiyyatı orqanlara şikayət etmişdir. Təəssüf ki, müvafiq yerli icra qurumları bu məsələyə laqeyid yanaşırlar. Həmçinin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən qeyri-yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulmasına dair qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən adına verilmiş 22.10.2015-ci il tarixli, RX seriyalı, ******* №-li, ********** qeydiyyat nömrəli (812 nömrəli reyestr kitabının 75682 nömrəli vərəqi) “Çıxarış”a əsasən Bakı şəhəri Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən 6 saylı evin 16 saylı mənzili tam mülkiyyət hüququ üzrə ona məxsusdur. ünvan 1 ünvanda yerləşən 117.0 kv.m qeyri-yaşayış sahəsindən ibarət zirzəmi həmin ünvanda yerləşən və mülkiyyət hüququ üzrə mənə məxsus 16 saylı mənzilin düz alt istiqamətində yerləşir və 2007-ci il tarixdən həmin zirzəmidə ev əşyaları, o cümlədən meyvə, giləmeyvə və tərəvəz məhsullarından hazırlanmış və konservləşdirilmiş şüşə qablarını yerləşdirməklə təyinatı üzrə istifadə etmiş, kirayə haqlarını da vaxtlıvaxtında ödəmişdir. ünvan 1 ünvanda yerləşən 58.2 kv.m-dən ibarət 1 №-li qeyri-yaşayış sahəsinin adına özəlləşdirilməsinə razılıq verilməsi barədə 2015-ci ildə Nizami rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinə, "xxxx" ASC-ə və s. səlahiyyətli orqanlara müraciət etmiş, həmin təşkilatlar özəlləşməyə razılıq verdikdən sonra Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən adına 11.12.2015-ci il tarixli, ******* №-li dövlət reyestrindən ilkin Çıxarış verilmişdir. ünvan 1 ünvanda yerləşən 1 saylı tikilidən-qeyriyaşayış sahəsindən təcrid olunamayan, ümumi sahəsi 58.8 kv.m olan 2 saylı tikilisinin də adıma özəlləşdirilməsi barədə müvafiq təşkilatlara müraciət edərək həmin sahənin adına özəlləşdirilməsinə razılıq alaraq adına özəlləşdirmişdir. ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 117.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən adına 11.06.2018-ci il tarixli, RX seriyalı, ******* №-li, ********** qeydiyyat nömrəli (162 nömrəli reyestr kitabının 15173 nömrəli vərəqi “Çıxarış” verilmişdir. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 117.0 kv.m olan qeyri-yaşayış sahəsi hazırda tam mülkiyyət hüququ üzrə ona məxsusdur. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi adına özəlləşdirilərkən Müvafiq İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri boks üzrə Azərbaycan, Avropa və Dünya çempionu olmaqla Azərbaycan Dövlətinin bayrağını yüksəklərə qaldırmasına əsaslanmışlar. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 117.0 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olmasına və həmin sahədən 2007-ci il tarixdən etibarən təyinatı üzrə istifadə etməsinə, dövlət rüsum və vergilərini vaxtlı-vaxtında ödəməsinə, qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyinin heç bir şəxsin hüquq və azadlıqlarına, dinc yaşamasına, maneçilik törətməməsinə baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh X3 dəfələrlə həmin qeyri-yaşayış sahəsindən istifadə etməyinə maneçilik törətməyə çalışmış, mülkiyyətində olan sahənin yarı hissəsini ona verməyini tələb etmiş, onun tələbini rədd etdikdə müxtəlif dövlət orqanlarına ondan şikayətlər etmiş, sözügedən qeyri-yaşayış sahəsinin guya qanunsuz özəlləşdirməyi barədə məlumatlar vermiş, orada olmadığı vaxtı, yəni 06.06.2019-cu il tarixdə usta çağırtdıraraq mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarını qismən sökdürərək özünə qapı qoydurmaq istəmiş, bu barədə məlumat alaraq Azərbaycan Respublikası DİNnin “102” xidmətinə telefon zəngi etmiş, Nizami RPİ-nin əməkdaşları hadisə yerinə gələrək onun özbaşınalıq hərəkətlərinin qarşısını almış, lakin qadın olduğunu nəzərə alaraq cinayət məsuliyyətinə cəlb etməmişlər. Məsuliyyətsizlik və cəzasızlıq hiss edən X3 oxşar qanunsuz hərəkətlərini davam etdirərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla orada təmir işləri aparan usta və fəhlələri senzuradan keçməyən ləyaqətsiz söyüşlərlə təhqir etmiş, işlərin dayandırılmasını tələb etmiş, səs-küy salaraq təmirin dayandırılmasına səbəb olmuş, bununla da kifayətlənməyərək 13.04.2019-cu il tarixdə 28 saylı MİKS-ə, 21.04.2019-cu ildə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə, 22.04.2019-cu ildə Əmlak Komitəsinə, 01.05.2019-cu ildə Əmlak Komitəsinə və Nizami rayon İcra Hakimiyyətinə, 15.06.2019-cu il də Fövqəladə Hallar Nazirliyinə telefon zəngləri edərək binanın altını guya 3 metr dərinliyində qazdıraraq binanın qəzalı vəziyyətə düşməsinə və binanın titrəməsinə şərait yaratmağı barədə yalan məlumatlar verərək nümayəndələrinin hadisə yerinə gəlmələrini tələb etmiş, onlar hadisə yerinə gələrək qeyriyaşayış sahəsinə baxış keçirmiş, heç bir qanunsuzluğa yol verilmədiyi, əslində isə binanın zirzəmisində heç bir qazıntı işləri aparılmadığı, əvvəlki qaydada təmir edilməyə başlanıldığı aşkar edilərək onu qınamaqla getmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 3 evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış 02.11.2015-ci il tarixli, 6001 nömrəli və 21.05.2018- ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02.11.2015-ci il tarixli, ******* nömrəli Çıxarış və 11 iyun 2018ci il tarixli, Seriya RX ******* saylı Çıxarış etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımların sökülməsi, binanın zirzəmisi əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, həmçinin, qarşılıqlı iddianın da təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi onun tərəfindən özəlləşdirilməsi, yaşayış binasının zirzəmisi olsa belə nəinki şikayətçi İddiaçı hətta binanın digər sakinlərinin mənafeyinə toxunmur. İddiaçı bu qeyri-yaşayış sahəsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur. Subyektiv hüquq, subyekt tərəfindən müəyyən bir hüquqi əlaqənin yaranması ilə yanaşı hüquqi fakt əsasında əldə edilir. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması uçün qanunvericilikdə norma olmalıdır. Bu qeyri-yaşayış sahəsi Azərbaycan Respubliksının Dövlət əmlakı olmuşdur. O, bu qeyri-yaşayış sahəsini özəlləşdirənə kimi ondan başqa heç kimin istifadəsində (özəlləşdirilənə kimi bu qeyri-yaşayış sahəsi ona icarəyə verilmişdir) olmamışdır. Bu Dövlət Əmlakı barədə sərəncam vermək hüququ Dövlətin qismində AR Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olmuş və bu əmlak (qeyri-yaşayış sahəsi) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilk olaraq ona icarəyə verilmişdir, sonrada onun tərəfindən özəlləşdirilmişdir. Qanunvericiliyə görə şəxs yalnız pozulmuş hüquqları ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu vəziyyətdə İddiaçı heç bir hüququ pozulmamışdır. Qətnamədən, həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmamışdır. Qətnamədən, həmçinin, İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı və onun nümayəndəsi-vəkili onlar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini, digər tərəflərin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və onun nümayəndəsivəkili onlar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini, ilkin iddia üzrə iddiaçının verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini, ilkin iddia üzrə iddiaçının verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh X4 məhkəmə iclasında iştirak etməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin müəyyən olunmuş hallarına əsasən, ünvan 3 ünvanda yerləşən 58.2 kv.m. qeyri yaşayış sahəsi İcarəyə verilmiş əmlakın alqı-satqısı barədə 02 noyabr 2015-ci il tarixli, 6001 nömrəli müqavilə ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh2 satmışdır. Bundan sonra həmin qeyri yaşayış sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydə alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. Bundan başqa İcarəyə verilmiş əmlakın alqı-satqısı barədə 21 may 2018-ci il tarixli, 6932 nömrəli müqavilə ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 3 ünvanda yerləşən 58.2 kv.m. qeyri yaşayış sahəsini Cavabdeh2 satmışdır. Həmin qeyri yaşayış sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 adına xüsusi mülkiyyət kimi 11 iyun 2018-ci il tarixdə qeydiyyata alınmışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 07.02.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyriyaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. İşin yuxarıda şərh olunan hallarından görünür ki, mübahisəsi gedən zirzəmi əmlakın sərəncamvericisi qismində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh2 icarəyə verilmiş, sonradan isə ona satılmışdır. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçılar (o cümlədən müstəqil tələb irəli sürən üçüncü şəxs) isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edirlər. Nəzərə alınmalıdır ki, mübahisəli zirzəmiyə dair iddiaçıların etibarsızlığını tələb etdikləri, inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış icarə və alqı-satqı müqavilələri, həmçinin həmin alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışlar dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan əmlakın icarəyə və mülkiyyətə verilməsi ilə bağlı bağlanan müqavilələrin, habelə onların hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi “ünvan 3 evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 8368 nömrəli və 18.04.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələri, 02.11.2015-ci il tarixli, 6001 nömrəli və 21.05.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02.11.2015-ci il tarixli, ******* nömrəli Çıxarış və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi” tələblərinin təmin edilməsi ilə bağlı hissədə ləğv edilməli, həmin tələblər üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən ilkin iddia üzrə iddiaçıya izah edir ki, o, müvafiq qərardadda ona izah olunan hüquqdan istifadə edərsə və əgər səlahiyyətli orqan (məhkəmə) tərəfindən ünvan 3 evin zirzəmisinə dair Cavabdeh2 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış icarə və alqı-satqı müqavilələri etibarsız hesab olunarsa, bu halda həmin iddia tələblərini yeni əsaslarla irəli sürə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-76/2021 saylı işi üzrə 25 may 2021-ci il tarixli qətnaməsi “ünvan 3 evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 8368 nömrəli və 18.04.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələri, 02.11.2015-ci il tarixli, 6001 nömrəli və 21.05.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02.11.2015-ci il tarixli, ******* nömrəli Çıxarış və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi” tələblərinin təmin edilməsi ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə icraata xitam verilsin. İlkin iddia üzrə iddiaçıya izah olunsun ki, o, müvafiq qərardadda ona izah olunan hüquqdan istifadə edərsə və əgər səlahiyyətli orqan (məhkəmə) tərəfindən ünvan 3 evin zirzəmisinə dair Cavabdeh2 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış icarə və alqı-satqı müqavilələri etibarsız hesab olunarsa, bu halda həmin iddia tələblərini yeni əsaslarla irəli sürə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver