Məhkəmə qərarları › İş №2(103)-11850/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11850/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11850/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı müqavilələrin etibarsız hesab edilməsinə və sair tələblərə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7834/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icaat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ələsgərova (Əskərova) Yazgül Mizalı qızına və X1 qarşı “Xaşmaz şəhəri, N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilin özəlləşdirməsinin, alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi, İddiaçı2 və İddiaçı3 mənzilə istifadə hüquqlarının olmasını nəzərə almaqla, həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsi, həmçinin, mənzilin saxta sənədlər əsasında özəlləşdirilməsi və bundan irəli gələrək digər cinayət xarakterli əməllərin törədilməsi səbəbindən həmin əməlləri törətmiş vətəndaşlar və müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Xətai Rayon Məhkəməsinin 2(011)-7834/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmış, həmin qərardaddan iddiaçıların nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayət 10 noyabr 2021-ci il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 39 və 152.1.3-cü maddələrinə istinad etmiş və öz qərardadını belə əsaslandırmışdır ki, mübahisənin predmeti olan daşınmaz əmlak Xaçmaz şəhərində yerləşdiyindən hazırki iddiaya Xaçmaz Rayon Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi özünün 01 oktyabr 2021-ci il tarixli qərardadında gəldiyi nəticəni tətbiq edilməli olan hüquq normaları ilə düzgün və əlaqəli şəkildə əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur; lazımi qaydada əsaslandırılmamış məhkəmə qərarı isə hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə qərarlarının əsaslandırılması xüsusi prosessual tələb kimi həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit olunur və Avropa Məhkəməsinin presedent hüququnu təşkil edir. Ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi ilə bağlı olan bu prinsip məhkəmə qərarlarında onların əsaslandığı dəlillərin kifayətedici tərzdə göstərilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçıların iddia ərizəsinin ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığı əsası ilə geri qaytarılması qanuni hesab edilə bilməz və bu səbəblə də birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı ləğv edilməlidir. Bununla belə kollegiya qeyd edir ki, iddiaçıların iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə olunmamışdır. Belə ki, özəlləşdirmənin keçirilməsi əsasları və qaydaları, onların satılmasının rəsmiləşdirilməsi publik hüquq münasibətlərinə aid olmaqla "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməyə; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilir. İş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçılar ilk növbədə həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmənin) qanunsuz olduğunu iddia edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(005)-1942/2014 saylı iş üzrə 01 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver