Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1190/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(005)-1610/2015 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020ci il tarixli qərardadından iş üzrə iddiaçı (tələbkar) Cavabdeh verdiyi şikayətə, iş üzrə cavabdehin (borclunun) vəkili (nümayəndəsi) X1 və iddiaçı (tələbkarın) özünün iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Cavabdeh “qiyabi qətnamənin ləğv edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini, iş üzrə icraatın təzələnməsini və işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi işin baxılmasında cavabdehin iştirakını qanunda nəzərdə tutulmuş lazımi qaydada təmin etməmiş, iş üzrə qiyabi qətnamə qəbul etmiş və bununla da ədalət mühakiməsinin mühüm prinsiplərinidən biri olan “çəkişmə prinsipini” pozmuşdur. “Qiyabi qətnamənin ləğv edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. Borclu həmin qərardaddan şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və barəsində verilmiş qərardadı dəyişdirmədən saxlayaraq şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qərardaddan verilmiş şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv olunmalı, borclunun “qiyabi qətnamənin ləğv edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsindən (İş № 2(005)-1610/2015) görünür ki, həmin qiyabi qətnaməyə əsasən cavabdeh (borclu) Cavabdeh 8.800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul tutularaq iddiaçı (tələbkar) İddiaçı verilməsi qət edilmişdir. Həmin qiyabi qətnamə qanuni qüvvəyə minmiş və onun əsasında xx.xx.2015-ci il tarixdə verilmiş icra sənədi icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. “Qiyabi qətnamənin ləğv edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, qiyabi qətnamə xx.xx.2015-ci il tarixdən icraya göndərilmiş, həmin tarixdən indiyə kimi borclunun qətnamənin mövcudluğundan məlumatlı olmaması inandırıcı deyil. Qərardaddan verilmiş şikayətdə borclu qeyd edir ki, qiyabi qətnamə ona verilməmişdir. O, qətnamənin təqdim olunması barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət etdikdən sonra qətnaməni əldə etmişdir. Məhkəmə qeyd edir ki, qiyabi qətnamənin cavabdehə təqdim edilməsi barədə məhkəmə sənədi iş materiallarında mövcud deyil. Tələbkarın borclunun dəlilinə olan etirazı isə ondan ibarətdir ki, borclunun dedikləri həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2015-ci il tarixli (İş № 8(005)-996/2015) Nərimanov Rayon Məhkəməsinin qərardadı ilə borclunun avtomobilinin üzərinə həbs qoyulmuş, həmin avtomobil tələbkara 5.000 manata təklif olunmuş və tərəfindən qəbul edilmişdir. Bundan başqa, qalan 3.830 manat isə hər ay borclunun əmək haqqından tutulur. Lakin iş materiallarından və barəsində verilmiş qərardaddan görünür ki, “qiyabi qətnamənin ləğv edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə tərəflərin bildirdikləri həmin dəlilləri araşdırmamışdır. Halbuki, bu halların araşdırılması müzakirə olunan məsələnin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Borclu Cavabdeh şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və “qiyabi qətnamənin ləğv edilməsi barədə” borclu Cavabdeh ərizəsinə yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1190/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1190/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver