Məhkəmə qərarları › İş №2(103)-167/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-167/2024

16.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Əmlak tələbi - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə sair mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-167/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinə qarşı mülki iş üzrə (Açar sözlər: iddia üzrə cavabdeh qismində cəlb edilməli olan şəxslərin cəlb edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X31 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X11 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payına düşən hissənin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-95/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Hədiyyə verən” X12 (adından Cavabdeh2) ilə “hədiyyə alan”- X24 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 1 ünvanında yerləşən 120 saylı mənzili hədiyyə alana bağışlamışdır.

2. Masallı Rayon Məhkəməsinin 2(050)-247/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X5 xx xxxxx 1993-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş İddiaçı və 03 oktyabr 2000-ci il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulmuş X9 atasının X12 olması faktı müəyyən edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1620/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(050)-247/2022 saylı qətnaməsi ləğv edilmiş və ərizəçilər X9 və İddiaçı maraqlı şəxs Masallı rayon Qeydiyyat şöbəsinə qarşı atalıq faktının müəyyən olunması tələbinə dair iş üzrə icraata xitam verilmişdir.

4. X2 və X9 Masallı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə atalığın etiraf edilmısi faktının müəyyən olunmasına dair ərizəsi Masallı Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2 (050)-487/2023 saylı qətnaməsi ilə təmin edilmiş, 18 sentyabr 2021-ci il tarixdə ölmüş X6 xx xxxxx 1993-cü il təvəllüdlü İddiaçı və 3 oktyabr 2000-ci il təvəllüdlü X9 atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payına düşən hissənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 X3ndan aldığı xx.xx.2021-ci il tarixli etibarnamənin atasının xx.xx.2021-ci il tarixində vəfat etməsi ilə bağlı xitam edilmiş hesab olunması, həmin etibarnamə əsasında atasına məxsus ünvan 1, mənzil 120 ilə bağlı Cavabdeh2 ilə X24 arasında xx.xx.2021-ci ildə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X15 adına DƏDRX-dən verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, vərəsələr arasında, yəni onun və bacısı arasında bölünməsi və paylarına düşən hissəsinin onlara verilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 129, mənzil 120 X3nun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X3 anası X16 ilə faktiki nikaha girib yaşamışlar. Faktiki nikahlarından xx.xx.1993-cü ildə o və xx.xx.2000-ci ildə bacısı X18 anadan olmuşdur. Atalıq müəyyən olunmuşdur. Bir müddət keçdikdən sonra atası ilə anasının aralarındakı münasibətlər pozulmuş və ayrılmışlar. Atası Kəmalə adlı qadınla nikaha girib ailə qurmuşdur. Birgə nikahdan uşaqları olmamışdır. O və bacısı tez-tez atasıyla görüşmüş, lakin hər dəfə onun həyat yoldaşı Cavabdeh2 dava salmış, atasıyla görüşlərinə mane olmuşdur. Atası xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Atası ağır vəziyyətdə xəstə olarkən, yəni xx.xx.2021-ci il tarixində həyat yoldaşı Cavabdeh2 onun öləcəyini bildiyi üçün ondan etibarnamə almışdır. Qeyd edir ki, atası xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Cavabdeh2 atası ağır xəstə olan zaman, yəni xx.xx.2021-ci il tarixində aldığı etibarnaməni atası xx.xx.2021-ci il tarixində vəfat etdikdən sonra Bakı 2 saylı “ASAN xidmət” mərkəzinin notariusuna təqdim etmiş, cavabdeh notariusu aldatmış, fiziki şəxsin ölümü ilə xitam verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə ilə mirası tam ələ keçirtmək məqsədilə miras qoyanın, yəni atasının xüsusi mülkiyyəti olan ünvan 1, mənzil 120-ni 2 saylı Bakı “ASAN xidmət” mərkəzində xx.xx.2021ci il tarixində bacısı X19 bağışlamışdır. DƏDRX-dən verilmiş xx.xx.2022-ci il tarixli **********149 nömrəli məktubla da, həqiqətən, cavabdehin 2 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu H.Y.Vəliyev tərəfindən təsdiqlənmiş 4Ə-1759 reyestr nömrəli xx.xx.2021- ci il tarixli bağışlanma müqaviləsinə əsasən X3na məxsus Bakı şəhəri, Suraxanı rayonu-AB yaşayış sahəsi, ev 129, mənzil 120-ni Cavabdeh2 X15 adına özgəninkiləşdirilmişdir. Atasının ağır vəziyyətindən istifadə edib ondan etibarnamə almış cavabdeh atası öldükdən sonra həmin etibarnaməyə xitam verilməsinə baxmayaraq onu “ASAN xidmət” mərkəzində və Baş Dövlət Yol Polis İdarəsinə təqdim edərək evi özgəninkiləşdirmişdir. Hesab edir ki, etibarnaməyə xitam edilmiş hesab olunmalı, bağışlama müqaviləsi etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarış ləğv edilməli, o və bacısı qanuni vərəsələr hesab edilməli, vərəsəlikdə payları müəyyən edilməli və onlara verilməlidir. Aralarındakı mübahisənin həlli ilə bağlı Mediasiyaya müraciət etmiş, lakin cavabdeh Hüseynova X17 həmin məsələnin həllinə razılıq verməmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-95/2023 nömrəli, 11 yanvar 2023-cü-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Masallı rayon Məhkəməsinin 2(050)-247/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X5 xx xxxxx 1993-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş İddiaçı və 03 oktyabr 2000-ci il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulmuş X9 atasının X12 olması faktı müəyyən edilsə də, həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 1620/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə ləğv edilmiş və İddiaçı maraqlı şəxs Masallı rayon Qeydiyyat şöbəsinə qarşı atalıq faktının müəyyən olunması tələbinə dair iş üzrə icraata xitam verilmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, X6 İddiaçı atası olması iş materialları ilə müəyyən edilmədiyindən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyini hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, əvvəllər X8 məxsus daşınmaz əmlakla bağlı Cavabdeh2 ilə X24 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsi; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmşdır.

Apelyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-95/2023 saylı qətnaməsinin tam ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə yazılı ərizə ilə müraciət etmişdir ki, Masallı Rayon Məhkəməsində atalığın müəyyən edilməsi barədə iddia tələbinə baxılır. Bildirişləri də göndərmiş və qeyd etmişdir ki, həmin işə baxılıb qətnamə qanuni qüvvə alanadək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində işləri dayandırılsın, lakin hakim işi dayandırmaq əvəzinə xitam verilmiş etibarnamə ilə evi və maşını özgəninkiləşdirən cavabdeh, yəni Hüseynova Kəmalənin xeyrinə qətnamə çıxartmışdır. Birinci instansiya məhkəməsində sübutlar təqdim etmişdir ki, atası Hüseynov Tərlandan ağır xəstə vəziyətində Cavabdeh2 xx.xx.2021-ci il tarixində etibarnamə almış, atası xx.xx.2021-ci il tarixində vəfat etmiş, etibarnaməyə xitam verilməsinə baxmayaraq cavabdeh xx.xx.2022-ci il tarixində qanunsuz etibarnamə ilə 2 saylı ASAN xidmət mərkəzində atasının ölümünü gizlədərək atasına məxsus evi öz bacısına bağışlamış, maşını isə satmışdır. Əslində iş üçün əhəmiyyyətli hallar araşdırılmamışdır. O, İddiaçı miras qoyanın doğma qızıdır. Miras qoyan X12 anası X16 ilə faktiki nikaha girib yaşamış, faktiki nikahdan xx.xx.1993-cü il tarixində İddiaçı və xx.xx.2000-ci il tarixində X18 anadan olmuşlar. Atalıq müəyyən olunmuş, onlar vərəsə kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mirasdan paylarının ayrılması və s. tələblərlə müraciət etmiş, lakin cavabdeh, yəni atası Tərlan Hüseynovun həyat yoldaşı Cavabdeh2 Masallı Rayon Məhkəməsinin qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək atalığı ləğv etdirmişdir, bundan sonra onlar Masallı Rayon Məhkəməsinə müraciət edərək yenidən atalığın müəyyən olunması tələbini qaldırmış, iddia ərizəsi icraata qəbul edilmiş və məhkəmənin hazırlıq iclası təyin edilmişdir. Bu barədə bildirişi və lazımi sənədləri vəkillərinə göndərmiş və vəkilləri məhkəməyə məlumat vermişdir. Buna baxmayaraq məhkəmə işi dayandırmamış və iddia tələbini rədd etmişdir. İşdən göründüyü kimi cavabdeh miras qoyan X35dan xəstəliyi ağırlaşdığı zaman xx.xx.2021-ci il tarixində etibarnamə almış, lakin ondan istifadə etməmişdir, Hüseynov Tərlan xx.xx.2021-ci il tarixində vəfat etmiş, cavabdehin xəbəri olmuşdur ki, onun qızları var, artıq etibarnaməni vermiş şəxsin ölümü ilə xitam verilmiş qanunsuz etibarnamə ilə xx.xx.2021-ci ildə 2 saylı ASAN xidmət mərkəzində Hüseynov Tərlanın ölümünü gizlədərək notariusu aldatmış və atasına məxsus ünvan 1, mənzil 120-ni bacısı X20 bağışlamışdır. Eyni zamanda atasına məxsus maşını satmış, lakin məhkəmə bu qanunsuzluğa qiymət verməmişdir. Göründüyü kimi hazırki işdə araşdırılma aparılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-95/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mərhum X6 – sonuncunun ölüm anına qədər rəsmi nikahda olan həyat yoldaşıdır. Onlar arasında nikah xx.xx.2004-cü ildə Bakı şəhəri Suraxanı rayonu VVAQ şöbəsində bağlanıb. Bundan əvvəl isə X1 Tatyana Vladimirovna ilə xx.xx.1981-ci ildə rəsmi nikaha daxil olub və xx.xx.2004-cü ildə onların nikahı pozulub. T.Hüseynovun ilk nikahından 2 oğlan övladı olub. X32 Hüseynovaya nə hər hansı faktiki nikahının olması, nə də hər hansı faktiki nikahdan olan övladlarının olması barədə məlumat verməyib. Cavabdeh2 nikahda olduğu bütün müddət ərzində, o cümlədən Tərlan Hüseynovun onkoloji xəstəlikdən əziyyət çəkdiyi və olduqca baha başa gələn müalicə aldığı 6 ay ərzində onun “faktiki nikahdan olan qızları” ilə ünsiyyətdə olduğunu və ya “faktiki nikahdan olan qızları” tərəfindən qayğı və ya hər hansı maddi yardım göstərildiyini görməyib. Tərlan Hüseynov vəfat etdikdən sonra isə İddiaçı tərəfindən Cavabdeh2 qarşı Suraxanı rayon Məhkəməsində mərhum Tərlan Hüseynovun mülkiyyətində olmuş mənzillə bağlı “bağışlama müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunmasına” dair iddia qaldırılıb. Vəkil sorğuları nəticəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsi ilə İddiaçı və X9 atasının X12 olmasının müəyyən edilməsi barədə məlumat əldə edilib və həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilib. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti qismən təmin edilib, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilib, Səbinə Hüseynova və İddiaçı Masallı rayon Qeydiyyat Şöbəsinə qarşı atalıq faktının müəyyən olunması tələbinə dair iş üzrə icraata xitam verilib. Bununla da aydın görünür ki, İddiaçı Cavabdeh2 qarşı hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı X6 övladı olmasını təsdiq edən hər hansı sənəd yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları

14.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atası ilə görüşürdülər, atası rəhmətlik nənəsindən onlara pul da göndərirdi. Hətta hüzrdə də bir yerdə olublar, evin bağışlandığı şəxs bildirmişdir ki, onlar Tərlanın iki qızı olduğunu bilmirdi, əgər bilsə idi, bacısının ərə gəlməyinə icazə verməzdilər. Hazırda o evdə kimin yaşamasını bilmir, onları o evə qoymurlar, Xırdalanda kirayədə yaşayırlar. Qardaşlarına anası baxırdı, hətta onlar həyətdə ev tikən zaman kömək edirdilər. 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2023-cü-ci il tarixli, 2(010)-95/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi şəxs Cavabdeh2 Tərlan Hüseynovun ikinci rəsmi həyat yoldaşıdır, Tərlan Hüseynov ondan əvvəl Rusiya Federasiyasının vətəndaşı Tatyana Borisovna ilə evli olmuş və ondan iki oğul övladı olmuşdur. Cavabdeh2 bildirir ki, Tərlan Hüseynov 1990-cı ildə Rusiya Federasiyasında evlənmiş, 90-cı illərdə Azərbaycana gəlmiş, lakin həyat yoldaşı və övladları orada yaşamağa davam etmişlər. Bundan sonra böyük oğlu Azərbaycana gəlmiş, ilk təhsilini Azərbaycan Beynəlxalq Universitetində almışdır. 2004-cü ildə Cavabdeh2 ilə Tərlan Hüseynov rəsmi nikah münasibətlərinə daxil olmuşlar, yəni onun qanuni həyat yoldaşı olmuş, lakin bu nikahdan övladları olmamışdır. Tərlan Hüseynov vəfat etdikdən sonra Cavabdeh2 bu barədə onun övladlarına məlumat verməsinə baxmayaraq atalarının nə dəfn mərasiminə, nə yas mərasiminə, nə də baş daşının, qəbrinin götürülməsinə iştirak etməmişlər. Cavabdeh2 qətiyyətlə bildirir ki, onun Tərlan Hüseynovun nikahdan kənar övladlarının olmasından məlumatı olmamışdır. Baxmayaraq ki bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, lakin Cavabdeh2 onunla razı deyildir. Cavabdeh2 bildirir ki, bütün nikah dövründə hər ay şənbə-bazar günləri X26 rayonuna getmişdir, lakin nə onun valideynləri, nə də onun yaxın qohum ətrafı ona informasiya verməmiş, nə də o ona hansısa qız uşaqlarının ona yaxınlaşaraq ata kimi münasibət bəslədiyini görməmişdir. Tərlan Hüseynov rəhmətə gedəndən sonra iddia ərizələri gəlmişdir. Tərlan Hüseynov ağır xəstəlikdən- xərçəng xəstəliyindən vəfat etmişdir. Onda sürətlə artan limfa düyünləri olmuşdur. Bununla bağlı xəstəlik sənədləri iş materillarına əlavə edilmişdir. Belə ki, Tərlan Hüseynovun mülaicə xərcləri çox baha başa gəlmişdir. Həmin limfa düyünlərinin artmasının qarşısını almaq üçün İsraildən, Amerikadan bahalı dərmanlar gətirilmiş, İranda müalicə kursu keçmişdir. Həmin şəxsin xəstəliyi 125 min manata yaxın başa gəlmişdir. Cavabdeh həmin ulun böyük hissəsini, təqribi 90 min manatını öz bacısından almışdır. Daha sonra tərəflər arasında mübahisə yaranır, ona görə də cavabdeh həmin evi bacısına bağışlamışdır. Cavabdeh hazırda kirayədə yaşayır

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X18 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. 18.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin (X14, X14 və X24) nümayəndələri məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Konstitusiyasının

19.60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarınınməhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 21.329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 22.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 23.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 24.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 25.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 26.666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan eləmüqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

27. 9.1, 9.3 və 14.1-ci maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin) 28.14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 30.51.3-cü maddələrinin tələblərinə müvafiq olaraq, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 31.54-cü maddələrinin tələblərinə müvafiq olaraq, İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. 32.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Apelyasiya baxışının hədləri

33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 34.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 35.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi X6 İddiaçı atası olmasının iş materialları ilə müəyyən edilmədiyini qeyd edərək, onun X8 məxsus daşınmaz əmlakla bağlı Cavabdeh2 ilə X24 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək üzrə subyektiv hüququ olmadığı barədə qənaətə gəlmişdir. 39.İş materiallarından isə görünür ki, ərizəçilər İddiaçı və X9 Masallı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə atalığın etiraf edilmısi faktının müəyyən olunmasına dair ərizəsi Masallı Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2 (050)- 487/2023 saylı qətnaməsi ilə təmin edilmiş, 18 sentyabr 2021-ci il tarixdə ölmüş X6 xx xxxxx 1993-cü il təvəllüdlü İddiaçı və 3 oktyabr 2000-ci il təvəllüdlü X9 atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. 40.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. 41.Yuxarıda qeyd olunan hallardan göründüyü kimi iddiaçı 18 sentyabr 2021-ci il tarixdə ölmüş X6 övladı, yəni birinci növbəli vərəsəsidir. Belə olan halda atasına məxsus ünvan 1 ünvanında yerləşən 120 saylı mənzilin miras kütləsindən çıxmasına əsas olmuş X12 ilə X24 arasında xx.xx.2021-ci ildə bağlanmış bağışlama müqaviləsinə əsasən adıçəkilənlərin arasında yaranmış öhdəlik hüquq münasibətlərinin məzmunu onun hüquq və qanuni mənafeyinin pozulmasına şərait yaradır.

42. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu müəyyən edildiyindən onun pozulmuş hüququnun məhkəmə tərəfindən bərpa edilməsi yolveriləndir.

43. Bununla belə məhkəmə kollegiyası vurğulayır ki, müqavilə - mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Hazırda mübahisələndirilən, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən də görünür ki, ünvan 1 ünvanında yerləşən 120 saylı mənzil hədiyyə verən X6 adından hədiyyə alan X19 bağışlanmışdır.

44. Buna baxmayaraq iddiaçı, Cavabdeh2 əşyaya sərəncam verməsi barədə əqdin müvafiq səlahiyyətinin olmaması əsası ilə etibarsızlığı barədə iddia ilə, cavabdeh qismində əqdin ikinci tərəfini, yəni əqd üzrə əşyanı əldə edən şəxsi cəlb etmədən məhkəməyə müraciət etmişdir. Halbuki belə olan halda iddia təmin oluna bilməz.

45. Çünki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Prosessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir.

46. Beləliklə hüquq və vəzifələrin yaranmasına əsas olmuş əqdin mübahisələndirilməsinə dair iddia üzrə cavabdeh qismində cəlb edilməli olan şəxslər həmin müqavilənin tərəfləri olmalıdır. Halbuki iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh qismində Cavabdeh2 ilə Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzini cəlb etmiş, əqdin etibarsızlığına dair işə baxan məhkəmə isə öz xidməti vəzifəsinə uyğun olaraq işin məhkəmə baxışına hazırlığı qaydasında xx.xx.2021-ci ildə bağlanmış bağışlama müqaviləsinin digər tərəfi olan X15 cavabdeh qismində cəlb edilməsini iddiaçıya təklif etməmişdir.

47. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın “xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissədə, yuxarıda qeyd edilənlərə əsasən, rədd edilməsi qənaətinə gəlir. İddianın bu hissəsinin rədd edilməli olması barədə gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə bu tələbdən doğan digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-95/2023 saylı 11 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payına düşən hissənin verilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-95/2023 saylı 11 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payına düşən hissənin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver