Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2206/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, atalığın müəyyən edilməsi, uşağın iddiaçının yanında qalması və aliment” tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, atalığın müəyyən edilməsi, uşağın iddiaçının yanında qalması və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1479/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı nikahın pozulması, atalığın müəyyən edilməsi, uşağın iddiaçının yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1479/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı nikahın pozulması, atalığın müəyyən edilməsi, uşağın iddiaçının yanında qalması və aliment tələbinə dair iddia ərizəsinin “atalığın müəyyən edilməsi”nə aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi, iddiaçıya müvafiq qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olmasının izah olunması, iddianın “nikahın pozulması, uşağın iddiaçının yanında qalması və aliment” tələbinə dair hissədə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin əsası həmçinin “atalığın müəyyən edilməsi” barədə olmaqla, həmin tələbə mülki mühakimə icraatında baxılmalı deyildir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında rəsmi nikah mövcud olmaqla atalığının müəyyən edilməsi tələb edilən uşaq həmin nikahdan doğulmuşdur. Məhkəmə İddiaçı iddia ərizəsində nikahlarlarının Estoniyada tanınmadığı və bu səbəblə uşağın atasız kimi yazılması dəlillərinə münasibətdə qeyd etmişdir ki, müvafiq tələblə qeydiyyat orqanına müraciət edilməsi barədə imtinasından şikayət vermək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı atalığın müəyyən edilməsi tələbinə dair tələblə müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyindən, bununla da bu hissədə iddia tələbinə məhkəmədə baxılmalı olmadığından, iddia tələbinin “atalığın müəyyən edilməsi”nə aid hissəsi üzrə iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina edilməlidir. Məhkəmə hesab etmişdir ki, mövcud iddia ərizəsinə “atalığın müəyyən edilməsi”nə aid hissədə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə bu tələbə aid hissədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya müvafiq qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması izah edilməli, iddia ərizəsi qalan hissədə geri qaytarılmalıdır
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayət vermiş və qərardadın ləğv edilib, işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, 25 yanvar 2024-cü il tarixli, e-2(006)-1479/2024 saylı qərardadında isə atalığın müəyyən edilməsi hissəsinə başqa bir əsasla qiymət verilmiş, nikahın pozulması, uşağın iddiaçının yanında qalması və sabit pul məbləğində aliment tələbinə dair hissəsinə isə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməsi kimi göstərmiş, bu əsasla da geri qaytarmışdır. İddiaçı Heilae və Cavabdeh el adəti ilə toy edərək, 25 fevral 2020-ci ildə 3 Saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Tərəflər ailə qurduqdan sonra Estoniyaya köçüb getməli idilər. İddiaçı Estoniyaya gedəndə artıq hamilə idi. Uşaq Estoniyada doğulmuş, iddia ərizəsində qeyd etdiyi kimi nikah həmin ölkədə tanınmadığı, apostil olmadığı üçün uşaq atasız kimi yazılmışdır. Mediasiya prosesində olublar, uşağın atasının cavabeh olması halı mübahisəsizdir, əgər mübahisə olarsa ekspertizanın keçirilməsi mümkündür. Məhkəmə nikah pozulan zaman həll etməli olan məsələlər: Uşağın kimin yanında qalması və aliment məsələsinə də həll etməlidir. Aliment məsələsi həll edilən zaman uşağın atasının cavabdeh olması da müəyyən edilməlidir. Bu tələblər bir icraatda birləşdirilmə kimi qəbul edilməməli, bir tələbdə baxılmalıdır. Ancaq məhkəmə iddiaçının himayəsində azyaşlı uşağının olmasına baxmayaraq onun və o cümlədən azyaşlı uşağın hüquqlarını pozmuşdur. Məhkəmə bu qərardadı ilə həm də xarici ölkə vətəndaşının hüquqlarını pozmuşdur. İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiaərizəsiilə məhkəməyə müraciət etsə məhkəmə icraata qəbul etməməl iidimi? Nikah pozulan zaman məhkəmə həll etməli olan məsələləri həll etmək vəzifəsini yerinə yetirməlidir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1479/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(006)-1479/2024 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. İş materialları ilə müəyyən olunur ki, iddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir:
1. İddiaçı Cavabdeh arasında 25 fevral 2020-ci il tarixli akt qeydi ilə qeydə alınmış nikahın pozulması;
2. Cavabdeh İbragimov Şahinin atası olması faktının müəyyən edilməsi;
3. İbragimov Şahinin anası İddiaçı yanında qalması;
4. İbragimov Şahinin yetkinlik yaşına çatana kimi Cavabdeh alimentin tutulması;
12. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılaraq ona istinad edilmişdir ki, Cavabdeh İbragimov Şahinin atası olması faktının müəyyən edilməsi ilə bağlı ilkin olaraq müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət edilmişdir.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Ailə Məcəlləsinin 159.1-ci maddəsində qeyd edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
14. Hazırkı halda iddiaçı atalığın müəyyən edilməsi barədə ərizə ilə bununla bağlı fəaliyyəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, imtina edildiyi halda bu qərardaddan inzibati qaydada məhkəməyə müraciət etməlidir.
15. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
17. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1479/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev