Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2252/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 Xanlar oğlunun, Cavabdeh Roza Əliyevanın iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik şəhadətnamənin, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-299/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə X1 Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik şəhadətnaməsinin, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və yeni vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı X4 Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik şəhadətnaməsinin, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli 2V- 260 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 85 ünvanında yerləşən 23 saylı mənzilə dair Cavabdeh1 və Cavabdeh3 arasında xx xxxx 2019-cu il tarixli AN-İ № ******* bağlanılmış alqısatqı müqaviləsi və onun əsasında Roza Əliyevanın adına olan xx xxxx 2019-cu il tarixli həmin mənzilə dair çıxarışın ləğv edilməsi, atasının vəfatından sonra miras qalmış əmlaka Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 85 ünvanında yerləşən 23 saylı mənzilə dair vərəsəlik hüququnun tanınması,payı müəyyən olunmaqla, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı X14 iddia ərizəsinə əlavə və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək X10 və Bakı Şəhəri 23 X15 də cavabdehlər siyahısına əlavə etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri İddiaçı Qavriloviç və X12 1970-ci illərdə faktiki nikah münasibətində olmuşlar.Həmin vaxtda anası Maxaçkala şəhərində yaşamışdır. O, xx xxx 1972-ci il tarixdə Maxaçkala şəhərində anadan olmuşdur.Sonra valideynləri 1979-cu ildə rəsmi nikaha daxil olmuşlar.Atası İddiaçı Qavriloviç Bakı şəhərində yaşamağına baxmayaraq, valideynləri həmişə bir-biri ilə əlaqə saxlamış, atası dəfələrlə Maxaçkala şəhərinə onların yanına gəlmişdir.Valideynləri 1985-ci ildə boşansalar da, atası onunla əlaqə saxlamışdır. 1989-cu ildə Bakı şəhərində yaşayan nənəsi X7 vəfat etmişdir. Onlar anası ilə birlikdə Bakı şəhərinə gəlmiş, nənəsinin yas mərasimində iştirak etmişlər.Sonra o anası ilə birlikdə Rusiyanın Kalininqrad şəhərinə yaşamağa köçmüşdür. Onlar başqa şəhərə köçdükdə onun atasl ilə əlaqəsi bir müddətdən sonra kəsilmişdir. Lakin, son 10-15 il ərzində o Bakıda yaşayan qohumlar ilə əlaqə yaratmış, onlardan sonra atası ilə əlaqə yaratmışdır. Bu müddət ərzində o dəfələrlə atasına göndərmələr göndərmiş, maddi yardım göstərmişdir. Atasına baba olduğunu bildirmiş və ona nəvəsinin, yəni oğlunun şəkillərini göndərmişdir. Bundan başqa, atasının ikinci aravadı Cavabdeh1 ilə da əlaqə saxlamışdır. Son vaxtlar atası xəstə olduğundan ona Bakıda yaşayan qohumlarının vasitəsi ilə müalicəyə tələb olunan xərclərə görə də maddi yardım göndərmişdir. Atası İddiaçı Yevdokimoviç xx xxxxx 2018-ci il tarixdə vəfat etmişdir.Bütün yas mərasiminin xərclərini o,qohumlarının vasitəsi ilə göndərmiş, atasının ikinci arvadı ilə telefon əlaqəsi saxlayıb, ona başsağlığı vermişdir.Atası vəfat edəndən sonra da, Bakıda yaşayan qohumları ilə bu günə kimi əlaqə saxlayır, atasının ikinci arvadı ilə də telefon əlaqəsi saxlayırdı.Varvara ona bildirirdi ki, atasının vəfatından sonra qalan evin çıxarışı yoxdur, evin sənədlərini qaydaya salıb, ona xəbər verəcək ki, Bakıya gəlsin və vərəsəliklə bağlı sənədləri ala bilsin. Hər dəfə də onunla əlaqə saxlayanda, ona bildirirdi ki, hələlik sənədlər hazır deyil. Sonra o 2019-cu ilin yay aylarında Bakıda yaşayan qohumlarının vasitəsi ilə xəbər tutdu ki, atasının ikinci arvadı Cavabdeh1 evin sənədlərini düzəldib, digər bir şəxsə satmışdır. Daha sonra yalnız sorğu əsasında ona məlum olmuşdur ki, Cavabdeh1 vərəsəlik ilə bağlı notariat ofisinə müraciət etmiş və ərizədə qeyd etmişdir ki, ərinin heç bir övladı yoxdur və ondan başqa da vərəsəsi yoxdur.Bütün məlumatları o yalnız sorğular əsasında toplamışdır.Faktiki olaraq Cavabdeh1 bu müddət ərzində onu aldatmış, mənzilə bütünlüklə yiyələnmiş və onu vərəsəlik hüququndan məhrum etmişdir. Beləliklə, atasından qalan miras əmlak Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 85 ünvanında yerləşən 23 saylı mənzilin sənədlərini düzəltmək adı ilə Cavabdeh1 onu yayındıraraq, həmin mənzilə təkbaşına yiyələnmiş, vərəsələrin sayahısında adını göstərməmiş, üstəlik vərəsəlik şəhadətnaməsini və mənzilin çıxarışını alan kimi, heç bir bir ay keçmədən həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlamışdır.Bununla cavabdehlər onu vərəsəlik hüququndan məhrum etmişlər. Qeyd olunanları nəzərə alıb iddia tədəblərinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmamışdır. İş üzrə iddiaçı X1 səlahiyyətli nümayəndəsi-vəkili qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin hallarını ətraflı,obyektiv və tam araşdıraraq, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işin hallarını tam və obyektiv araşdırmamışdır, işdə olan sübutlara düzgün və qanuni qiymət verməmişdir, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmamış, həmin sübutlara, eləcə də tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, İddiaçı, cavabdrhlər- 4 saylı “ASAN”Xidmət Mərkəzinin notariat ofisin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini qəbul etməyərək, rədd olunmasını xahiş edən Cavabdeh1 nümayəndəsini və Roza Əliyevanı dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, o Varvaranı 35 ildir ki, bir qonşu kimi tanıyır. Onun əri İddiaçı Yevdokimoviçi də tanıyırdı.Aleksandrın Rusiyada oğlu olmasını eşitmişdi.Lakin onu heç vaxt görməyib.İddiaçının atasının yas mərasiminə pul xərcləməsindən xəbəri yoxdur. Rozanı isə uzun müddətdir ki,tanıyır.Roza mağazada işləyirdi.Eşitdiyinə görə Roza Varvaranın evini alıb. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, o özü yığma komandanın üzvü olduğu üçün mütəmadi olaraq Rusiya Federasiyasına gedib gəlir.İddiaçı onun yaxın qohumudur. Onu özünə qardaş kimi qəbul edir. Aleksandrla Rusiyada görüşmüşdür.Aleksandr həmişə onun vasitəsi ilə atasına pul göndərib, planşet göndərib, medal göndərib. Dəfələrlə o mərhuma siqaret gətirmişdir. Onlar mütəmadi olaraq əlaqədə olmuşlar.Atası vəfat edəndən sonra o,qardaşı ilə birlikdə onun dəfninə 700 manat pul xərcləmişdir.Sonradan Aleksandr həmin məbləğdə pulu onlara qaytarmışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, onun nənəsinin qardaşı Aleksandrın ayağı sınmamışdan əvvəl o, həyat yoldaşı Varvara ilə mütəmadi olaraq onlara qonaq gəlirdi. Onların birgə nikahlarından övladları olmayıb. Lakin mərhumun birinci ailəsindən bir övladı olub, onun da, adını Aleksandr qoyublar. O mərhumla sağ vaxtı münasibət saxlayır, telefonla danışırdı, imkan olduğu zaman görüşürdülər. Mərhumun ayağı sınandan sonra o, yataq xəstəsi oldu və yerindən qalxa bilmirdi. O mütəmadi olaraq mərhumun sağ vaxtında onu ziyarət edirdi. Aleksandr vəfat edəndən sonra dəfn və yas mərasimlərinin pulunu o və bacısı Ülviyyə ödəmişlər.Təqribən 700 manat.Çünki mərhumun Rusiyada yaşayan oğlu demişd ki, hal-hazırda pulu yoxdur, xərcləri ödəyin, sonra göndərəcək. Bir müddət sonra isə mərhumun oğlu onun nənəsi vasitəsi ilə pulu qaytardı. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, o Varvara və Roza ilə qonşudur. Bundan əlavə o, Roza ilə bir dükanda işləmişdir. O mərhum Saşanı da tanyırıdı.Vəfat edəndən sonra yas xərcini oğlunun göndərməsi barədə,Aleksandrın yasda iştirak etməsi barədə məlumatı yoxdur.O özü də, yasda iştirak etməmişdir. Ümumiyyətlə Saşa çox içən olub, o, mağazaya 2-3 dəfə gəlib içkili halda orada yıxılıb, onu qaldırıb evinə aparmışdır. Onların evləri pis vəziyyətdə idi. Saşa həmişə bacısının ərinin erməni olduğunu qeyd edərək, onlardan zəhləsi getdiyi deyirdi. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid5 Əhmədiyyə qızı ifadəsində bildirdi ki, Varvaranın əri Saşa vəfat edən zaman, gözü əməliyyat olunduğu üçün o yasa gedə bilmədi. Onlar gəlib ondan qab, qaşıq, çəngəl istədilər o da, evində olan əşyalardan verdi. Yası Varvaranın özü verdi. O isə bir müddət sonra məclislərdən birində iştirak etmişdi.Həmin məclisdə 30-40 nəfər olub. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid6 ifadəsində bildirmişdir ki, o Rozanın evində kirayədə yaşayır. Ondan başqa evdə Varvara,eləcə də mənzilin indiki mülkiyyətçisi Roza özü qalır. İş materiallarında olan 12 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 85 ünvanında yerləşən 23 saylı mənzil 157648 saylı orderə əsasən xx xxxx 1976-cı il tarixdə X3 verilmişdir. Özü-X7, oğlu-İddiaçı Yevdokimoviç. Hazırda mənzildə İddiaçı Yevdokimoviçin həyat yoldaşı Cavabdeh1dır. Mənzil hal-hazırda mərhum X2 adınadır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən 12 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 85 ünvanında yerləşən 23 saylı mənzil İddiaçı Yevdokimoviçin adına xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyatdan keçmişdir. 4 Saylı “Asan”Xidmət mərkəzinin notarisu tərəfindən təsdiq edilmiş 2V-260 reyestr nömrəli xx.xx.2019cu il tarixli qanun üzrə vərəsilik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Dmiriyevnanın adına qeydiyyatdan keçmişdir. 4 Saylı “Asan” Xidmət mərkəzi tərəfindən təsdiq edilmiş 4Ə-771 reyestr nömrəli,xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.2019-cu il tarixdə Roza Alıyevanın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan atalığın müəyyən olunması haqqında şəhadətnamədən görünür ki, X9 x xxx 1972-ci il tarixdə X8 dünyaya gəlmiş uşağın, yəni X5 atası müəyyən olunmuşdur. Verilmə tarixi xx xxxx 1979-cu il. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Maxaçqala şəhərində anadan olmuşdur. Atası İddiaçı Yevdokimoviç, anası X11. İş materiallarında olan Rusiya Federasiyası vətəndaşının posprtundan çıxarışdan görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Maxaçqala şəhərində anadan olmuşdur. Hal-hazırda X6 şəhərində yaşayır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Yevdokimoviç xx xxxxx 2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Yevdokimoviçlə Cavabdeh1 Dmiriyevna xx.xx.1985-ci il tarixdə rəsmi nikah bağlamışlar və bu barədə Nizami Rayon Qeydydiyyat şöbəsində 357 saylı akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 4 saylı “ASAN”Xidmət Mərkəzinin notariat ofisinin verdiyi xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki,İddiaçı Yevdokimoviçin vərəsəsi Cavabdeh1 Dmiriyevnadır və o,miras əmlakdan-Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 85 ünvanında yerləşən 23 saylı mənzildən 1/1 hissədə irs almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, İddiaçı Yevdokimoviç xx xxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri hazırkı iddiaçı-oğlu İddiaçı və arvadı Cavabdeh1 Dmiriyevnadır. İddiaçı Yevdokimoviç ölümündən qabaq vəsiyyətnamə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əasəsən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əasəsən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əasəsən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Göründüyü kimi,İddiaçı Yevdokimoviç xx xxxxx 2018-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun vərəsəsi İddiaçı atasının vəfat etdiyini ilk gündən bilsə də,(iddiaçı özü də bunu etiraf etmişdir) qanunla müəyyən olunan qaydada mirasın qəbuluna dair ərizə ilə notariat kontoruna müraciət etməmişdir. Digər vərəsə Cavabdeh1 Dmiriyevna isə rəsmi ərizə ilə müraciət edərək mirası qəbul etmişdir. Bundan başqa, Cavabdeh1 Dmiriyevna ərinin ölümündən sora daimi olaraq mənzildə yaşamaqda davam edərək mirası həm də faktiki olaraq qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə mirasın qəbulunun iki forması nəzərdə tutulmuşdur.Müəyyən olunan müddət ərzində mirasın qəbulu üzrə miras əmlakın yerləşdiyi yer üzrə notariat kontoruna müraciət etməklə və mirasın bir hissəsinə sahiblik etməyə faktik başlamaqla.İşin hallarından görünür ki,iddiaçı nə qanunla müəyyən olunan müddət ərzində mirasın qəbuluna dair ərizə vermiş, nə də mirası faktiki olaraq qəbul etmişdir.Bundan başqa,iddiaçı mirasın qəbul olunma müddətinin uzadılmasına dair məhkəməyə rəsmi ərizə verməmişdir. Lakin Cavabdeh1 Dmiriyevna mirası hər iki formada qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2252/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2252/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə sair
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver