Məhkəmə qərarları › İş №2(103)-2455/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2455/2022

09.03.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2455/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ələsgərova (Əskərova) Yazgül Mizalı qızına və X1 qarşı “mənzilin özəlləşdirilməsinin, alqı-satqı müqavilələrinin, çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(011)-7834/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ələsgərova (Əskərova) Yazgül Mizalı qızına və X1 qarşı “Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilin özəlləşdirməsinin, alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi, İddiaçı2 və İddiaçı3 mənzilə istifadə hüquqlarının olmasını nəzərə almaqla, həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsi, həmçinin, mənzilin saxta sənədlər əsasında özəlləşdirilməsi və bundan irəli gələrək digər cinayət xarakterli əməllərin törədilməsi səbəbindən həmin əməlləri törətmiş vətəndaşlar və müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(011)- 7834/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmış, həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş şikayət 10 noyabr 2021-ci il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-11850/2021 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, qərardad ləğv edilmiş, mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Qərardadda qeyd olunmuşdur ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(011)- 7834/2021 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardaddan narazı olan iddiaçılar ondan şikayət verərək, ləğv edilməsini, ərizənin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət belə əsaslandırılmışdır ki, rayon məhkəməsi işə inzibati qaydada baxılmalı olması barədə qərardadı apellyasiya məhkməsinin göstərişi olaraq qəbul etmiş, bununla da özünün qanunsuz hərəkətlərinə don geyindirməyə çalışmışdır. Çünki işə baxan hakim işin nəticəsində maraqlı olmaqla yarım ildir ki, qəsdən müxtəlif səbəblərlə iddia ərizəsini icraata qəbul etməkdən yayınır. Digər tərəfdən, apellyasiya məhkəməsi qərardadında işin birbaşa inzibati məhkəməyə aid olması barədə konkret fikir qeyd etməmiş, iş üzrə özəlləşdirmənin mübahisələndirilməsi, həm də mülki hüquq münasibətləri çərçivəsində mübahisənin olması səbəbindən işin inzibati və mülki qaydada baxılmasının prosessual hüquqi açıqlaması göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(011)- 7834/2021 saylı qərardadı ilə ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Hazırkı iddiadan (iddia tələbinin hüquqi təbiətindən) görünür ki, iddiaçılar mübahisəli mənzilin qanunla müəyyən edilmiş qaydada onlara ayrıldığını, lakin sonradan müxtəlif inzibati orqanlar tərəfindən sənədlər verilərək, Cavabdeh1 adına özəlləşdirilməsinin qanunsuz olmasını bildirərək, daşınmaz əmlakın dövlət reyestrindən sonuncunun adına verilmiş çıxarışın və bundan sonra mənzilə dair üçüncü şəxslərlə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb edirlər. İddia tələbindən həmçinin görünür ki, iddiaçılar əsasən inzibati orqanların hərəkətlərindən (qərarlarından) şikayət edirlər. Göründüyü kimi, iddia tələbinin bir hissəsi mülki-hüquqi deyil, inzibati xarakterli olmaqla, dövlət əmlakının özəlləşdirilməsi sahəsində yaranmışdır (iddiaçılar qanunla onlara ayrılmış mənzilin inzibati orqan tərəfindən qanunsuz olaraq başqa şəxsin adına özəlləşdirilməsindən və s. narazıdırlar). Bununla bağlı münasibətlər isə hər bir halda publik hüquq sahəsinə aid olmaqla, vətəndaşla dövlət arasında yaranır. Belə ki, özəlləşdirmənin keçirilməsi əsasları və qaydaları, onların satılmasının rəsmiləşdirilməsi publik hüquq münasibətlərinə aid olmaqla "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməyə; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilir. Eyni zamanda, nəzərə alınmalıdır ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrəli Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə, iddiaçılar publik hüquq sahəsinə aid mübahisə ilə bağlı ümumi məhkəmədə inzibati xarakterli tələb irəli sürməklə məhkəmə aidiyyətini pozmuş, belə olan halda birinci instansiya məhkəməsi iddia ərizəsini mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə (MPM, maddə 153.2.1) icraata qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan qərarında qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Digər tələblər (alqı-satıq müqavilələrinin etibarsızlığı) isə inzibati xarakterli tələblə birləşdirilərək birlikdə verilə bilməz. Bu səbəbdən də iddiaçı inzibati və mülki xarakterli tələblərini ayıraraq aidiyyəti məhkəmələrdə müvafiq tələblərini irəli sürə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsasən, ərizəni qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ələsgərova (Əskərova) Yazgül Mizalı qızına və X1 qarşı “mənzilin özəlləşdirilməsinin, alqı-satqı müqavilələrinin, çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(011)-7834/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(011)- 7834/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver