Məhkəmə qərarları › İş №2(103)-2702/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2702/2021

25.01.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2702/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Vahid Nəriman oğlu Sadıqovdan və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsindən cavabdehin rektoru olduğu qeyd edilən R. M. Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qiyabi qətnaməsi ilə təmin edilərək, “Təfəkkür” Universitetindən 1750 manat əmək haqqının və bu məbləğin ödənilməsinin 8 ay gecikdirilməsinə görə onun 1 (bir) faizinin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən cavabdehin rektoru olduğu qeyd edilən R. M. Hüseynov apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci və 363.1.2-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, ...apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (ödəniş tapşırığı), eləcə də şikayəti imzalamış şəxsin müvafiq səlahiyyətə malik olduğunu təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsindən cavabdehin rektoru olduğu qeyd edilən R. M. Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar