Məhkəmə qərarları › İş №2(103)-2718/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2718/2025

17.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2718/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı və Cavabdeh ayrı-ayrı binalarda yaşayan qonşulardır. Hal-hazırda birbirlərinə qarşı maneələrin aradan qaldırılması tələbi ilə bağlı iddia qaldırmışlar.

a. Birinci instansiya məhkəməsində icraat

2. İlkin olaraq İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 86 saylı mənzilin yataq otağının qarşısında Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 7-də yaşayan qonşusu Cavabdeh tərəfindən pəncərənin yerinə açılmış qapıların bağlanması, cavabdehin onun yataq otağının pəncərəsinin qarşısında saldığı parkın onun hesabına sökülməsi, ərazinin boşaldılması, həmin ümumi istifadədə olan əraziyə, o cümlədən pəncərəsinin qarşısına ağacın və ya hər hansı bir əşyanın qoyulmasının və oradan istifadə olunmasının cavabdehə qadağan edilməsi, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 5 ilə yaxın müddətdir ki, ailəsi ilə birlikdə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 86-da yeni tikilidə yaşayır. Onunla eyni mərtəbədə yaşayan qonşusu Cavabdeh 1 ilə yaxındır ki, qeyd olunan mənzilə köçmüşdür. Mənzilə köçüb yaşamağa başladıqda yaşadıqları mənzil 3-cü mərtəbə olmaqla aşağısında çıxıntılı obyekt olduğu üçün pəncərələrinin qarşısında boş yer qaldığından, qonşusu mənzilin pəncərəsini sökərək oradan onların yataq otağı ilə üzbəüz qapı acdırmış və qeyd olunan sahəyə, hətta onun pəncərəsinin qarşısına şam ağacları düzərək həmin yeri özü üçün istirahət parkı etmişdir. Qeyd etdiyi kimi qonşusunun pəncərəsini sökərək yerinə qapı qoymasına görə təhlükəsizlik baxımından yataq otağının pəncərəsini acıq qoya bilməməyi, otağın havasının dəyişməsi və hətta otağına gün işığı düşməsinin qarşısını alınmışdır. Qonşusuna dəfələrlə müraciət edərək qeyd olunan halın ona narahatlıq yaratmasını, hətta sökdüyü öz pəncərəsinin qarşısında nə istəyir edə biləcəyini, evə gün işığının da düşmədiyini bildirib həmin halların aradan qaldırılmasını xahiş etsə də qonşusu buna məhəl qoymamışdır. Ona görə də məcbur olub müxtəlif dövlət orqanlarına müraciət etmiş, onun müraciətindən sonra qonşusunun çölə açdırdığı 3 qapının hamısı dəfələrlə tikilsə də, yenidən 1 qapını açdırmış və ona hara müraciət etsə də heç bir nəticəsi olmayacağını bildirmişdir.

4. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçı kameralarının yerinin dəyişdirilməsi, ona məxsus kondisionerin matorunun onun eyvanında yerləşən divardan götürülməsi və İddiaçı onun eyvanına rahat şəkildə daxil olmasının qarşısının alınması üçün onun pəncərəsinin önünün dəmir hasara alınması barədə qəbul olunmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi, ərazinin boşaldılası və pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, guya o, onun pəncərəsinin qarşısına şam ağacları düzəldərək həmin yeri özü üçün istirahət parkı etmişdir. İddia tələbi əsassızdır. Təmin edilə bilməz. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, mülkiyyətində olan ünvan 1 ünvanın qarşısında yerləşən qeyri yaşayış sahəsi (eyvan) onun istifadəsinə verilmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, eyvanına şam ağacları düzdüyünə görə o, məcbur olub kamera yerləşdirmişdir. Ancaq o, şam ağaclarını o, kamera yerləşdirdiyinə görə düzmüşdür. O, guya onun yataq otağına baxdığını iddia edirdi. O da onun bu tələbinin əsassız olduğunu sübut etmək üçün onun pəncərəsinin önünə şam ağacları düzmək məcburiyyətində olmuşdur. İddiaçı iddia ərizəsində mülkiyyətindən istifadə edə bilmədiyinə görə əsəb yarandığını və nevroloji xəstəliklərlə bağlı mütəmadi müalicələr aldığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsində onların qonşu olduqlarını qeyd edir, lakin o, ev 558-də, özü isə 560-da yaşayır. Yəni İddiaçı və o ayrı-ayrı binalarda yaşadıqlarına görə qonşu hesab edilə bilməzlər. Mübahisəli mənzildə ailəsi ilə birgə yaşayır. İddiaçı öz evinin künc hissəsinə kameralar yerləşdirərək onun və ailəsinin şəxsi həyatına müdaxilə edir və vidoe çəkilişlər aparır. Bu hərəkətlər artıq dözülməz vəziyyətə gəlib çatmışdır. Evlərində azyaşlı uşaqların şəkil və videolarını çəkərək üzərlərində qorxu yaradır. Onlar buna görə bütün gün pərdələri bağlı saxlamaq məcburiyyətində olurlar. Artıq özü və ailəsi təhlükəsizliklərinin təminatından narahatdırlar. Eyni zamanda İddiaçı evinin kondisionerinin motorunu ona məxsus olan qeyri yaşayış sahəsinin (eyvanın) divarına yerləşdirmişdir. Kondisioner hər dəfə xarab olduqda o əlində müxtəlif əşyalarla bəzən isə usta ilə, pəncərədən keçərək onun eyvanına daxil olur. Ailəsi onu eyvanlarında gördükdə hər dəfə qorxu keçirdir. Kondisionerin səsindən isə evdə oturmaq mümkün deyil. Hesab edir ki, İddiaçı nevroloji xəstəliyini nəzərə alaraq kameraların yeri dəyişdirilməli, kondisionerin matoru onun eyvanından götürülməli və İddiaçı onun eyvanına rahat şəkildə daxil olmasının qarşısı alınması üçün onun pəncərəsinin önü dəmir hasara alınmalıdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi nevroloji xəstəlikdən əziyyət çəkməsi və onun onun mülkiyyətində olan eyvana əlində müxətlif kəsici əşyalarla daxil olması onun və ailəsinin həyatı üçün təhlükə yaradır. Bu hal onun kameralarının yerinin dəyişdirilməsi, pəncərəsinin önünün dəmir hasara alınması üçün mütləqdir. İddiaçı təzminatla bağlı tələbi isə ümumiyyətlə əsasızdır, təmin edilə bilməz.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-737/25 saylı iş üzrə 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) ilk iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 86 saylı mənzilin yataq otağının pəncərəsinin qarşısına ağac və ya hər hansı əşyanın yerləşdirilməsi ilk iddia üzrə Cavabdeh (ailə üzvlərinə) qadağan edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

7. Məhkəmənin qənaətinə görə qüvvədə olan qətnamə ilə Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanın qarşısında (mənzilin sərhədləri çərçivəsində) yerləşən qeyri-yaşayış sahəsindən (eyvandan) istifadə hüququ tanınmışdır. Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh istifadə hüququnun tanındığı ərazidən istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi yolverilməzdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi "xxxx" MMC-yə məxsus Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 86 saylı mənzilin yataq otağının qarşısında Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 7-də yaşayan qonşusu Cavabdeh tərəfindən pəncərənin yerinə açılmış qapıların bağlanması, cavabdehin onun yataq otağının pəncərəsinin qarşısında saldığı parkın onun hesabına sökülməsi, oradan istifadə olunmasının cavabdehə qadağan edilməsi” hissəsində əsassızdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

9. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddianın tam təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsinin əsası kimi qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2755/2024 saylı 01 iyul 2024-cü il tarixli qətnaməsi ilk iddia üzrə preyudisial əhəmiyyətə malikdir. Lakin məhkəmə nəzərə almamışdır ki, qeyd olunan qətnamə ilə Cavabdeh eyvandan istifadə hüququ tanınmışdır. Yəni, həmin eyvan onun mülkiyyətində deyildir. Bu səbəbdən də Cavabdeh Həmin eyvandan öz istədiyi kimi istifadə etməklə digər şəxslərin hüquqlarını məhdudlaşdıra bilməz. İşin bu halı da məhkəmənin qeyd olunan nəticəyə gəlməsi üçün əsas ola bilməz. Yəni, məhkəmənin bu hissədə gəldiyi nəticə də qanunsuz və əsassızdır.

a. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

13. Cavabdeh isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

14. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Apellyasiya baxışının hədləri

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız ilk iddia üzrə İddiaçı mübahisələndirmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını da yalnız ilk iddianın təmin olunmayan hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən 86 saylı mənzilin yataq otağının pəncərəsinin qarşısına ağac və ya hər hansı əşyanın yerləşdirilməsi ilk iddia üzrə Cavabdeh (ailə üzvlərinə) qadağan edilmiş, ilk iddia qalan hissədə təmin olunmamışdır.

20. Bu baxımdan ilk iddianın təmin olunmayan və apellyasiya baxışının predmeti olan hissəsi "xxxx" MMC-yə məxsus Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 86 saylı mənzilin yataq otağının qarşısında Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 7-də yaşayan qonşusu Cavabdeh tərəfindən pəncərənin yerinə açılmış qapıların bağlanması, cavabdehin onun yataq otağının pəncərəsinin qarşısında saldığı parkın onun hesabına sökülməsi, ərazinin boşaldılması, həmin ümumi istifadədə olan ərazidən istifadə olunmasının cavabdehə qadağan edilməsi, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsindən ibarətdir.

21. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi ilk iddianın təmin olunmayan hissəsində yanlış nəticəyə gəlmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin başqa bir iş üzrə çıxarılan 01 iyul 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh eyvandan istifadə hüququ tanınmış olsa da, həmin eyvan onun mülkiyyətində deyildir. Bu səbəbdən də Cavabdeh Həmin eyvandan öz istədiyi kimi istifadə etməklə digər şəxslərin hüquqlarını məhdudlaşdıra bilməz. Eləcə də, məhkəmə onun mənəvi zərərə məruz qaldığını nəzərə almamışdır.

22. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın təmin olunmayan hissəsində də tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassızdır.

23. Birinci instansiya məhkəməsində işə baxlarkən iş baxan məhkəmə tərəfindən mübahisə predmeti olan əraziyə yerində baxış (müayinə) keçirilmiş və müayinə zamanı ilk iddiaçının yaşadığı ünvan 2, 7 saylı mənzilin qarşısında eyvan olduğu, həmin eyvana qapı açıldığı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən eyvana dibçək güllərinin və şam ağaclarının yerləşdirildiyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin mənzilinin bir pəncərəsinin həmin eyvana açıldığı, həmin pəncərənin üzərində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən kamera, həmçinin eyvanın divarında kondisionerin motorunun yerləşdirildiyi məlum olmuşdur. Yerli baxış zamanı digər mənzillərin qarşısında da qeyri-yaşayış sahələrinin (boş sahə) olduğu müşahidə edilmişdir.

24. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi ilə də cavabdeh tərəfindən pəncərədən eyvana qapı açıldığı müəyyən olunmuşdur. Ekspert qarşısında cavabdeh tərəfindən binada aparılmış konstruksiya dəyişikliyinin İddiaçı və digər şəxslərin öz mülkiyyətlərində olan sahədən sərbəst istifadə etmələrinə maneə yaradıb-yaratmaması, əgər maneə yaradılırsa, bunun özünü nədə göstərdiyi və onun qarşısını almaq üçün hansı texniki tədbirlər görülə bilməsinin mümkünlüyünə dair suallar qoyulsa da, ekspert həmin sualların onun səlahiyyətinə aid olmadığını əsas gətirərək o hissədə tədqiqat aparmamışdır.

25. Birinci instansiya məhkəməsi ilk iddia tələbini apellyasiya baxışının predmeti olan hissədə rədd edərkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə istinad etmişdir. Həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanın qarşısında (mənzilin sərhədləri çərçivəsində) yerləşən qeyri-yaşayış sahəsindən (eyvandan) iddiaçı Cavabdeh tərəfindən istifadə edilməsinə cavabdeh "xxxx" MMC tərəfindən maneələrin törədilməsi qadağan edilmişdir.

26. Göründüyü kimi sözügedən qətnamə ilə Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanın qarşısında (mənzilin sərhədləri çərçivəsində) yerləşən qeyri-yaşayış sahəsindən (eyvandan) istifadə hüququ tanınmışdır. Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh istifadə hüququnun tanındığı ərazidən istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi yolverilməzdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi "xxxx" MMC-yə məxsus Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 86 saylı mənzilin yataq otağının qarşısında Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 7-də yaşayan qonşusu Cavabdeh tərəfindən pəncərənin yerinə açılmış qapıların bağlanması, cavabdehin onun yataq otağının pəncərəsinin qarşısında saldığı parkın onun hesabına sökülməsi, oradan istifadə olunmasının cavabdehə qadağan edilməsi” hissəsində əsassızdır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, tərəflər qonşu olsalar da, onlar ayrı-ayrı binalarda yaşayırlar. Cavabdehin istifadə etdiyi eyvan onun mülkiyyətində olan mənzilin qarşısında yerləşir və yalnız cavabdeh tərəfindən istifadəsi mümkündür. Cavabdehin mülkiyyətində olan mənzilin və onun qarşısında yerləşən eyvanın idarəçiliyi həmin binanın sahibi "xxxx" MMC tərəfindən həyata keçirilir. Binada və ya onun hər hansı hissəsində aparılmış konstruktiv dəyişikliklərlə bağlı yaranan mübahisələr üzrə iddia qaldırmaq hüququ da məhz ona, yəni "xxxx" MMC-yə məxsusdur. İlk İddiaçı bununla bağlı subyektiv hüququ yoxdur.

28. Yuxarıda qeyd olunduğu kimi, "xxxx" MMC tərəfindən Cavabdeh eyvandan istifadəsinə maneələr törədildiyindən o, məhkəmədə müvafiq iddia qaldırmış və Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun tələbi əsaslı sayılaraq mübahisəli qeyri-yaşayış sahəsindən (eyvandan) Cavabdeh istifadəsinə maneələrin törədilməsi "xxxx" MMC-yə qadağan edilmişdir.

29. Məhkəmə kollegiyası ilk iddia üzrə mənəvi zərər tələbi ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

30. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

31. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

32. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə İddiaçı mənəvi zərərlə əlaqədar tələbinin əsası kimi istinad etdiyi faktları (fiziki və mənəvi sarsıntılar keçirməsini təsdiq edən faktları) təsdiq edə biləcək sübutları məhkəməyə tədim edə bilməmişdir. Bu baxımdan ilk iddia tələbi mənəvi zərərlə bağlı hissədə də rədd olunmalıdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver