Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-277/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı mənzilə görə ödənilmiş pulun geri qaytarılması və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 2(004)-5805/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mənzilə görə ödənilmiş 32000 manat pulun "xxxx" MMC-dən alınaraq geri qaytarılması və vurulmuş maddi ziyanın əvəzi kimi 20000 manat pulun Yasamal RİH-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 05 may 2017-ci il tarixdə “Podratçı” "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə “sifarişçi” kimi onun arasında “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” bağlanmışdır. Həmin müqaviləyə görə sifarişçi kimi o, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Ə.Əhmədov küçəsində tikilməkdə olan 3 girişli, 12 mərtəbəli yaşayış binasının 2-ci giriş, mansard mərtəbəsində 3 otaqlı 154A saylı mənzilin tikintisini sifariş etmişdir. “Podratçı”’ kimi "xxxx" MMC həmin mənzilin tikintisini öhdəsinə götürmüşdür. Həmin müqavilədə qeyd olunmuşdur ki, mənzilin ümumi sahəsi 118,5 kvadrat metr olmaqla mənzilin qarşısındakı boş sahədə "xxxx" MMC-nin rəhbərliyinin razılığı olmadan heç bir tikinti işləri aparıla bilməz, müqavilənin qiyməti 60000 olmaqla dəyişməz qalır, müqavilə imzalanarkən “sifarişçi” müqavilənin ümumi dəyərinin 100 %-ni, yəni 60000 manatını ödəmişdir. Qeyd olunan mənzilin tam dəyərinin onun tərəfindən "xxxx" MMC-yə ödənilməsi barədə MMC-nin direktoru Cavabdeh1 tərəfindən ona 05 may 2017-ci il tarixli 32 saylı maliyyə arayışı verilmişdir. Bundan sonra o göstərilən mansardda (mənzildə) təmir işləri aparmış və mansard hal-hazırda onun mülkiyyətində olmaqla həmin mənzillə (mansardla) bağlı heç bir mübahisə yoxdur. O, "xxxx" MMC-dən qeyd olunan mənzili aldıqdan sonra 2017-ci ilin sentyabr ayında həmin 154A saylı mənzilin qarşısında olan boş sahəni alıb orada mansard tikmək istəmişdir. Bunun üçün o, "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə görüşmüş, Cavabdeh1 ona bildirmişdir ki,154A saylı mənzilin qarşısında olan boş sahənin ona satılması üçün onunla "xxxx" MMC arasında müqavilə bağlanmalıdır. Bu məqsədlə "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə onun arasında 28 sentyabr 2017-ci il tarixdə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” bağlanmışdır. Həmin müqaviləyə görə sifarişçi kimi o, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Ə.Əhmədov küçəsində tikilməkdə olan 3 girişli 12 mərtəbəli yaşayış binasının 2-ci giriş mansard mərtəbəsində 220 kv.m boş sahədə 155A saylı mənzilin tikintisini sifariş etmiş, “Podratçı” kimi "xxxx" MMC isə həmin mənzilin tikintisini öhdəsinə götürmüşdür. Həmin müqavilədə qeyd olunmuşdur ki, mənzilin ümumi sahəsi 220 kvadrat metr, müqavilənin qiyməti 52000 manat olmaqla dəyişməz qalır, müqavilə imzalanarkən “sifarişçi” müqavilənin ümumi dəyərinin 9,62 %-ni, yəni 5000 manatını ödəmişdir. Sifarişçi müqavilə qiymətinin 90,38 %-ni 3 ay müddətində ödəyəcəkdir. O, ”NES” MMC-nin direktoru Cavabdeh1 soruşmuşdur ki, müqavilədə “Siz mənə boş sahə satdığınızı deyil, həmin boş sahədə 155A saylı mənzil tikib verəcəyinizi öhdənizə götürürsünüz”. Cavabdeh1 isə bildirmişdir ki, burada heç bir narahatçılıq yoxdur. Həmin boş sahə onundur və onu kimə istəsə sata bilər, buna onun səlahiyyətli orqanlardan icazəsi vardır. Ona görə də bu müqavilə həmin 220 kvadrat metr boş sahənin ona satılmasına dair bağlanmış müqavilədir. O, "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə arasında bağlanmış müqaviləyə əməl edərək "xxxx" MMCyə əlavə olaraq 25 oktyabr 2017-ci il tarixli kassa mədaxil orderi ilə 5000 manat, 02 dekabr 2017-ci il tarixli kassa mədaxil orderi ilə 3000 manat, 23 yanvar 2018-ci il tarixli kassa mədaxil orderi ilə 5000 manat, 26 fevral 2018-ci il tarixli kassa mədaxil orderi ilə 2500 manat və 05 fevral 2019-cu il tarixli kassa mədaxil orderi ilə 12000 manat, ümumilikdə cəmi 32500 manat pul ödəmişdir. Bundan sonra 2019-cu ilin fevral ayında o, "xxxx" MMC-nin direktoru Cavabdeh1 aldığı həmin boş sahədə öz hesabına aldığı inşaat materialları ilə tikinti işlərinə başlamışdır. Ustaların və materialların pulunu o vermişdir. 2019-cu ilin aprel ayının 3-də Bakı şəhəri Cavabdeh2 əməkdaşları həmin əraziyə gəlib tikintini dayandırmış və onun inşa etdiyi tikintini dağıdaraq istifadə üçün yararsız hala salmışlar. Cavabdeh2 əməkdaşları onun inşa etdiyi tikintinin inşasını dayandırmamışdan və dağıtmamışdan qabaq onlara bildirmişdir ki, bu boş sahəni ona "xxxx" MMC-nin direktoru Cavabdeh1 satmış və bu barədə onunla arasında müqavilə bağlanmışdır. Cavabdeh2 əməkdaşları isə bildirmişlər ki, qeyd olunan boş sahədə tikinti işləri aparılmasına dair onlar tərəfindən heç bir icazə və razılıq verilməmişdir. O qeyd olunan tikintinin inşası üçün 20000 manatdan artıq pul xərcləmişdir. Cavabdeh2 əməkdaşları aidiyyəti üzrə müvafiq məhkəmə qərarı olmadan onun inşa etdiyi tikintini söküb dağıdaraq istifadə üçün yararsız hala salmaqla ona 20000 manatdan artıq məbləğdə maddi ziyan vurmuşlar. Bundan sonra o, "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə görüşmüş, cavabdehin ona satdığı boş sahədə inşa etdiyi tikintini Cavabdeh2 əməkdaşlarının söküb dağıtması, həmin boş sahədə tikinti aparılmasına onlar tərəfindən icazə verilməməsi və həmin sahənin ona satılmasının qanunsuz olduğunu, həmin boş sahədə heç bir tikinti aparıla bilməyəcəyini bildirmişdir. Ona görə də o, Cavabdeh1 həmin boş sahə üçün "xxxx" MMC-yə ödədiyi 32500 manat pulun qaytarılmasını xahiş etmişdir. O, Cavabdeh1 dəfələrlə həmin pulun qaytarılmasını xahiş və tələb etsə də, sonuncu həmin pulu geri qaytarmamışdır. Hesab edir ki, yuxarıda götərilən boş sahə ilə bağlı "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə onun arasında 28 sentyabr 2017-ci il tarixdə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” bağlanarkən cavabdeh onu aldatmışdır. Belə ki, Cavabdeh1 həmin boş sahədə tikinti işlərinin aparılmasına dair layihə-smeta sənədləri və müvafiq orqanlardan razılığı olmadığı halda onu aldadaraq həmin boş sahədə onun tikinti aparmağa icazəsinin olduğu görüntüsü yaratmaqla qeyd olunan boş sahənin qanunsuz olaraq ona satılması barədə 28 sentyabr 2017-ci il tarixli müqavilənin bağlanmasına nail olmuşdur. O da həmin müqavilənin qanuniliyinə inanaraq "xxxx" MMC-yə 32500 manat pul ödəmişdir. Bununla da "xxxx" MMCnin direktoru Cavabdeh1 ilə onun arasında bağlanmış 28 sentyabr 2017-ci il tarixli müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün etibarsız hesab edilməklə ləğv olunmalıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə onun arasında 28 sentyabr 2017-ci il tarixdə bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” etibarsız olduğu üçün ləğv olunmaqla 220 kvadrat boş sahənin ona satılmasına görə "xxxx" MMC-yə ödədiyi 32500 manat məbləğində pulun, həmçinin inşa etdiyi tikintinin dağıdılıb yararsız hala salınmasına görə ona vurulmuş maddi zərərə görə Cavabdeh2ndən 20000 manat məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 30 manatın isə cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 2(004)- 5805/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 32500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmayan hissədə ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ona məxsus tikili Bakı şəhəri Cavabdeh2 əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən və müvafiq məhkəmə qərarı olmadan söküldüyünə görə ona 20000 manat məbləğində ziyan dəymiş, lakin birinci instansiya məhkəməsi əsassız olaraq həmin hissədə iddianı təmin etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 28.09.2017-ci il tarixli fərdi müqaviləyə əsasən iddiaçı (sifarişçi) İddiaçı bu müqaviləni əsas tutaraq, cavabdeh (podratçı) "xxxx" MMC-yə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Ə.Əhmədov küçəsində tikilməkdə olan 3 girişli 12 mərtəbəli yaşayış binasının 2-ci giriş mansard mərtəbəsində yerləşən 220 kv.m boş sahədə 155A saylı mənzili tikintisini sifariş vermiş, "xxxx" MMC isə həmin mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 52000 manat müəyyən edilmişdir. Lakin cavabdeh "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı müqavilə dəyərindən "xxxx" MMC-yə 28.09.2017-ci il tarixdə 5000 manat, 25.10.2017-ci il tarixdə 5000 manat, 02.12.2017-ci il tarixdə 3000 manat, 23.01.2018ci il tarixdə 5000 manat, 26.02.2018-ci il tarixdə 2500 manat, 05.02.2019-cu il tarixdə 12000 manat, ümumilikdə 32500 manat məbləğində pul vəsaiti ödəmişdir. İş materiallarından görünür ki, həmin boş sahədə iddiaçı tərəfindən inşa edilmiş tikili Bakı şəhəri Cavabdeh2 əməkdaşları tərəfindən sökülmüşdür. Cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında həmin tikili binanın ümumi təsdiq edilmiş layihəsindən kənara çıxaraq heç bir icazə olmadan qanunsuz olaraq inşa edildiyinə görə Cavabdeh2 əməkdaşları tərəfindən söküldüyünü bildirmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 4 iyun 2021-ci il tarixli 10/3131 saylı rəyinə əsasən, Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən yaşayış binasının 2-ci giriş mansard mərtəbəsində inşa edilmiş 155A saylı mənzilin divarlarının sökülməsi nəticəsində dəymiş ziyanın dəyəri təqribən 1760 manat məbləğində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməklə işin faktiki halları üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 2(004)- 5805/2019 saylı qətnaməsi mübahisələndilən hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Bakı şəhəri Cavabdeh2ndən 1760 manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-277/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-277/2021
17.08.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver