Məhkəmə qərarları › İş №2(103)-2775/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2775/2021

02.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2775/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və sair tələbləri” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə, tərəflərin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evindən çıxarılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli “Çıxarışında” qeyd edilməyən tikilinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin tikinti materiallarından boşaldılması, torpaq sahəsinin və fərdi yaşayış evinin çıxarışda qeyd edildiyi vəziyyətə gətirilməsi, bununla bağlı bütün xərclərin cavabdeh tərəfindən çəkilməsi, iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 15.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ümumi sahəsi 143,2 kv.m 4 otaqlı 14 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,2179 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının xalası X1 vəsiyyətnamə əsasında vərəsəliklə iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. İddiaçı mülkiyyətçi olsa da, cavabdehin qanunsuz hərəkətləri nəticəsində evindən və torpaq sahəsində istifadə edə bilmir. Belə ki, iddiaçının xalası 21.05.2018-ci il tarixdə vəfat edən zaman, cavabdeh, Qaradağ Rayon Prokurorluğunun əməkdaşlarının yanında iddiaçının üstünə hücum etmiş, onu evdən qovmaq istəmişdir. Bundan sonra, iddiaçının vərəsəlik və mülkiyyət hüququ məhkəmə qərarları ilə təsdiq olunmuş, bu barədə iddiaçıya “Reyestrdən çıxarış” verilmişdir. Cavabdeh iddiaçıya qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın qəbulu tələbi barədə” iddia ilə Qaradağ Rayon Məhkəməsinə iddia vermiş, lakin həmin məhkəmənin qəbul etdiyi 15.02.2019-cu il tarixli qətnamə ilə rədd edilmişdir. Bundan sonra, cavabdeh əlində heç bir qərar və yaxud hüquq müəyyənedici sənəd olmadan, evin boş olduğunu görüb qapını qıraraq içəri daxil olmuş, orada yaşamış, iddiaçıya məxsus olan bəzi tikilini sökmüş, orada özbaşına tikinti aparmış və iddiaçıya əhəmiyyətli dərəcədə maddi və mənəvi zərər vurmuşdur. İddiaçı cavabdehdən zəbt etdiyi fərdi yaşayış evinin boşaldılmasını xahiş etmiş, lakin nəticəsi olmamışdır. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.11.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin çıxarılmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi iddiaçıya məxsus deyil, cavabdehin atasına məxsus olmuşdur. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə iddianın təmin edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən verilmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh iddia tələbin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və həmin hissədə iddianın rədd edilməsini arzulayır. Odur ki, göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli “Çıxarışından” görünür ki, yuxarıda qeyd edilən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı ona məxsus fərdi yaşayış evinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsini tələb edir. Cavabdeh bildirir ki, mübahisəli ev və torpaq sahəsi onun atasına məxsus olmuş, iddiaçıya məxsus deyil. Məhkəmə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə olan 1 saylı Protokolun 1-ci maddəsinə görə, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli evə dair onun hər hansı bir hüququnun mövcud olduğunu təsdiq edən sənədləri məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin hazırda sahibliyində olan və yaşadığı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bu baxımdan hesab edilməlidir ki, mübahisəli evin cavabdehin sahibliyində olması qanunaziddir və cavabdehin həmin evdən çıxarılması barədə iddianı təmin etməkdə Rayon Məhkəməsi haqlı olmuşdur. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver