Məhkəmə qərarları › İş №2(103)-3069/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3069/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3069/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “öhdəliyin icra olunmamasına görə pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərardadından "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizasının təyin olunması və ekspert rəyi alınanadək işin icraatının dayandırılması qərara alınmış, məhkəmənin 18.11.2021-ci il tarixli qərardadı ilə isə ekspertlər qarşısında əlavə suallar qoyulmuşdur. Həmin qərardaddan "xxxx" MMC-nin nümayəndəsinin verdiyi şikayət məhkəmənin 14 yanvar 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə bu zaman ona əsaslanmışdır ki, Mülki-Prosessual Məcəllədə ekspertizanın təyin olunması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. "xxxx" MMC-nin nümayəndəsinin bu qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 97-98-ci maddələrinin mənasına görə, qanunvericilik istər ekspertiza təyin edilməsi, istərsə də ekspertiza təyin edilməsindən imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, ekspertizanın təyin olunması barədə vəsatət üzrə qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməklə mübahisələndirilən qərardaddan verilən şikayəti geri qaytarmışdır. Kollegiya onu da qeyd edir ki, əslində bu cür vəziyyət birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını düzgün tətbiq etməməklə 14 yanvar 2022-ci il tarixli qərardadda ondan şikayət verilməsinin mümkünlüyünü göstərməsi nəticəsində yaranmışdır; halbuki, həmin qərardad ekspertiza qarşısında əlavə sualların qoyulması barədə olmaqla ondan şikayət verilməsi nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-293/2022 saylı iş üzrə 14 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar