Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3744/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-635/2020 saylı, 16 noyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, alğı-satqı müqaviləsinin girov müqaviləsi hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunda 4Ə-532 reyestr qeydi ilə qeydə alınmış 14.08.2017-ci il tarixli AN-İ0642719 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin girovla təmin olunan kredit müqaviləsi kimi qeyd edilməsi, kreditə götürülmüş pula görə 12 000 manat qaytarılmasının nəzərə alınmasını, kreditə götürülmüş pulun qaytarılması öhdəliyinin müəyyən edilməsi və Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-635/2020 saylı, 16 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə telerqram ilə müraciət edərək üzürlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 14.08.2017-ci ildə Bakı şəhəri 16 saylı notariat kontorunun xüsusi notariusu G.Abiyeva tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı X6 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzili 40000 manat satmış, alıcı Cavabdeh həmin qiymətə almışdır. Mübahisəli mənzilə dair notariat işindən görünür ki, iddiaçının həyat yoldaşı A.Fətəliyev 14.08.2017-ci ildə 16 saylı notaiat kontoruna müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi 6 saylı evin 10 nömrəli mənzilini satmaq istədiyini bildirmişdir. Bununla əlaqədar, həmin əmlak üzərində qadağanın olub-olmamasını, ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı da X4 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi 6 saylı evin 10 nömrəli mənzilinin satılmasına etiraz etməməsi barədə notariat kontoruna ərizə ilə müraciət etmiş, ərizəsi reyestrdə 7E-6733 nömrə ilə qeydə alınmışdır. Notariat işindən həmçinin görünür ki, X6 və Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi 6 saylı evin 10 nömrəli mənzilinin 40 000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(008)- 1475/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X4 qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası təmin edilmiş, A.Fətəliyevin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli, 2(008)-3595/2018 nömrəli qətnaməsi ilə iddiaçı X5 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin girov müqaviləsi hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, 16 saylı notariat kontorunda 4Ə532 reyestr qeydi ilə qeydə alınmış 14 avqust 2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi həmin müqavilə əsasında verilmiş Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, 11237772 saylı çıxarışın ləğv edilməsi, iddiaçı X2 40 000 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması, tutmanın iddiaçı tərəfindən faktiki olaraq girov qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi 6 saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsilə satılmaqla satışdan əldə olunan vəsait hesabına Cavabdeh olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin iddiaçı X4 qaytarılması, mənzilə tutma yönəldikdən sonra həmin mənzilin 1 ay ərzində iddiaçı X6 tərəfindən boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.08.2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6319/2018 saylı mülki iş, iddiaçı X3 cavabdeh X1 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, alğı-satqı müqaviləsinin girov müqaviləsi hesab edilməsi tələbinə dair 2(103)-9510/2018 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş, birləşdirilmiş işə 2(103)- 6319/2018 nömrə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2(103)-6319/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X4 qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi tələbinə dair iş üzrə Sabunçu rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli qətnaməsindən cavabdeh X3 verdiyi apellyasiya şikayəti təmin olunmamış, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X3 cavabdeh X1 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, alğısatqı müqaviləsinin girov müqaviləsi hesab edilməsi tələbinə dair iş üzrə Sabunçu Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti təmin olunmuş, Sabunçu Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq, iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.05.2019-cu il tarixli 2(102)- 3222/2019 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2(103)-6319/2018 nömrəli qətnaməsindən A.Fətəliyevin verdiyi kassasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1-337.4). Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Kollegiya göstərir ki, hazırkı işdə iddiaçı tərəf cavabdehlə alğı-satqı müqaviləsini aldatma yolu ilə bağlı məhkəməyə biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut təqdim edə bilmədiyindən, onlar arasında bağlanan müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Bundan əlavə, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin normanın mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun 15 iyun 2015-ci il tarxili Qərarındakı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İşin hallarından da göründüyü kimi, hazırkı mübahisə ilə bağlı tərəflər arasında məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.05.2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, etibarlılığı mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanan zaman qanun pozuntusuna yol verilməmiş, A.Fətəliyevin Cavabdeh 40 000 manat borc alması və sonuncunun təklifi üzrə borcun təminatı olaraq mənzilini girov qoymaq istəməsi, bu səbəbdən də formal alğı-satqı müqaviləsi bağlanması, aldadılması müəyyən olunmur. Beləliklə də, hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə qərarı mövcuddur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, iddiaçı iddiasının əsas kimi istinad etdiyi mübahisəli mənzilə dair alğı-satqı müqaviləsinin əslində girov müqaviləsi olması, Cavabdeh 40 000 manat məbləğində borc pul alması, əslində mənzili satmaq deyil, girov qoyulması ilə bağlı niyyətlərinin olması ilə bağlı hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə araşdırılmış və iddiaçının istinad etdiyi əsaslar sübuta yetirilməmiş, eləcə də tərəflərin öz iradələri ilə alğı-satqı müqaviləsi bağlamaqla, müqavilənin bağlanmasını arzu etdikləri və müqavilənin qiymətini müəyyən etməkdə sərbəst iradə nümayiş etdirdikləri, alğı-satqı müqaviləsinin hər hansı qanun pozuntusu olmadan bağlanıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-635/2020 saylı, 16 noyabr 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3744/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3744/2021
05.05.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver