Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4028/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əmirulla qızına qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə, maddi və mənəvi zərərin ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əmirulla qızının cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-627/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əmirulla qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi,143 saylı evə istifadə hüququnun tanınması və həmin yaşayış evinə köçürülməsi, kirayə haqqları üçün ödənilmiş 18500 manat məbləğində maddi, 10000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əmirulla qızı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olmamasını müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin iyul-avqust aylarında Yasamal rayonunun Xıdır Mustafayev küçəsi, 143 ünvanında yaşayan, 1962-ci il təvəllüdlü Cavabdeh1 adlı şəxslə tanış olmuşdur. O, Novxanı qəsəbəsində yerləşən, özünə məxsus olan pendirbişirmə sexi haqqında danışaraq, onunla ortaq olmağı təklif etdi. Sütdən sarı pendir düzəltməklə, 30-40 faizə qədər xeyir götürdüyünü və ona (onunla ortaq olarsa) asanlıqla gəlirdən 3.3%-ə qədər xeyir verə biləcəyini dedi. O, sexini və evinin yerini ona göstərdi və narahat olmağa heç bir əsas olmadığını, təcili lazım gələrsə, onları sataraq, borcunu qaytara biləcəyinə onu inandırdı. Pulun olmadığını dedikdə, onun Akim Abbasov küçəsində yerləşən 4 otaqlı mənzili satıb, pulunu ona verməyi təklif etdi. Həmin mənzil Norveçdə yaşayan 7 nəfərlik bütün ailə üzvlərinə məxsus olduğu üçün, pendir sexindən gələn gəlirin 1200 ABŞ dollarını hər ay ailəsinə göndərə və bununla ailəsinin banklara olan borclarını yüngülləşdirə biləcəyini düşünərək, Cavabdeh1 dəfələrlə yazılı və şifahi qarantiyalar almaqla, həmin mənzili sataraq, notarial qaydada sənədləşdirməklə, xx xxxxxxx 2014-cü ildə, Yasamal Rayon Asan Xidmətin binasında, Dövlət Notariusunun iştirakı ilə, 2 illik kredit müqaviləsi kimi rəsmiləşdirərək, 80.000 ABŞ dollarını nəğd olaraq Cavabdeh1 vermişdir. Söz verdiyinə görə, sexin ərazisinin 60%-ni onun adına keçirməli idi. 4 otaqlı mənzilinin satışından artıq qalan 107 min ABŞ dollarına 2 otaqlı bir mənzil alaraq, ora daşındı. Bundan sonra, 107.000 ABŞ dolları qiymətinə aldığı mənzili, 65.000 ABŞ dollarına sataraq, əlavə olaraq Bakıdakı qohum və dostlardan borc almaqla, ailəsi ilə banklara olan borclarını ödəməli olduqları 86 min ABŞ dolları göndərməli oldu. O, yaşamağa heç bir yeri olmadığını, neçə illərdir kirayələrdə süründüyünü bildirdikdə Cavabdeh1 etibarnamə əsasında həyat yoldaşına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, 143 saylı evə onu xx xxxxx 2019-cu il tarixdən qeydiyyata aldırdı. Hazırda yaşamağa heç bir yeri yoxdur və uzun müddətdir ki, kirayədə qalır və kirayə haqqlarını artıq ödəyə bilmir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. xx xxxxxxx 2014-cü il tarixli razılaşmağa görə “kredit müddəti bitdikdə, kredit alan tərəf öz öhdəsinə götürür ki, evlərin bahalaşması nəticəsində onun ev almağa maddi imkanı olmazsa ona lazımi miqdarda maddi yardım göstərəcəkdir. Belə ki, verilmiş kreditin mənbəyi məhz kredit verən tərəfin evinin satılması nəticəsində formalaşmışdı”. Buna baxmayaraq cavabdehlər ona orada yaşamağa icazə vermirlər, evin söküləcəyini bildirməklə onu oradan uzaqlaşdırırlar. O, neçə illərdir Cavabdeh1 hərəkətləri nəticəsində əmlakından, mülkiyyətindən məhrum olmuşdur, mənəvi iztirablar, sarsıntılar keçirmişdir. Maddi durumu acınacaqlı vəziyyətdədir, öz dolanacaq xərclərini belə çox çətinliklə qarşılayır, heç bir yerdə işləmir və yaşayış sahəsinə olan ehtiyacının aradan qaldırılması zərurəti ilə hazırki iddianı qaldırır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onun ailə həyatı demək olar ki dağılmış vəziyyətdədir, ailə üzvləri ondan üz döndərir. Hazırda 300-400 manata çox çətinliklə kirayədə yaşayır və hesab edir ki, həmin kirayə haqqları da cavabdehlərdən ona vurulmuş ziyan kimi tutulmalıdır. İlkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddia onunla əsaslandırılmışdır ki, İddiaçı özü də mənzilə istifadə hüququnun olmadığını anlayır və hansısa aidiyyəti olmayan bir xüsusatla bu hüququn məhkəmə qaydasında tanınmasını iddia edir. İddiaçı adlı şəxsi Cavabdeh2 tanımır, lakin onun hansı şəraitdə onun mülkiyyətində olan evə pasport qeydiyyatına düşməsi ilə maraqlandıqda məlum olmuşdur ki, keçmiş həyat yoldaşı Cavabdeh1lə nikahı pozulduqdan sonrakı bəzi mülki məsələlərin həlli məqsədi ilə xx.xx.2019-cu il tarixdə vermiş olduğu etibarnamə əsassında o, ona məlumat vermədən və ümumiyyətlə onunla razılaşdırmadan sırf formal şəkildə İddiaçı adlı şəxsi onun mülkiyyətində olan evə pasport qeydiyyatına salmışdır. Qanunun tələbindən də göründüyü kimi, onun mülkiyyətində olan evə istifadə hüququna ailə üzvləri, yaxud da digər şəxslər o halda malik ola bilərlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İddiaçı onun ailə üzvü olmayıb və indi də deyildir, onun mülkiyyətində olan mənzilə sırf formal xarakterli pasport qeydiyyatından yalnız məhkəmə bildirişi mülkiyyətimdə olan evə gəldikdə məlumatlanmışdır. Hazırkı qarşılıqlı iddia ərizəsinə surəti əlavə olunmuş RX seriyalı ******* nömrəli çıxrışın məzmunundan da görünür ki, sözügedən əmlaka dair mülkiyyət hüququma dair sənədi xx.xx.2019-cu il tarixdə əldə etmişdir. Hesab edir ki, Yadigar Zəkəriyyəyevin onun evinə məlumatı olmadan pasport qeydiyyatına düşməsi azmış kimi, üstəlik mülkiyyətində olan əmlaka özünün olmayan istifadə hüququnun tanınması tələbi ilə müraciət etməsi onun mülkiyyət hüququna açıq-aşkar təhlükədir və bu səbəbdən hazırkı qarşılıqlı iddia ilə müraciət edərək X1 qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X.Q.Mustafayev küçəsi, 143 saylı evə istifadə hüququnun olmamasının müəyyən edilməsi, habelə ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-627/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əmirulla qızına qarşı Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, 143 saylı evə istifadə hüququnun tanınması və həmin yaşayış evinə köçürülməsi, kirayə haqqları üçün ödənilmiş 18500 manat məbləğində maddi, 10000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-627/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin iddiaçı mübahisəli mənzilə köçürülməsi vədi ilə qeydiyyata alınmışdır. İddiaçının qeydiyyata alınması cavabdehlərin onu yaşayış sahəsi ilə təmin edəcəklərinə dair verdikləri təminatın məntiqi və hüquqi nəticəsidir. İddiaçının öz yaşayış sahəsindən məhrum olmasının səbəbi məhz cavabdehin ona yaşayış sahəsi ilə təmin olunmasına dair vədlər verib ona məxsus evin satışından əldə olunmuş pulu mənimsəməsi olmuşdur. Qeydiyyat etibarnamə əsasında aparılmışdır. Yəni Cavabdeh1 öz arvadının ərinə verdiyi etibarnamə əsasında iddiaçı qeydiyyata düşmüşdür. Cavabdeh2 qeydiyyatdan xəbərinin olmamasını bildirsə də, həmin qeydiyyat cavabdeh şəxslərin iradəsini əks etdirir. Əgər həqiqətən cavabdehlərin nikahına xitam verilmişdirsə, o zaman əmlakın idarə olunması ilə bağlı keçmiş ərinə etibarnamə verməsinin səbəbi məlum deyildir. Belə olan halda, nikahın pozulması formal xarakter daşıyır və öhdəlikdən yayınmaq üçün atılmış addımdır. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə söz və ifadələrin hərfi mənasını deyil, həm də həqiqi mənasını nəzərə almalıdır. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 9.3, 6.2, 390, 6.1.1, 328, Mənzil Məcəlləsinin 68.1, 68.2, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8, MPM-nin 354, 385-ci maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən ilkin iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayəıtin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilmısini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında ilkin iddia üzrə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən ilkin iddia üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan ƏMDK yanında DƏDRX tərəfində verilmiş ******* saylı Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu X.Q.Mustafayev küçəsi, 143 saylı ev Cavabdeh2 Əmirulla qızının xüsusi mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Kollegiya hesab edir ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, yaşayış sahəsinə köçürülmə tələbini irəli sürmək hüququna yalnız o şəxs malikdir ki, onun həmin sahəyə hər hansı bir qanunla qorunan hüququ mövcud olsun. Belə hüququ mövcüd olmadığı halda isə iddiaçının həmin mənzilə köçürülməsini tələb etmək subyektiv hüququ yoxdur. İşin hallarına əsasən müəyyən olunur ki, mübahisə predmeti olan evin mülkiyyətçisi Cavabdeh2 Əmirulla qızıdır ki, ilkin iddia üzrə iddiaçı X1 həmin evə sadəcə pasport qeydiyyatına alınmaqla istifadə hüququnun yaranması ilə bağlı evin mülkiyyətçisi ilə aralarında notariat qaydada bağlanan hər hansı bir müqavilə yoxdur və ilkin iddia üzrə iddiaçı X2 mülkiyyətçinin ailə üzvü də deyildir. Mülkiyyətçinin mübahisəli evdən istifadə ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılığı yoxdur. Belə olan halda, kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçı X1 Bakı şəhəri Yasamal rayonu X.Q.Mustafayev küçəsi, 143 saylı evə istifadə hüququnun olmaması səbəbindən onun evə köçürülmə tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İlkin iddia üzrə İddiaçı kirayə haqqları üçün ödənilmiş 18.500 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulması tələbinə gəlincə isə, kollegiya hesab edir ki, qeyd olunan hallar ilkin iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki, Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyiilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd edilən hallar İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olmamasını təsdiq etdiyindən onun istifadə hüququnun olmamasına dair qarşılıqlı iddia tələbinin əsaslı olmasına gətirib çıxarmışdır ki, bu barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-627/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4028/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4028/2020
21.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver