Məhkəmə qərarları › İş №2(103)-4575/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4575/2021

27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4575/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 165 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləgində bank xidməti haqqının, ümumilikdə 335 manat 40 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması bərədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(001)- 4891/2020 saylı qətnaməsinə əsasən, İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 165 manat, nümayəndənin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 55 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi qismində 13 manat və 0,4 manat məbləğində bank xidmət haqqı, ümumilikdə 233,4 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 18 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(001)-4891/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadından şikayət verilərək, qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, o, hüquqlarını bilmədiyindən ilkin olaraq qətnamədən şikayətini ərizə formasında təqdim etmiş və həmin vaxt müddəti ötürməmişdir. Ərizəsinə cavab verilərkən ona qətnamədən apelyasiya şikayəti verməsi qaydası izah edilmiş, ondan sonra o, apelyasiya şikayəti tərtib edərək məhkəməyə təqdim etmişdir. Hesab edir ki, ilkin verdiyi ərizə apelyasiya şikayətinə bərabər tutulmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(001)- 4891/2020 saylı qətnaməsi 12 oktyabr 2020-ci il tarixdə Cavabdeh qeydiyyat ünvanı üzrə göndərilmiş, 23 noyabr 2020-ci il tarixdə rəsmi olaraq qəbul edilmişdir. Lakin Cavabdeh qətnamədən apellyasiya şikayətini təxminən 3 aya yaxın müddət keçdikdən sonra, 18 fevral 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Ona görə də, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar