Məhkəmə qərarları › İş №2(103)-4752/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4752/2022

26.07.2022 · Sair mülki iş - Digər - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4752/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO Maraqlı şəxs ASC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2(006)-1276/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO Maraqlı şəxs ASC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 22 noyabr 2016-cı il tarixli PTD.252535.001 saylı “Güvən” Əmanət müqaviləsi üzrə 2000 ABŞ dolları və ona hesablanmış 201 ABŞ dolları məbləğinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ASC-nin 28 May filialı ilə İddiaçı arasında imzalanmış 22 noyabr 2016-cı il tarixli № PTD ********* saylı “Güvən” Əmanət Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank əmanətçidən 2000 USD məbləğində pul vəsaitini AZ71AMRA******************** №-li hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün ilik 3% (üç faiz) dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 (on iki) ay müddətinə, 23 noyabr 2017-ci il tarixinədək (sonradan “Əsas müddət”) bağlanır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin müddəti sona çatdıqdan sonra əmanətçi əmanəti geri götürmürsə və bankla yeni əmanət müqaviləsi bağlamırsa bu müqavilə 2.2-ci bəndində göstərdiyi müddətdə, lakin bankla mövcud olan şərtlərlə uzadılmış hesab edilir. Bu zaman əmanət üzrə faizlər uzadılma tarixinə bankda qüvvədə olan faiz tariflərinə müvafiq olaraq hesablanır. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən əmanətin bu müqavilə müddəti sona çatanadək Əmanətçiyə qaytarılmasını təmin etmək öhdəliyi mövcuddur. Qeyd etmək zəruridir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə Maraqlı şəxs ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici qismində təyin edilmişdir. İddiaçı tərəfindən 06 avqust 2021-ci il tarixində ləğv prosessində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ərizə ilə müraciət edilərək xəstə olmağı səbəbindən vaxtında müraciət etmədiyi və bununla əlaqədar əmanətin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondunun icra direktorunun müavini Vüqar Abdullayev tərəfindən imzalanmış və İddiaçı ünvanlanmış 22 dekabr 2021-ci il tarixli **********296 saylı məktubla bildirilmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilir. Hazırki günə qədər tərəfindən Maraqlı şəxs ASC-nin 28 May filialında 22 noyabr 2016-cı il tarixli PTD.252535.001 saylı “Güvən” Əmanət Müqaviləsi üzrə yerləşdirdiyi 2000 USD və ona hesablanmış faizlər geri qaytarılmamış və yalnız müddətin keçməsini əsas götürmüşdülər. Tərəflər arasında imzalanmış 22 noyabr 2016-cı il tarixli PTD.252535.001 saylı “Güvən” Əmanət Müqaviləsinin 5.5-ci bəndinin “e” yarımbəndinə əsasən ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən təminatçıya kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elan ilk dəfə dərc edildiyi gündən 5 il müddətinə saxlanılır. Hazırki mərhələdə qanunvericliyin tələbini, habelə tərəflər arasmdaki müqavilənin şərtlərini nəzərdə keçirən zaman iddiaçının kompensasiya almaq hüququ 5 il müddəti ilə məhdudlaşdırılmışdır ki, həmin müddət iddiaçı tərəfindən ötürülməmişdir. İddiaçı tərəfindən yalnız ərizənin verilməsi üçün qanunvericliklə nəzərdə tutulmuş müddəti ötürülmüşdür ki, həmin müddət iddiaçının ahıl və qismən də ruhi xəstəliyinin olması, habelə faktiki olaraq Xaçmaz rayonunda yaşaması ilə əlaqədar olmuş və faktiki olaraq bankın müflis elan olunmasından məlumatlı olmamışdır. Nəzərə alınması zəruridir ki, iddiaçı həmin əmanət məbləğini banka yerləşdirdikdən sonra müqaviləyə müqavilədə nəzərdə tutulan şərtlərdən əlavə hansısa əlavə və dəyişikliklər edilməsi ilə bağlı razılığa gəlməmiş, həmin əmanət məbləğini geri tələb etməmiş və keçən müddət ərzində müəyyən faizlərin yığılacağını əsas götürərək hərəkətsizlik nümayiş etdirmişdir. Hazırki mərhələdə əmanətin Maraqlı şəxs ASC-nin ləğvedicisi tərəfindən geri qaytarılmaması üçün heç bir əsas mövcud deyildir və qanunvericliklə bu halı məhdudlaşdıran normativ tənzimləmə yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2(006)- 1276/2022 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, işin obyektiv araşdırılmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini, iddia müddətinin keçməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Maraqlı şəxs ASC arasında 22 noyabr 2016-cı il tarixli, PTD.252535.001 saylı “Güvən” əmanət müqaviləsi”nin bağlanması, həmin müqaviləyə əsasən Banka 12 ay müddətinə, illik faiz dərəcəsi 3 faiz olmaqla 2000 ABŞ dolları məbləğində əmanət qoyulması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)- 130/2020 saylı qərarı ilə Maraqlı şəxs ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin olunmuşdur. Bundan sonra, yəni 06 avqust 2021-ci il tarixdə iddiaçı Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, müvafiq kompensasiyanın ödənilməsini xahiş etmiş, ərizəsində həmçinin uzun müddətdir xəstə olduğunu da qeyd etmiş, lakin cavabdehin 22 dekabr 2021-ci il tarixli məktubu ilə bundan imtina edilmiş, əsas kimi göstərilmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilir. Göründüyü kimi, imtinanın əsası kimi – iddiaçı tərəfindən ərizənin müvafiq müddət keçdikdən sonra verilməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi isə iddianı rədd edərkən göstərmişdir ki, iddiaçı kompensasiya məbləğinin ödənilməsinə dair ərizə ilə hüququnun yarandığı vaxtdan müəyyən müddət keçdikdən sonra müraciət etmişdir. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond özünə məxsus internet saytında lisenziyası ləğv edilmiş Maraqlı şəxs ASC-nin əmanətçilərinin məlumatlandırılması məqsədilə ilk bildirişi 01 may 2020-ci il tarxidə yerləşdirmiş, 06 may 2021-ci il tarixdə isə ərizə qəbulunun başa çatdığını elan etmişdir. Müəyyən edildiyi kimi göstərilən müddət ərzində iddiaçı tərəfindən əmanətin geri qaytarılması barədə müraciət daxil olmamışdır. Belə ki, iddiaçı qanunvericiklə müəyyən olunmuş müddəti bitdikdən sonra, yəni 06 avqust 2021-ci il tarxidə Fonda müraciət etməklə bu müddəti ötürmüşdür. Həmçinin qeyd edilməlidir ki, iddiaçı işə baxılan zaman məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq bir illik müddətinin axımının kəsilməsinə əsas verən halların mövcudluğunu təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmiş, nəticədə mübahisəli müddətin üzrlü səbəbdən ötürülüb-ötürülmədiyinə məhkəmənin münasibət bildirməsi mümkün olmamışdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi bu müddət iddia müddəti deyil, kompensasiya almaq üçün hüquqların qüvvədə olduğu kəsici müddətdir. Ona görə də, həmin müddətin məhkəmə tərəfindən nəzərə alınması üçün, cavabdeh tərəfindən ayrıca ərizənin verilməsinə ehtiyac qalmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində kompensasiya məbləğinin ödənilməsini tələb etmək hüququ itirildiyindən, onun bankda olan əmanətinin qorunan əmanətlərə aid olub-olmaması və bu əmanətin məbləği ilə bağlı dəlilləri araşdırmağa ehtiyac qalmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bu istiqamətdə hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan «Əmanətlərin sığortalanması haqqında» 2006-cı il 29 dekabr tarixli Qanun qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. «Əmanətlərin sığortalanması haqqında» Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən: əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir (2.1.1-ci maddə); qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Fond tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2-ci maddə); sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9-cu maddə); kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir (2.1.11-ci maddə). «Əmanətlərin sığortalanması haqqında» Qanunda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Fonda verilir. Sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi Fondun əsas funksiyası və vəzifəsidir. Fond iştirakçı bankın öhdəlikləri üzrə kompensasiya ödədikdə həmin məbləği reqres qaydasında bankdan tələb edir (Qanunun 4.1.8-ci maddəsi). Qeyd olunduğu kimi, «Əmanətlərin sığortalanması haqqında» Qanunun 27-ci maddəsində sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi qaydaları müəyyənləşdirilmişdir. Belə ki, həmin Qanunun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Həmin Qanunun 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər, qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla X2 01 mart 2016-cı il tarixli növbədənkənar iclasının qəbul olunmuş qərarına əsasən (Protokol №66) 01 mart 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi üç faiz müəyyən edilmişdir. Qorunan əmanətçilərin 02 mart 2016-cı il tarixə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi xarici valyuta ilə illik faiz dərəcəsi 3% olan əmanətlər tam qorunan (kompensasiya olunan) əmanət hesab olunur. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı ilə Maraqlı şəxs ASC arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli, PTD.252535.001 saylı “Güvən” əmanət müqaviləsi”nə əsasən əmanət müqaviləsinin sonunadək illik faiz dərəcəsi 3% miqdarında müəyyən edilmişdir. «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinin tələbinə görə Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Göründüyü kimi, sığorta hadisəsi baş verənədək iddiaçı ilə müvafiq Bank arasında qarşılıqlı razılığa əsasən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi üç faiz müəyyən edilmiş, beləliklə də iddiaçının qeyd edilən əmanəti tam sığortalanmaqla, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən tam qorunan (sığortalanmış - kompensasiya edilən) əmanət hesab olunmuşdur. Bu səbəbdən də iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqlara malik olması aşkardır. Belə olan halda isə cavabdehin müvafiq kompensasiya məbləğini ödəməkdən imtinasının qanuni olub-olmaması yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçı tərəfindən “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin ötürülməsinə əsaslanmışdır. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Həmin Qanunun 28.5-ci maddəsinə əsasən Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X2 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. Qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü müddəsində göstərilən müddət iddia müddəti (kəsici müddət) olmamaqla, əmanətçilərin kompensasiya ödənilməsi barədə cavabdehə ərizə ilə müraciət etməsini tənzimləmişdir. Bununla yanaşı, cavabdeh göstərilən müddəti əmanətçinin ərizəsinə əsasən uzada bilər. İddiaçı isə ərizəsində keçən müddət ərzində xəstə olmasını qeyd etməsinə baxmayaraq, cavabdeh bu istiqamətdə hər hansı mövqe bildirməmiş, imtina məktubunda sadəcə Qanunun normalarını sadalamaqla kifayətlənmişdir. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır (“Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.3-cü mad). Göründüyü kimi, kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddət keçməmişdir və belə olan halda formal əsaslarla iddiaçının müraciətində imtina olunması sonuncunun əmanətçi kimi hüquqlarının pozulması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları tam və ətraflı araşdırmamış, sadəcə kəsici müddətin keçməsini qeyd etməklə kifayətlənmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, istinad olunan müddət məhkəməyə müraciət müddəti kimi qəbul edilə, beləliklə də kəsici müddət kimi nəzərə alınmaqla iddianın rəddinə əsas ola bilməzdi. Eyni zamanda Qanunun qeyd edilən normalarından görünür ki, bir illik müddətin keçməsi özü-özlüyündə kompensasiya almaq hüququnun vaxtından əvvəl xitamına səbəb olmur (normada bununla bağlı birbaşa göstəriş yoxdur). “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsi, həmin Qanunun 28.4 və digər əlaqəli normaları ilə birlikdə götürülməklə qiymətləndirilməli və nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia 2000 ABŞ dolları pula aid hissədə əsaslıdır, bu səbəbdən də təmin olunmalıdır. Lakin, iddia qalan hissədə, yəni 2000 ABŞ dollarına hesablanmış 201 ABŞ dolları məbləğin tutulması hissədə təmin oluna bilməz. Çünki, iddiaçı həmin hissədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdehin üzərinə iddiaçıya 2000 ABŞ dolları əmanətin kompensasiya formasında ödənilməsi vəzifəsi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddia tələbindən görünür ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO Maraqlı şəxs ASC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2(006)-1276/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2(006)- 1276/2022 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə İddiaçı 22 noyabr 2016-cı il tarixli, PTD.252535.001 saylı “Güvən” əmanət müqaviləsi”nə əsasən Maraqlı şəxs ASC-yə əmanət qoyulmuş 2000 (iki min) ABŞ dolları əmanətin kompensasiya formasında ödənilməsi vəzifəsi qoyulsun, iddia qalan hissədə təmin olunmasın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver