Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4864/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(005)-469/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2000 manat məbləğində ödənilməmiş kirayə haqqının, kommunal xərclərə görə ödənilməmiş 103,13 manatın, mənəvi ziyana görə 1000 manatın, gecikdirilmiş müddət üzrə faizlərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaqismən təmin edilərək, Cavabdeh1 2000 manat kirayə haqqının, kommunal xərclərə görə ödənilməmiş 103,13 manatın və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qərəzli, tam araşdırılmadan, maddi hüqüq normalarına düzgün əsaslanmadan və qeyri-obyektiv çıxarılmışdır. Qətnamə aşağıdakı əsaslara görə ləğv olunmalıdır. İşə baxan məhkəmə onun və digər cavabdehin izahatlarını nəzərə almadan, onlara hüquqi qiymət vermədən iddiaçının izahatına əsaslanaraq belə bir qanunsuz qətnamə çıxarmışdır. Ancaq qərara diqqətlə nəzər yetirdikdə həmin qətnaməni çıxarmış məhkəmənin bu pulların nə üçün verilməməsinin səbəbləri ilə əlaqədar heç bir araşdırma aparmadığı və cavabdehlərin izahatlarını belə qətnamədə göstəmədiyi aşkar görünür. Bütün bu uyğunsuzluqların son nəticəsi kimi belə bir qanunsuz qətnamə elan olunmuşdur. Özü məhkəmədə verdiyi izahatında göstərmişdir ki,X4 xx.xx.2018-ci ildən Mir Cəlal küçəsi 63 saylı binanın 146 saylı mənzilini ailəsi üçün kirayə tutmuş və pulunu ödəməyi öhdəsinə götürmüşdür. X2 ona borcu olduğu üçün kirayə pulunu ödəməli idi. Latin sonradan may ayında evin sahibi olan iddiaçı gəlib onları evdən məcburi surətdə qovub çıxarmış və onlara məxsus əmlakları da evdən götürməyə imkan verməmişdir. Məcbur olub evdən çıxmış və Ergün onları bu dəfə heç bir şəraiti olmayan bir yerə köçürmüş və söz vermişdir ki, əmlakları alıb qaytaracaqdır. Həmin əmlaklarla əlaqədar müxtəlif instansiyalara şikayət yazsa da, iddiaçı onları qaytarmamış, şəraitsizlikdən gəlin uşağı vaxtından əvvəl doğmuş və uşaq da tələf olmuşdur. Onlara məxsus əşyaları şəraitsiz yerə qoyub saxladığı üçün iddiaçının təqsiri üzündən bütün əmlakı tələf olmuşdur. Otaqda olan siçanlar əmlaklarını didib-dağıtmışlar. Məhkəmə ona dəyən ziyana görə iddiaçıya qarşı heç bir tədbir görməmiş və onun iddasını təmin etmişdir. Qətnamə iddiaçının yalanlarına, heç bir sübutu olmayan izahatına və iş materialında olan bəzi sənədlərə əsaslanaraq çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh1 teleqram göndərərək, anasının xəstə olması ilə bağlı gələ bilmədiyini bildirsədə, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı apelyasiya şikayətinə etiraz edərək, bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməyibdir. Belə olan təqdirdə onun həmin qətnamədən apelyasiya şikayəti verməsi anlaşılan deyildir. Apelyasiya şikayətinin əsassız olduğu üçün təmin edlməməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməsinə baxmayaraq, o, apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlarla müəyyən etmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın kirayə müqaviləsinə əsasən ona məxsus olan ünvan 1 mənzil 146 ünvanında yerləşən mənzili aylıq 400 manata 6 ay müddətinə kirayəçi Cavabdeh1 kirayəyə vermişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, icarə haqqı hər ayın 1-də alınır. Həmçinin digər Cavabdeh2 da kirayəyə verilmiş mənzildə yaşamaqla ondan istifadə etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1 və 425-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 kirayə hüquq münasibətlərindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan borc məbləği Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, digər Cavabdeh2 ilə kirayə müqaviləsi bağlanmadığından və onunla kirayə münasibəti yaranmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyit ərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iddia tələbinin əsası olan kirayə münasibətləri İddiaçı ilə Cavabdeh2 arasında yaranmamış, bunu apelyasiya baxışı zamanı iddiaçı da mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-469/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 469/2020 saylı qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh2 münasibətdə təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi olaraq verildiyi vaxtdan 2 ay müddətində kassasiya şikayəti verilmədiyi halda qanuni qüvvəyə minir və ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Şərafət Məmmədova Xəyal Sarıyev Əsli ilə düzdür: Hakim Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4864/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4864/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver