Məhkəmə qərarları › İş №2(103)-4892/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4892/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4892/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.m olan mənzilin cavabdeh tərəfindən açıq hərracda Məsumə Sadiqovaya satılması ilə bağlı tərtib olunmuş 30.12.2020-ci il tarixli protokol və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 11.11.2020-ci il tarixli məktubu etibarsız hesab edilsin. İddia ərizəsi məhkəmənin icraatındadır. İddiaçı “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək hərracın protokoluna əsasən dövlət reyestrində qeydiyyatın aparılması və mənzilin özgəninkiləşdirilməsi qadağan edilsin. Səbail Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun və “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin olunsun. Şikayət əsassızdır. Belə ki, mənzilin hərracda satılması qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının tərkib hissəsidir: məcburi icra tədbiridir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin edilərsə, bu hal məhkəmə qərarının icrasına mane olacaq. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının dayandırılması, icra hərəkətlərinin təxirə salınması və digər bu kimi tədbirlər “İcra haqqında” Qanunda müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər. Belə ki, məhkəmə qərarlarının məcburi icrası qaydalarını və şərtlərini “İcra haqında” Qanun müəyyən edir. Həmin Qanunun göstərişləri nəzərə alınmadan məhkəmə qərarının icrasının mane olan hər hansı tədbirin “iddianı təmin etmə tədbiri” kimi görülməsi Konstitusiyasının 129-cu maddəsinin tələbinin pozulması kimi qiymətləndirilə bilər. Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar