Məhkəmə qərarları › İş №2(103)-4894/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4894/2021

07.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4894/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Şıxəli Baxşıyevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “torpaq sahəsinin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh zəbt etdiyi, iddiaçıya məxsus olan, Bakı şəhəri, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 0,6 ha torpaq sahəsindən çıxarılsın. İddia ərizəsi birinci instansiya məhkəməsinin icraatındadır. İddiaçı “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə verərək xahiş edib ki, cavabdeh tərəfindən həmin torpaq sahəsində aparılan tikinti işləri dayandırılsın. Səbail Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və ərizə təmin olunsun. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Şıxəli Baxşıyev bildirdi ki, cavabdeh başqasının torpaq sahəsini zəbt etməyib. Şikayət təmin edilə bilməz. Belə ki, iddianın verilməsi faktı öz-özlüyündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə əsas olmur, iddia həm də uğurlu olmalıdır. İddianın uğurluluğu ilkin sübutlar əsasında müəyyənləşdirilir. Lakin cavabdehin tikinti işlərini məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsində apardığını təsdiq edən ilkin sübutlar yoxdur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəlləsinin 157-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizəni rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar