Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4976/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı X1, Cavabdehin vəkili və nümayndəsi X2 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2431/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2431/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Hazırda İddiaçı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2431/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2431/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №-li qərarının 2 və 3.1-ci bəndlərində qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Kollegiya hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası ilə bağlı mülki işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından, odur ki, işin icraatına xitam verilməli olduğundan, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya yuxarıda qeyd edilənlərə və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2431/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 32, 263-264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2431/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4976/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4976/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver