Məhkəmə qərarları › İş №2(103)-5494/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5494/2020

21.07.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Bank hesabatı müqavilələrinin ləğv edilməsi, xitam verilməsi və ya dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5494/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Oqtay oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Əbdülxaliq qızının cavabdeh «xxxx» ASC-yə qarşı «müqaviləyə edilmiş dəyişikliyin etibarsız hesab edilərək ödənilməyən faiz məbləğinin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 1982/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əbdülxaliq qızı cavabdeh «xxxx» ASC-yə qarşı «müqaviləyə edilmiş dəyişikliyin etibarsız hesab edilərək ödənilməyən faiz məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx xxxxx 2015-ci il tarixli əmanət müqaviləsinə Bank tərəfindən birtərəfli qaydada edilmiş əmanətin illik faiz dərəcəsinin 2 faizə endirilməsi ilə bağlı dəyişikliyin etibarsız hesab edilməsi, faizlərin əmanət müqaviləsinin şərtlərinə uyğun hesablanması və iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə İddiaçı Əbdülxaliq qızı arasında xx xxxxx 2015-ci il tarixli «Klassik əmanət (depozit) hesabı haqqında» müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, əmanət üzrə aylıq faiz dərəcəsi 10,6% olmuşdur. Lakin, 2017-ci ilin 16 noyabr tarixində cavabdeh faiz dərəcəsinin birtərəfli azaldılması barədə qərar qəbul etmişdir. Faiz dərəcəsinin birtərəfli qaydada azaldılmasının qanuniliyinin əsaslandırılması məqsədilə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci maddəsinə, yəni şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edilib. Cavabdeh sonradan iddiaçıya göndərdiyi məktubda qeyd etmişdir ki, «Müqavilə bağlandıqdan ötən dövr ərzində ölkə iqtisadiyyatında, o cümlədən bank-maliyyə sektorunda baş vermiş əhəmiyyətli dəyişikliklər nəticəsində 2016-cı il ərzində Bankın maliyyə vəziyyəti ciddi dərəcədə pisləşmişdir». Hətta qəbul etsək ki, şərait, doğrudan da, əhəmiyyətli dərəcədə dəyişmişdir, yenə də, qeyd edilən əsas cavabdeh tərəfindən müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə icazə verə bilməz. Belə ki, müqavilənin 1.5-ci bəndinə əsasən, müqavilənin müddəti 60 aydır, yəni müqavilə müddətlidir. Mövcud qanunvericilik müddətli əmanət müqavilələri üzrə faizlərin miqdarının cavabdeh tərəfindən azaldılmasını birmənalı şəkildə qadağan edir. Müqavilənin özündə də yeni faiz dərəcələrinin dəyişdirilməsinə yalnız müqavilə müddəti uzadıldıqda və müqaviləyə uyğun olaraq depozitin qalığına dair yeni müqavilə bağlandıqda icazə verilir. Hazırki halda isə müqavilə müddəti hələ bitmiş olmadığından, belə bir dəyişikliyin edilməsi həm qanunvericiliyə, həm də müqavilə şərtlərinə ziddir. Mövcud qanunvericiliyə əsasən, müqaviləyə dəyişikliyin edilməsi yalnız qarşı tərəfə dəyişiklik barədə təklifin göndərilməsi yolu tərəflərin qarşılıqlı razılaşması əsasında, və ya məhkəmə yolu ilə mümkündür. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1982/2020 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün yüksək faiz xərclərinin azaldılmasının qarşıya məqsəd qoyulması, müqavilənin şərtlərinə riayət olunması, iddianın əsassız olması və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməldir ki, tərəflər arasında xx xxxxx 2015-ci il tarixli «Klassik əmanət (depozit) hesabı haqqında» əmanət (depozit) müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus 50000 ABŞ dolları məbləğində pul vəsaitinin 60 ay müddətinə, illik 10,6 % dərəcəsi ilə əmanətə qəbul edilməsi işin mübahisə olunmayan hallarıdır. Mübahisəli məsələ cavabdeh tərəfindən həmin müqavilə şərtinin (faizlərin) birtərəfli qaydada dəyişdirilməsi ilə bağlı sahədə yaranmışdır. Belə ki, «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, MF/051 saylı məktubun surətindən görünür ki, bank tərəfindən əmanət üzrə müəyyənləşdirilmiş faiz dərəcəsi xx.xx.2017-ci il tarixdən endirilərək, illik 2 % dərəcəsi ilə müəyyənləşdirilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən bank əmanəti müqaviləsi üzrə əmanətin məbləği üçün faizlərin dəyişdirilməsi üçün Mülki Məcəllədə konkret hallar müəyyən edilmişdir. Faizlərin dəyişdirilməsi yalnız müqavilə müddətinin qurtarması və müqaviləyə uyğun olaraq depozitin qalığına dair yeni müqavilə bağlanması ilə şərtləndirilmişdir ki, hazırki işin hallarında da qeyd olunan şərtlərin mövcud olması müəyyən edilməmişdir. Digər tərəfdən cavabdehin müqaviləyə birtərəfli qaydada dəyişiklik edərkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 422-ci maddəsinə istinad etməsi də əsassız olmuşdur. Qeyd olunan normanın mənasından aydın olur ki, cavabdehin hazirki halda istinad etdiyi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı baş versə belə, buna görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi - müqavilədə ayrı qaydanın nəzərdə tutulmaması və ya onun mahiyyətindən ayrı qaydanın irəli gəlməməsi ilə şərtləndirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin isə 8.1-ci bəndinən görünür ki, müqaviləyə dair bütün əlavələr və dəyişikliklər yazılı formada tərtib edilir və hər iki tərəf imzalandıqdan sonra qüvvəyə minərək bu müqavilənin tərkib hissəsini təşkil edirlər. Lakin iş materiallarında olan «xxxx» ASC-nin bank əmanətçisi İddiaçı ünvanladığı məktubdan görünür ki, müqavilənin faizlərlə bağlı şərtləri bank tərəfindən 2017-ci il tarixdən etibarən Mülki Məcəllənin 422-ci maddəsinə əsasən birtərəfli qaydada dəyişdirilmiş və müqavilə üzrə ABŞ dolları ilə depozitin illik faiz dərəcəsi 2 faizə endirilmişdir. Göründüyü kimi, müqaviləyə dəyişiklik yazılı formada tərtib edilməmiş, habelə iddiaçının buna rəsmi razılığı alınmadan cavabdeh tərəfindən birtərəfli qaydada edilmişdir ki, bu da həm müqavilənin yuxarıda istinad edilən müddəalarına, həm də qanunvericliyin tələblərinə zidd olmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh müqavilənin faizlərlə bağlı şərtlərinin Mülki Məcəllənin 422-ci maddəsinə əsasən birtərəfli qaydada dəyişdirməkdə haqlı olmamış, bu barədə iddiaçının razılığı almamış, ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktublarında göstərilənlər həmin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşadığıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış müqavilədə onun şərtlərinin (faiz dərəcələrinin) birtərəfli qaydada, digər tərəfin ziyanına dəyişdirilməsi imkanı nəzərdə tutulmamışdır. Eyni zamanda, mülki qanunvericiliklə də belə bir imkan birbaşa müəyyən olunmamışdır. Qeyd edilməlidir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin «Müqavilə hüququ» adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bank əmanəti müqaviləsi (Mülki Məcəllənin 944-cü maddəsi) də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İşdən görünür ki, müqavilənin faizlə bağlı şərtinin dəyişdirlməsi ilə bağlı tərəflərin (hazırki vəziyyətdə iddiaçının) qarşılıqlı razılığı olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, əmanət müqavilələri müddətli olduğundan bank ödənilən faizlərin müqdarını birtərəfli qaydada azaltmaqda haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 948.3-cü maddəsinin tələbinə görə fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Eyni zamanda, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, qarşılıqlı razılıq olmadığı təqdirdə bank müqavilənin dəyişdirilməsinə yalnız məhkəmə qaydasında tələb irəli sürməklə nail ola bilərdi. Əks hal (müqavilənin birtərəfli qaydada dəyişdirilməsi) digər tərəfin hüquqlarının əhəmiyyətli dərəcə pozulması ilə nəticələnmişdir ki, bu da yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən birtərəfli qaydada əmanət (depozit) müqavilələri üzrə faiz dərəcələrinin dəyişdirilməsini (faizlərin aşağı salınmasını) qanunsuz hesab etmiş, iddianı təmin etmişdir. Cavabdeh etirazının (apellyasiya şikayətinin dəlillərinin)əsası kimi istinad etdiyi halları əsasılanıdra və sübut edə bilməmişdir.Eyni zamanda,cavabdehin apellyasiya şikayətində göstərdiyi əsaslar müqavilənin qanunvericiliyin tələblərinə zidd qaydada dəyişdirilməsinə haqq qazandırmır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Əbdülxaliq qızının cavabdeh «xxxx» ASC-yə qarşı «müqaviləyə edilmiş dəyişikliyin etibarsız hesab edilərək ödənilməyən faiz məbləğinin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 1982/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 1982/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver