Məhkəmə qərarları › İş №2(103)-5730/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5730/2020

01.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5730/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “istehlakçının hüquqlarının müdafiəsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “istehlakçının hüquqlarının müdafiəsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, yaşadığı ünvanda quraşdırılmış elektrik sayğacının səhv olaraq, yəni real istehlaka uyğun olmayaraq artıq hesablandığı 11456 kv/saat enerjiyə görə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin həcmdə (11456 kv/saat) sərfiyyata görə ödənişin alınmaması vəzifəsi cavabdeh “xxxxxxxx” ASC-nin X4 Təchizatı və satışı İdarəsinin üzərinə qoyulması, cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri ilə ona və ailəsinə vurulmuş 1000 manat həcmində kompensasiya kimi dəyərləndirdiyi mənəvi zərərin əvəzi cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış elektrik sayğacının səhv hesablanma aparmağından şübhələndiyi üçün Xaçmaz Elektrik şəbəkəsinin rəisinə ərizə ilə etdiyi müraciətdən sonra 2017-ci ilin fevral ayında sayğac yenisi ilə əvəz edilmişdir. xx xxxx 2017-ci il tarixdə dəyişdirilmiş həmin sayğac onun iştirakı ilə laboratoriyada yoxlanılmış və sayğacın müsbət xəta ilə, yəni artıq sərfiyyat hesablamaqla işlədiyi müəyyən edilmişdir. 2005-ci il istehsallı, istismar müddəti 5 il olan disk tipli bu sayğac istismar müddətini bitirsə də, enerji təchizatı müəssisəsi onun yenisi ilə vaxtında əvəzlənməsini təmin etməmişdir. 2012-ci ildən 2017-ci ilin fevral ayınadək olan müddət ərzində ödədiyi enerji haqlarının məbləğlərini müqayisəli surətdə analiz etməklə müəyyən etmişdir ki, sayğac 2015-ci ilin mart ayından sonra səhv işləmiş, real sərfiyyatdan artıq hesablanmalar aparmış, bu da onun tərəfindən uyğun olmayan dərəcədə artıq ödənişlər aparmağı ilə nəticələnmişdir. Belə ki, elektrik enerjisi sayğacının düzgün hesablama apardığı dövrdə: - 2012-ci ildə cəmi 3426 kv/saat, orta aylıq 285,5 kv/saat; 2013-cü ildə cəmi 2821 kv/saat, orta aylıq 235,08 kv/saat; 2014-cü ildə cəmi 3076 kv/saat, orta aylıq 256,3 kv/saat; 2015-ci ilin ilk 2 ayından cəmi 510 kv/saat, orta aylıq 255 kv/saat enerji sərfiyyatı olmuşdur. Elektrik enerjisi sayğacının qeyri-dürüst işləyərək artıq hesablama apardığı dövrdə: 2015-ci ilin son 10 ayında 7689 kv/saat, orta aylıq 768,9 kv/saat; 2016-cı ildə cəmi 8659 kv/saat, orta aylıq 721,5 kv/saat, 2017-ci ilin ilk 2 ayında 1317 kv/saat, orta aylıq 658,5 kv/saat enerji sərfiyyatının olması qeydə alınmışdır. Beləliklə, 2013, 2014 və 2015-ci ilin ilk 2 ayı ərzində, yəni 38 ay ərzində orta hesabla hər ay 258,7 kv/saat enerji istifadə etmişdir. Sayğac səhv işlədiyi 2015, 2016 və 2017-ci ilin ilk 2 ayı, yəni cəmi 24 ay ərzində hər ay üçün orta hesabla 736,04 kv/saat hesablanmış, bu da nəticə etibarilə 24 ay ərzində hər ay orta hesabla artıq olaraq 477 kv/saat olmaqla, cəmi 11456 kv/saat artıq hesablanmaya görə ödəniş etməyə səbəb olmuşdur. Vurulmuş zərərin əvəzinin ödənilməsinə dair cavabdehə, yəni enerji təchizatı idarəsinə dəfələrlə etdiyi şifahi və yazılı müraciətlərinə məhəl qoyulmamışdır. Odur ki, mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığı üçün, səhv olaraq əlavə hesablanmış 11456 kv/saat sərfiyyata görə ödədiyi məbləğin silinməsini təmin etmək üçün həmin həcmdə edəcəyi ödənişin alınmaması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməli olmuşdur. Cavabdeh enerji təchizatı idarəsinin məsul şəxslərinin enerji satışı ilə bağlı aralarında olan müqavilə münasibətlərinə laqeyd yanaşması – sayğacın vaxtında dəyişdirilməməsi, sayğacın sərfiyyata uyğun olmayan dərəcədə artıq hesablamasının üzə çıxarılması üçün təşəbbüs göstərməməsi, mövcud problem ilə bağlı müraciətlərinə məhəl qoyulmaması və yalan məzmunlu yazılı cavabın verilməsi, sairə hüquqa və işgüzar adətlərə zidd hərəkətlərin törədilməsi ilə ona və ailəsinə mənəvi zərər də vurulmuşdur. Mənəvi zərərin əvəzi – kompensasiya şəklində dəyərləndirdiyi 1000 manat pul cavabdehdən alınaraq ona verilməlidir. Sonda, iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2107/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış elektrik sayğacının artıq hesabladığı 11.456 kv/saat enerjiyə görə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin həcmdə (11.456 kv/saat) sərfiyyata ödənişin alınmaması vəzifəsinin cavabdeh “xxxxxxxx” ASC-nin üzərinə qoyulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxxxxxx” ASC-dən tutulması və Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxx” ASC apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iş materiallarına əlavə olunmuş sənədlər təhrif edilmiş və sözügedən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəməxx.xx.2005-ci il tarixdə quraşdırılmış sayğacın məhz hansı tarixdən müsbət xəta ilə işləməsi faktını müəyyən etmədən iddia tələbinin təmin edilən hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə tərtib edilmiş protokolun mütəxəssis tərəfindən izah edilməsi və aydınlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Abonentin Abunə haqqında vərəqindən görünür ki, ünvan 2 ünvanda quraşdırılmış elektrik sayğacının artıq hesabladığı 11.456 kv/saat enerjiyə görə hesablanmışdır. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2010-cu il tarixli, AZ-İ № 403642 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 10.14-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi dəymiş ziyan haqqında istehlakçıdan daxil olmuş müraciətə on gündən gec olmayaraq baxır və bu Qaydalara uyğun olaraq istehlakçıya ödəniş ödəyir. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqısatqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, abonentin evində quraşdırılmış sayğac “xxxxxxxx” ASC-nin yerli qurumu tərəfindən və xx xxxx 2017-ci il tarixdə dəyişdirilərək yenisi ilə əvəz edilmiş, sökülmüş sayğac abonentin iştirakı ilə laboratoriyada yoxlanılmış və sayğacın müsbət xəta ilə, yəni artıq sərfiyyat hesablamaqla işlədiyi müəyyən edilmişdir. 2005-ci il istehsallı, istismar müddəti 5 il olan disk tipli bu sayğac istismar müddətini bitirsə də, enerji təchizatı müəssisəsi onun yenisi ilə vaxtında əvəzlənməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla, o cümlədən 2012-ci ildən 2017-ci ilin fevral ayınadək olan müddət ərzində ödənilmiş enerji haqlarının məbləğlərini müqayisəli surətdə analiz etməklə müəyyən edilmişdir ki, sayğac 2015-ci ilin mart ayından sonra səhv işləmiş, real sərfiyyatdan artıq hesablamalar aparmış, bu isə iddiaçının uyğun olmayan dərəcədə artıq ödənişlər aparması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apellyasiya şikayətinin dəlillərinə isə hüquqi qiymət verərək onları əsassız hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətində sayğacın məhz hansı tarixdən müsbət xəta ilə işləməsi faktının müəyyən edilmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 77.2ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göstərilən maddəyə əsasən iddiaçının evində quraşdırılmış sayğacın hansı tarixdən müsbət xəta ilə işləməsinin müəyyən edilməsi vəzifəsi iddiaçının deyil, bütün səhmləri dövlətə məxsus olan xxxxxxxx ASC-nin üzərinə düşür. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh bu hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin artıq hesablanmış enerji sərfiyyatının müəyyən edilməsi və dəymiş zərərin aradan qaldırılması ilə bağlı iddiaçının müraciətlərini cavablandırmamışdır. Bundan başqa, işin mübahisəsiz halı ilə müəyyən edilmişdir ki, sayğac 2005-ci il istehsalı olmaqla, onun istismar müddəti 5 il olmuşdur. Yəni, həmin sayğac artıq 2010-cu ildə istismar müddətini başa vurmuşdur və həmin vaxt enerji təchizatı müəssisəsi tərəfindən dəyişdirilməli idi. Lakin cavabdeh bu öhdəliyini yerinə yetirməmiş, nəticədə abonentə artıq enerji sərfiyyatı hesablanmaqla, onun hüquqları pozulmuşdur. Göstərilənlərlə yanaşı, kollegiya hesab edir ki, 2015-2017-ci illər ərzində istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış artıq sərfiyyatın başqa cür hesablanması mümkün olmadığından, birinci instansiya məhkəməsi həmin müddətdən əvvəlki dövrü əhatə edən illər üzrə orta sərfiyyatı nəzərə alaraq, yaranmış fərqi müəyyən edərək dəymiş zərəri hesablamaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-sci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2107/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver