Məhkəmə qərarları › İş №2(103)-574/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-574/2023

06.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-574/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, əmlakdan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 avqust 2018-ci il tarixli qətnamədən iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyasiya baxışı zamanı iş üzrə üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş X4 vəkili (nümayəndəsi) X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən ev (bundan sonra – “Birinci əmlak”) və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sağ tərəfində 6 saylı sahədəki 400 kv.m torpaq sahəsində tikilmiş həyət evi (bundan sonra – “İkinci əmlak”) üzərində onun pozulmuş sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, həmin əmlaklardan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, ünvan 2 ünvanında 0,06806 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası – “Humay” şadlıq evi (bundan sonra – “Üçüncü əmlak”) üzərində onun pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin əmlakdan sahiblik, istifadə və sərəncam vermək, əmlakı özgəninkiləşdirmək hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Birinci əmlak” iddiaçıya məxsusdur. “İkinci əmlak” Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 30 №-li qərarına əsasən iddiaçıya satılmışdır. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və hal-hazıradək həmin evdə yaşayır. “Üçüncü əmlak” Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli “Çıxarışa” əsasən iddiaçıya məxsusdur. İddiaçının övladı – iş üzrə Cavabdeh Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə əmlakı müsadirə olunmaqla 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 179.3.1 və 179.3.2ci maddələri ilə əmlakı müsadirə olunmaqla 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cavabdeh qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı həmin vaxt “Üçüncü əmlakı” satsa da, alğı-satqını lazımi qaydada rəsmiləşdirə bilməmişdir. “Üçüncü əmlakı” almış şəxs isə bu yaxınlarda iddiaçıya müraciət edərək alğı-satqının rəsmiləşdirilməsini xahiş etmişdir. Onlar birlikdə Notariat Kontoruna getsələr də, məqsədlərinə nail ola bilməmişlər. Çünki Notariat Kontorunda məlum olmuşdur ki, cinayət işi ilə bağlı “Üçüncü əmlakın” üzərinə həbs qoyulmuşdur. Bununla maraqlandıqda iddiaçıya məlum olmuşdur ki, övladı olan cavabdehin barəsində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş idarəsində cinayət işinin istintaqı aparılarkən Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarlarına əsasən ona məxsus əmlakların üzərinə həbs qoyulmuşdur. Əmlaklar cavabdehə deyil iddiaçıya məxsus olsa da, Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, həmin əmlakların cavabdehə məxsusdur. Göründüyü kimi iddiaçının həmin əmlaklar üzərində olan hüquqları pozulmuşdur. İddiaçının mülkiyyətinə qanunsuz müdaxilə olmuşdur. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin tələbinə görə isə bu kimi hala yol verilə bilməz. b) iddia ilə bağlı cavabdehin mülahizəsi barədə məlumat

3. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh, cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən Rayon Məhkəməsinə ərizə göndərərək, ona qarşı irəli sürülmüş iddianın əsaslı olmasını bildirmiş və iddianın təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsi, “İkinci əmlak” üzərində iddiaçının pozulmuş sahiblik və istifadə hüquqlarının bərpa edilməsini, həmin əmlakdan iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasını, “Üçüncü əmlak” üzərində iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsini, həmin əmlakdan iddiaçının sahiblik, istifadə, sərəncam vermək, əmlakı özgəninkiləşdirmək hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasını, iddianın “Birinci əmlak” ilə bağlı hissəsinin təmin edilməməsini qət edilmişdir.

5. Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Konstitusiyanın 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.2-ci, 157.8-ci, 158.4-cü maddələrinə, “İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavənin 1 saylı Protokolun 1-ci maddəsinə, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərara və Azərbaycan Respublikası MPM-nin 191.1-ci və 77.1-ci maddələrinə istinadən iddianın bir qisminin təmin edilməsi barədə nəticəni onunla əsaslandırmışdır ki, “İkinci əmlak” Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 30 №-li qərarına əsasən iddiaçıya satılmışdır. Həmin əmlak torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evindən ibarətdir ki, onlar iddiaçıya məxsusdur. İddiaçı torpaq sahəsinin və sahənin üzərində inşa edilmiş fərdi yaşayış evinin mülkiyyətçisi olmasa da, Mülki Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik etdiyi üçün Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən həmin əmlak ilə bağlı mülkiyyət hüquqları iddiaçıya mənsubdur. “Üçüncü əmlak” isə xx.xx.1992-ci il tarixdən iddiaçının toxunulmaz mülkiyyəti sayılır və bu hal DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli “Çıxarış” ilə təsdiq olunur. Bunlara baxmayaraq Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən “ikinci və üçüncü əmlakın” üzərinə həbs qoyulmuşdur. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən iddiaçının övladı, hazır ki iş üzrə cavabdeh Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilərkən hökmlə iddiaçıya məxsus “ikinci və üçüncü əmlak” müsadirə olunmuşdur. Bu səbəbdən həmin əmlaklar Binəqədi Rayon İcra şöbəsi tərəfindən hərraca çıxarılaraq satılmaq məcburiyyətindədir. Lakin həmin əmlaklar cavabdehə deyil, iddiaçıya məxsus olduğundan onların satışının həyata keçirilməsi mümkün olmamışdır. Bundan başqa iddiaçı hökm üzrə şikayət vermək hüququna malik olan şəxs olmadığından onun əmlakları ilə bağlı hüquqları pozulmuşdur. İddiaçının əmlaklarının üzərində həbs olması və həmin əmlakların müsadirə olunması iddiaçının mülkiyyət hüququnu pozmaqla onun öz əmlakları barəsində sahiblik, istifadə, sərəncam vermək və əmlakı özgəninkiləşdirmək hüquqlarının həyata keçirilməsinə maneələr yaradılır. Buna görə də, iddianın “ikinci və üçüncü əmlaka” aid hissəsi əsaslı hesab edilərək, təmin olunmalıdır. İddianın “Birinci əmlak” ilə bağlı hissəsi isə əsassızdır. Belə ki, iddiaçı, “Birinci əmlakın” ona məxsus olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddianın “Birinci əmlaka” aid hissəsi rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələbini nəzərə almadan, qeyd edilən “ikinci və üçüncü əmlakın” cinayət yolu ilə əldə edilib-edilməməsini müəyyən etmədən qərara gəlmişdir ki, qeyd edilən əmlaklar barəsində məhdudiyyətlər qanunsuzdur. Halbuki həmin əmlaklar barəsində qanuni qüvvəyə minmiş qərarlar mövcuddur. Bundan başqa Rayon Məhkəməsi cinayət yolu ilə əldə edilmiş əmlakların ayırd edilməsi barədə halların heç birini araşdırmamış, sanki belə bir təəssürat yaratmışdır ki, qeyd edilən əmlaklar barəsində maneələri, guya cavabdeh yaratmışdır. Halbuki qeyd edilən əmlaklar cavabdehin törətdiyi cinayət əməlləri nəticəsində əldə edilmiş əmlaklar olduğuna görə müsadirə edilmişdir. e) apellyasiya icraatı zamanı əlavə şəxslərin cəlb edilməsi barədə məlumat

8. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə İddiaçı vəfat etmişdir. Bu səbəbdən də, Məhkəmə, mərhumun digər övladını – X9 iddiaçının prosessual hüququ varisi kimi işin baxılmasına cəlb etmişdir.

9. Apellyasiya baxışı zamanı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən) müəyyən edilmişdir ki, mübahisəli “İkinci əmlak” xx.xx.2016-cı il tarixdən X1, “Üçüncü əmlak” isə xx.xx.2021-ci il tarixdən X3 (1/2 hissədə) və X4 (1/2 hissədə) mülkiyyətindədir. Bunları nəzərə almış, Məhkəmə, Ramil Mahmudovu, Vaqif İbrahimovu və Umut Gündoğanı iş üzrə üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. Apellyatorun vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdiyi bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.

11. Mərhum iddiaçının prosessual hüququ varisi Camal Yusifov apellyasiya baxışının əvvəlki iclaslarının birində iştirak edərək, apellyasiya şikayətinə etiraz etdiyi bildirmiş və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, mübahisəsi gedən əmlaklar atasına məxsus olmuş, cavabdehə aid olmamışdır. “İkinci və üçüncü əmlaklar” atası sağ olan vaxt satılmayıb, atasının vəfatından sonra satılmışdır. O, mirasdan ona düşəsi paydan imtina etmişdir.

12. İş üzrə cavabdeh apellyasiya baxışının əvvəlki iclaslarının birində iştirak edərək, apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, 2008-ci ildə həbsdə olmuşdur. Cinayət işi ilə əlaqədar mübahisəli əmlakların üzərinə həbs qoyulmuşdur. Baxmayaraq ki, atası həmin əmlakları 1993-cü ildə almışdır. Buna görə də hesab edir ki, Rayon Məhkəməsinin nəticəsi düzgün olmuşdur.

13. Apellyasiya baxışı zamanı iş üzrə üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş Umut Gündoğanın vəkili (nümayəndəsi) X7 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, təmsil etdiyi şəxs, vicdanla davranaraq “Üçüncü əmlakın” 1/2 hissəsini əldə etmişdir. Buna görə də, o hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. Apellyasiya baxışı zamanı iş üzrə üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş Ramil Mahmudov və Vaqif İbrahimov işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) apellyasiya baxışının həddi barədə məlumat

15. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin, yəni “Birinci əmlak” ilə bağlı tələbin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

16. İş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, “Birinci əmlak” ilə bağlı tələbin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, Rayon Məhkəməsinin iddia tələbinin “İkinci və üçüncü əmlaklar” ilə bağlı hissəsinin təmin edilməsi barədə nəticəni mübahisələndirir.

17. Bunları nəzərə alan Məhkəmə bildirir ki, MPM-ni 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

19. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, apellyasiya baxışının predmeti olan iddia tələbi təmin edilməməlidir.

20. Belə ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 30 №-li qərarından görünür ki, Bələdiyyə, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şosesinin sağ tərəfində 6 saylı sahədəki 400 kv.m torpaq sahəsini (“İkinci əmlakı”) iddiaçıya satmışdır.

21. “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1992-ci il tarixli, 009402 nömrəli şəhadətnamədən görünür ki, ünvan 3 ünvanında yerləşən rəqs meydançasının yarımçıq tikilisi (sonradan həmin yerdə “Humay” şadlıq evi - “Üçüncü əmlak” tikilmişdir) iddiaçıya satılmışdır.

22. DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli “Çıxarışdan” görünür ki, “Üçüncü əmlak” reyestrdə xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi iddiaçının adına qeydiyyata alınmışdır.

23. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən (İş № 1(101)-96/2010) görünür ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə əmlakı müsadirə olunmaqla 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 179.3.1 və 179.3.2-ci maddələri ilə əmlakı müsadirə olunmaqla 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

24. Həmin hökmdən həmçinin görünür ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş zərər (o cümlədən hazırki mülki iş üzrə apellyator olan Maraqlı şəxs dəymiş 504.920 manat məbləğində zərər) ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş və hazırki mülki iş üzrə mübahisə predmetini təşkil edən “İkinci və üçüncü əmlaklara” yönəldilməklə ödənilsin. Bundan sonra artıq qala biləcək məbləğ dövlət nəfinə müsadirə edilsin.

25. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarlarından görünür ki, həmin qərarlar ilə Azərbaycan respublikası Baş prokurorunun birinci müavinin təqdimatlarının təmin edilməsi və barəsində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən cinayət işinin istintaqı aparılan hazırki iş üzrə cavabdehə məxsus “İkinci və üçüncü əmlakların” üzərinə gələcəkdə tətbiq olunması ehtimal olunan əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həbs qoyulmuşdur.

26. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından (İş № 7(003)-1090/2018) görünür ki, hazırki iş üzrə cavabdehin barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Qanun tətbiq edilmiş və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən cavabdehə Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təyin edilmiş maddənin sanksiyasından “əmlakı müsadirə olunmaqla” müddəaları xaric edilmişdir.

27. Apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “İkinci əmlak” Bakı Şəhəri 27 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 182 saylı məktubuna, Binəqədi Rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 30 nömrəli qərarına, xx.xx.2002-ci il tarixli “Torpaqların alğı-satqısına dair akta” və Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli RB-A/10 nömrəli arayışına əsasən iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmışdır. Bakı Şəhəri 27 saylı Notariat Kontorunun 2V-162, 2V-163 reyestr nömrəli xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə”, eyni tarixli 3M-216 reyestr nömrəli “Vərəsəlik payının bağışlama müqaviləsinə”, “Eskiz layihəyə” və məlumatlandırma ərizəsinə əsasən sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid əmlak olaraq iddiaçının övladı X8 adına ünvan 4 ünvanı adı altında qeydə alınmışdır. Həmin Notariat Kontorunun xx.xx.2019-cu il tarixli, 4ə 206 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi və onun yerləşdiyi 0,04 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin iddiaçının adına “Üçüncü əmlak” (yarımçıq tikili rəqs meydançası) ilə əlaqədar 9402 nömrəli, xx.xx.1998-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” tərtib edilmişdir və iddiaçının adı ilə əlaqədar sözügedən əmlaka dair ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli çıxarış (dublikat) verilmişdir. Bakı Şəhəri 27 saylı Notariat Kontorunun 2V-134, 2V-135 reyestr nömrəli xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə”, eyni tarixli 3M-177 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli “Vərəsəlik payının bağışlama müqaviləsinə” əsasən sözügedən “Üçüncü əmlak” iddiaçının övladı X8 adına qeydə alınmışdır. Bakı Şəhəri 23 saylı Notariat Kontorunun 4Ə-1862 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən qeyd olunan əmlak hər birinə 1/2 hissə olmaqla X3 və X4 adlarına qeydiyyata alınmışdır.

28. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.3.). Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur (maddə 157.8.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4.).

29. Beləliklə göstərilənlərə əsasən apellyasiya baxışı ilə müəyyən edilmişdir ki, “İkinci və üçüncü əmlak” iddiaçıya deyil, cavabdehə məxsus olan əmlak kimi Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə müsadirə edilmişdir. Sonradan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Qanun tətbiq edilməklə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən cavabdehə Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təyin edilmiş maddənin sanksiyasından “əmlakı müsadirə olunmaqla” müddəaları xaric edilsə də, iddiaçı tərəfindən öz övladına, hazırki iş üzrə cavabdehə qarşı sürülmüş bu kimi iddia təmin edilə bilməzdir, çünki qeyd edilən həmin əmlaklar ilə bağlı cavabdeh tərəfindən iddiaçıya heç bir maneə yaratmamışdır; cavabdeh həmin iddiaya cavab verməli şəxs olmamışdır. Prosessual qanunvericiliyin mənasına görə isə, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.

30. Belə ki, MPM-nin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun (maddə 54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (maddə 54.2.).

31. Həmçinin nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).

32. Bu baxımdan hesab edilməlidir ki, iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüş bu kimi iddia tələbi, istər yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbi baxımından, istərsə də, Rayon Məhkəməsinin istinad etdiyi ölkədaxili və beynəlxalq normaları baxımından əsaslı hesab edilərək, təmin edilə bilməz idi. Rayon Məhkəməsi iddianı apellyasiya baxışının predmeti olan hissədə təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsaslıdır.

33. Apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlili əsaslı olmaqla, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsinin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas olduğundan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin digər dəlillərinin əsaslılığının araşdırılmasına lüzum yoxdur. i) apellyasiya baxışının nəticəsi

34. Odur ki, qeyd edilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, apellyasiya baxışının predmeti olan iddia tələbi təmin edilməməlidir.

35. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 avqust 2018-ci il tarixli qətnamə qismən, apellyasiya baxışının predmeti olan hissədə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şosesinin sağ tərəfindəki 6 saylı sahədəki 400 kv.m torpaq sahəsində tikilmiş həyət ev üzərində iddiaçının pozulmuş sahiblik və istifadə hüquqlarının bərpa edilməsini, həmin əmlakdan iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, ünvan 5 ünvanında 0,06806 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası – “Humay” şadlıq evi üzərində iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin əmlakdan iddiaçının sahiblik, istifadə, sərəncam vermək, əmlakı özgəninkiləşdirmək hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, qeyd edilən tələblər təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar