Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5853/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” 2(006)-173/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən lizinqə aldığı istifadə etdiyi “Chevrolet Niva 212300-55” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomaşının hissələrinin və yedək parçalarının sıradan çıxması və əzilməsinə görə usta xərcləri daxil olmaqla maddi ziyana görə 2000 manat, 18 baş buynuzlu heyvanların ölməsinə görə dəymiş maddi ziyana görə 2310 manat, çəkdiyi yol xərcinə görə 336 manat, mənəvi ziyana görə 1000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta edilmiş Qobustan şəhər sakini Nail Əhlimanovun idarə etdiyi «VAZ-2107» markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomaşın Qobustan şəhəri ərazisində mərkəzi bazarın yaxınlığında lizinq müqaviləsinə əsasən istifadəsində olan və idarə etdiyi «Chevrolet Niva 212300-55» markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuşdur. DYP əməkdaşlarının müəyyən etdiyi kimi Nail Əhlimanovun təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun istifadəsində olan avtomaşının hissələrinin və yedək parçalarının sıradan çıxması və əzilməsinə görə ona maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinin və «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələbinə əsasən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan ** MS *** dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığorta etmiş və "xxxx" DSKŞ-nin Qobustan rayon filialının müdiri Cəsarət Xəlilov hadisə yerinə gəlmiş və avtomaşınların şəkillərini çəkmişdir. İstifadəsində olan idarə etdiyi avtomaşına dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün Xəlilov öyrəndiyi ***-***-**-** nömrəli telefona cavabdehin qiymətləndiricisinə (eksperti) zəng etmişdir. Adını bilmədiyi həmin əməkdaş avtomaşına baxış keçirmək üçün gələcəyini bildirsə də, Qobustan şəhərinə gəlmədi sonrakı zəngləri nəticəsiz qaldı. Sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri, yəni hadisə yerinin müayinə, sxemi, fotoşəkillər, inzibati xəta haqqında protokol və qərar, hadisə barədə arayış, avtomaşınlar və sürücülərə aid sənədləri, izahatları, ziyan aktını, sığorta şəhadətnaməsini şəxsən sığortaçının Bakı şəhərində yuxarıda göstərilən ünvanında yerləşən baş ofisinə təqdim etmişdir. Ödəyəcəkləri məbləğin miqdarı barədə ona heç bir söz demədən ondan lizinq təşkilatının bank rekivizitlərini istəmiş və verdiyi hesaba cəmi 360 manat pul köçürmüşlər. Həmin məbləğ avtomaşına dəyən ziyandan çox aşağı olduğu üçün cavabdehdən həmin vəsaiti geri çəkməyi tələb etmişdir. Hesab edir ki, qiymətləndirici göndərmədən, avtomaşını görmədən, kor-koranə ziyanın həcmini müəyyən etmək mümkün deyildir. Halbuki cavabdeh məhz belə etmişdir. Onun dəfələrlə şifahi tələbinə və 23 iyul 2019-cu il tarixli yazılı ərizəyə baxmayaraq cavabdeh «İcbari sığorta haqqında» Qanunun 18-ci maddəsinin tələbini pozmuş və 7 gün müddətində faktiki dəymiş ziyanı ödəməmişdir. Kənd rayonunda yaşayır və özünün şəxsi təsərrüfatı, əkin-biçin sahəsi, iri və xırda buynuzlu heyvanları var. Bu il 175 baş xırda buynuzlu heyvanları Şamaxı rayonunda yerləşən «Yəhərcə» yay otlaq sahəsində saxlayır, lizinq müqaviləsi ilə «Niva» markalı avtomaşın almağının əsas səbəbi məhz heyvanları qış və yay otlaq sahələrində saxlanılarkən yaylaq və qışlağa rahat gedib-gələ bilməyi üçündür. Yaylaq və qışlağa çoban üçün ərzaq, heyvanlara dərman, yem, duz və s. aparmaqdan ötrü həmin avtomaşından istifadə etmişdir. Bu il yol-nəqliyyat hadisəsindən sonra avtomaşın istismar olunmadığından bir neçə dəfə yaxın adamların, 4 dəfə isə X3 idarə etdiyi ** FZ *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə getmişdir və hər dəfəsinə həmin şəxsə 120 manat pul vermişdir, 36 manat yanacaq xərcini çıxmaqla (öz maşınınla getsəydi yanacağa xərci çıxacaqdı). Sığorta haqqının ona vaxtında ödənilməməsinə görə avtomaşını düzəltdirə bilmədiyi üçün 336 manat əlavə xərc çəkməli olmuşdur. Avtomaşını işləmədiyindən yaylağa bir dəfə vaxtında gedə bilməmişdir. Heyvanlarına baxan baytar həkimi X1 və zəruri dərmanları apara bilmədiyi üçün 11 baş ana qoyun və 8 baş toğlu müalicə olunmadığından yaylaqda ölmüşlər. Bir baş ana qoyunun ona bazar qiyməti 130-140 manat, bir baş toğlunun qiyməti isə 110-120 manatdır. Cavabdehin sığorta ödənişini etməməsi ilə heyvanların ölümünə görə ona dəymiş 2.310 manat maddi zərər arasında birbaşa səbəbli əlaqə vardır. Ona görə də, həmin məbləğin cavabdehdən alınıb ona verilməsini istəyir. Bundan başqa, sığortaçının avtomaşına dəymiş ziyanın həcmini müəyyən etmək üçün qiymətləndirici göndərməməsi, əsassız və qanunsuz olaraq müstəqil mütəxəssisin hesabladığı ziyanı ödəməkdən boyun qaçırması, heyvanlarının tələf hesabına görə maddi ziyana düşməyi onun dərin psixi sarsıntı keçirməyinə səbəb olmuşdur. O, cavabdehin qanunsuz hərəkətlərinə görə ona dəymiş mənəvi ziyan üçün 1000 manat istəyir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətindən maddi ziyana görə 360 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, «Vaz 2107» markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada 1 il müddətinə Şirkətdə sığortalanmışdır. 20.04.2019-cu il tarixdə sığortalı «Vaz 2107» markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçı tərəfindən idarə olunan «Chevrolet Niva» markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və sonuncu avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Şirkət tərəfindən avtomobilə dəymiş zərər 360 manat məbləğində hesablanaraq «Chevrolet Niva» markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı2 MMC-nin bank hesabına 31.05.2019-cu il tarixində ödənilmişdir. Hesablanmış zərər məbləğindən narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(006)-173/2021 saylı qətnaməsinə əsasən, iddiaçının «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi qismən təmin olunmuş, Şirkətdən cəmi 360 manat məbləğində pul və 30 manat dövlət rüsumunun İddiaçı1 xeyrinə tutulması və 100 manat məbləğində ekspertiza xərcinin Şirkətdən alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Məhkəmə araşdırması zamanı «Chevrolet Niva» markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin İddiaçı2 MMC olması araşdırılmamış, İddiaçı1 avtomobilə dəymiş zərəri tələb etmək hüququnun olmaması müəyyənləşdirilməmişdir. Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. «İcbari sığortalar haqqında» Qanunun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Qətnamədə cavabdeh tərəfindən 360 manat pul məbləğinin ödənilməsi faktı qeyd edilsə belə, bu nəzərə alınmamışdır. Bununla da, hesab edirlər ki, birinci instansiya məhkəməsi qətnamə elan edərkən tərəflərin təqdim etdiyi sübutlara bir tərəfli qaydada yanaşmış, iddiaçının təqdim etdiyi sübutlar əsas götürülərək qətnamə elan edilmişdir. Həmçinin hesab edirlər ki, iş üzrə təyin edilmiş ekspertiza xərcinin də cavabdehdən tutulması əsassız olmuşdur. Belə ki, avtomobilə dəymiş zərər məbləği cavabdehin müəyyən etdiyi zərər məbləği ilə eyni olmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi A.Həsənov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı1 şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın qismən təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi avtomobilə vurulmuş ziyana görə cavabdehdən iddiaçının xeyrinə 360 manat pul vəsaiti tutulması qənaətinə gələrkən, iddiaçının lizinq predmeti olan avtomobilə dəymiş zərərə görə icbari sığorta ödənişini tələb etməsinə dair subyektiv hüququ olub-olmamasını araşdırmamışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Chevrolet Niva 212300-55» markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı2 MMC-nin adına qeydiyyatdadır. iş materiallarında olan İddiaçı2 MMC ilə İddiaçı1 arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, 14/845 saylı daxili Lizinq müqaviləsi üzrə əlavə razılaşmanın surətindən görünür ki, müqavilə üzrə lizinq alan tərəfindən qüvvəyə minmə tarixinə lizinq verənin xeyrinə icra edilməli olan lizinq ödənişlərinin ümumi məbləği 5814,39 manatdır və əsas borc üzrə müvafiq ödənişin gecikdirildiyi günlər üçün qüvvəyə minmə tarixinə dəbbə pulunun məbləği 2267,18 manatdır. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi 31.05.2019-cu il tarixli, 2080 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ** AE *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə faydalanan şəxs İddiaçı2 MMC-yə 360 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.6-cı maddəsinə əsasən, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. «İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən icbari sığorta ödənişinin lizinq obyekti olan avtomobilin məxsus olduğu İddiaçı2 MMC-yə faydalanan şəxs kimi ödənildiyini, iddiaçının icbari sığorta ödənişini tələb etməyə subyektiv hüququnun olmadığını araşdırmadan, iddia tələbinin qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçının icbari sığorta ödənişini tələb etməyə subyektiv hüququ olmadığından həmin tələbdən irəli gələn iddia ərizəsində göstərdiyi digər tələbləri də bu əsasa görə təmin edilə bilməz. Qeyd olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(006)-173/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5853/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5853/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sığorta müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqavil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver