Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-618/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Xanım Heybətovanın iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “avtomobilin üzərində mülkiyyət hüququ tanınmaqla qanunsuz sahiblikdən geri alınması” tələbinə dair 2(011)- 1441/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – “Vaz-21074” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobil üzərində İddiaçı mülkiyyət hüququnu tanımaqla həmin avtomobilin işlək və texniki saz vəziyyətdə Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 vəCavabdeh3 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması və ya avtomobilin əvəzi olaraq dəyəri 7000 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ona ödəniməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Tovuz rayon Qovlar qəsəbə sakini Cavabdeh2 ilə dostluq edib. Cavabdeh2 özünə avtomobil almaq istəyib. Onlar Badamdar qəsəbəsindəki maşın bazarına gedib, orada tanımadığı şəxsin “Vaz-21074” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobilini 7000 ABŞ dollarına almağa razılaşıb. Həmin məbləğin 5350 manatını “xxxx” ASC-dən iddiaçının adına bağlanmış 05.10.2011-ci il tarixli avtomobil krediti və girov müqaviləsi əsasən 24 ay müddətinə illik 23% olmaqla iddiaçıya verilmiş kredit hesabına ödəyib. Belə ki, Cavabdeh2 pulu az, cəmi 2000 ABŞ dolları pulu olmuşdur. Onlar razılaşıblar ki, 2000 ABŞ dolları maşın satana verilsin. Lakin Cavabdeh2 qeydiyyatı rayona olduğu üçün bankdan ona kredit ayrılmayıb, Rəşad iddiaçıdan xahiş edib ki, Bakı qeydiyyatı olduğu üçün kredit məbləği onun adına götürülsün, bankın razılığını alıb həmin kredit müqaviləsi üzrə öhdəliyi əlavə müqavilə ilə öz üzərinə götürəcəyini, əsas və faiz borclarını banka ödəyib, iddiaçının banka olan borcunu sildirəcəyini vəd verib. İddiaçı ona inanıb etibar etdiyindən avtomobilin qalıq pulunu ödəmək üçün adına kredit götürüb. Cavabdeh2 “Vaz-21074” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobili iddiaçıdan işlək və texniki saz vəziyyətdə qəbul edərək texniki pasportu, bank sənədləri ilə birlikdə götürüb və eyni zamanda 07.10.2011-ci il tarixdə cavabdehə verdiyi etibarnamə ilə avtombili idarə etməyi və onun üzərində, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, digər hərəkətlər etməyi Cavabdeh2 etibar edib. Ancaq, cavabdeh ilk aylar banka ödəmələr apardıqdan sonra ödəmələr aparmamış, Bank iddiaçını məhkəməyə vermiş və Nəsimi Rayon Məhkəməsinin 13.06.2013-cü il tarixli, 2 (006)-570/2013 saylı qiyabi qətnaməsi ilə ondan 05.10.2011 -ci il tarixli avtomobil krediti və girov müqaviləsinə əsasən əsas və faiz borcu, cərimə borcu üzrə cəmi 4556 manat 93 qəpik məbləğində pul alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Bu qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə baxılarkən müəyyən olunub ki, Bankın icazəsi ilə 05.10.2011-ci il tarixli avtomobil krediti və girov müqaviləsinə Cavabdeh2la hər hansı bir əlavə müqavilə bağlanmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 06.11.2013-cü il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 13.06.2013-cü il tarixli, 2(006)-570/2013 saylı,qətnaməsi dəyişdirilmədən saxlanıldıqdan sonra Cavabdeh2 bir daha vəd verib ki, bankda onun adına olan kredit borcunu ödəyib bağlatdıracaq, kimsə onu narahat etməyəcək. İddiaçı ərizəsində bildirib ki, bu belə də olmalıydı. Cavabdehin necə deyərlər “aradan çıxmağa” başqa bir yolu da yox idi. Çünki, “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü olmuş avtomobil qanunla yalnız həmin bankın-ipoteka saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirilə bilərdi. Yəni, kredit borcu banka ödənilmədən bankın girovunda olan avtomobilin digər şəxsə özgəninkiləşdirilməsi mümkünsüz idi. Ancaq iddiaçı 2019-cu ilin may ayında Nəsimi rayon İcra və Probasiya Şöbəsində öyrənib ki, "Vaz-2107” markalı, **- MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə kredit borcu hələ də ödənilməyib, iddiaçıdan 4556,93 manat borc “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə Nəsimi Rayon İcra Şöbəsində 06.05.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilib, iddiaçının Respublikaya giriş-çıxışına qadağa qoyulmuşdur və “VAZ-21074” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobilin bankın girovundadır. İddiaçı avtomobili İcra və Probasiya Şöbəsinə təhvil verməlidir ki, banka olan borcunun ödənilib silinməsi məsələsinə baxılsın.Yaxın vaxtlarda iddiaçı bildirib ki, Cavabdeh2 Bakı şəhəri 43 saylı Notariat Kontorunda onun əvəzinə imza etməklə Sumqayıt şəhər sakini Cavabdeh4 etibarnamə vermişdir. İddiaçı 23 saylı Notariat Ofisinə 07.05.2019-cu il tarixdə ərizə ilə müraciət edərək həmin etibarnamənin qüvvəsinə xitam verdirmişdir və bu barədə Baş X3 idarəsinə məlumat vermişdir. Cavabdeh4 oglu 03.06.2012-ci il tarixdə Cavabdeh1 daşınar əmlak olaraq mübahisəli avtomobil üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq, ipotekanı qəbul etmək və sair hərəkətləri etməyi etibar edən 07.10.2041 -ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İddiaçı cavabdehlərin ünvanına xəbərdarlıq göndərməklə mülkiyyətindəki “VAZ- 21074” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobili qanunsuz sahibliklərindən geri iddiaçıya qaytarmaqlarını və ya avtomobilinin əvəzi olaraq onun dəyəri 7000 manat pulu müştərək qaydada ona ödəmələrini tələb edib. Cavabdehlər tələbinə bu günə qədər münasibət bildirmir və avtomobilini iddiaçıya qaytarmaqdan və ya avtomobilinin əvəzi olaraq onun dəyərini iddiaçıya ödəməkdən də yayınırlar. İddiaçının müraciətinə əsasən Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin iddiaçıya ünvanladığı 31.05.2019-cu il tarixli məktubla bildirilir ki, “VAZ-21074” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobil İddiaçı adına 05.10.2011 -ci il tarixdə qeydiyyata alınmış və ipoteka müqaviləsi əsasında “xxxx” ASC-nin filialına girova qoyulmuşdur. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə əsasında Cavabdeh2 07.10.2011-ci il tarixdə 09.12.2018-ci il tarixədək müddətə verilməsi, Cavabdeh3 09.06.2012-ci il tarixdə 01.10.2016-cı il tarixədək müddətə verilməsi və hər iki etibarnamənin etibarlılıq müddətinin bitməsi barədə DİN Baş X3 İdarəsinin mərkəzi informasiya sistemində məlumat qeydə alınmışdır. Hazırda iddiaçının mülkiyyətində olan mübahisəli avtomobil cavabdehlərin qanunsuz sahibliyindədir. Cavabdehlərin qanunsuz olaraq həmin avtomobilə sahiblik etməsi, iddiaçını avtomobilin üzərində öz hüquqlarını icra etməkdən məhrum edir. Cavabdeh2 iddiaçıya məxsus onun adına qeydiyyata alınmış “VAZ-21074” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobili iddiaçıdan işlək və texniki saz vəziyyətdə qəbul etmişdir. Həmin vəziyyətdə də avtomobilini cavabdehlərin qanunsuz sahibliyindən geri tələb edir və ya avtomobilinin əvəzi kimi onun dəyəri olan 7000 manat pulu müştərək qaydada cavabdehlərdən tələb edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında avtomobilin 7000 manata alqı-satqı edilməsi barədə hər hansı müqavilələri və ya razılaşmalarının olması iddianın dəlilini təşkil etmir. Çünki kredit borcu banka ödənilmədən “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü olan - bankın girovunda olan avtomobilin digər şəxsə özgəninkiləşdirilməsi mümkünsüz idi. İddia ərizəsinin məzmunundan da görünür ki, o, avtomobilin alqı-satqısının mümkünsüzlüyü barədə dəlil irəli sürmüşdür və bu halın artıq müəyyən olunduğu Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2013-cü il tarixli qətnaməsini məhkəməyə təqdim etmişdir. İddiasından görünür ki, tələbinin birinci hissəsi kimi avtomobilin işlək və texniki saz vəziyyətdə qaytarılmasını tələb edir. Əks təqdirdə, yəni avtomobil hər hansı səbəbdən idarəyə yararsız və ya məhv edilmiş olduğu halda iddia tələbinin digər hissəsi kimi avtomobilinin əvəzi olaraq (yəni mənə dəymiş zərərin əvəzi olaraq) onun dəyəri 7000 manat pulun müştərək qaydada cavabdehlər tərəfindən ona ödənilməsini tələb etmişdir. Cavabdehlər avtomobilinin bazar satış qiymətinin 7000 manat dəyərində olduğunu qəbul etməzdilərsə avtomobilinin dəyəri mübahisələndirildiyi halda, məhkəmə öz xidməti vəzifəsinə görə və ya öz təşəbbüsü ilə müvafiq məhkəməqiymətləndirmə ekspertizası təyin etməli idi. Bunu məhkəmə etməyib. Mübahisəli avtomobilin 2041-ci ilədək digər cavabdehlər Cavabdeh4 və Cavabdeh1 sərəncamına verilməsi barədə iş materiallarında mötəbər sübutlar-notariat qaydasında təsdiq edilmiş etibarnamələr olduğu halda iş materiallarına baxan məhkəmə qətnamədə Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata istinad edərək qeyd etmişdir ki, avtomobilin həmin cavabdehlərin sahibliyində olması iş materialları ilə sübuta yetirilməmişdir. Hansı ki, hakim qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh4 daşınmaz əmlak istisna olmaqla bütün əmlakını Cavabdeh1 sərəncamına verilməsi barədə iş materiallarında olan 03.06.2012-ci il tarixli etibarnaməyə və onun İddiaçı tərəfindən Cavabdeh4 verilmiş etibarnamənin ləğv edilməsi barədə iş materiallarında olan 23 saylı Notariat Ofisinə ünvanlanmış və notariat qaydasında təsdiq edilmiş ərizəsinə istinad etmişdir. Cavabdehlərə etibarnamə verildiyi 2011-2012-ci illərdə hələ “Elektron notariat” və ya “Elektron Məhkəmə” informasiya sistemi yaradılmamışdı. Hesab edir ki, məhkəmə bu təlimata işi mahiyyəti üzrə həll etmək məqsədilə yox, ipoteka ilə yüklü edilmiş-bank girovunda olan mübahisəli avtomobilə dair çoxsaylı şəxslərə sərəncam hüququ verən etibarnamələr verən notariusları məsuliyyətdən yayındırmaq məqsədilə əsaslanmışdır. Cünki araşdırılmalı və hüquqi qiymət verilməli olan etibarnamələri o, məhkəməyə təqdim etmişdir, onlar iş materiallarında var. Bundan başqa, iddiası ilə bağlı işə cavabdehlərin iştirakı ilə baxılmış olsaydı, bütün cavabdehlər etibarnamə əsasında mübahisəli avtomobilin onların sahibliyində və istifadəsində olduğunu etiraf edərdilər. Bu baxımdan işə cavabdehlərin iştirakı ilə baxılması zəruri olduğu halda Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini tətbiq edərək işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər tərəfdən, Koronavirus infeksiyasından özlərini qorumaq səbəbindən cavabdehlərin məhkəməyə gedib-gələ bilmədikləri də istisna deyildir. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşə baxan hakim yalnız DİN-nə sorğu verməkdən başqa heç bir araşdırma aparmayıb. Zatən belə bir sorğuya, araşdırmaya lüzum da yox idi. Cünki onun müraciəti əsasında Cavabdeh2 2011-2018-ci illəri əhatə edən və Cavabdeh3 isə 2012-2016-cı illəri əhatə edən etibarnamə verilməsi barədə DİN Baş X3 İdarəsi tərəfindən verilmiş 31.05 2019-cu il tarixli rəsmi arayışı məhkəməyə əvvəlcədən o, təqdim etmişdir. Məhkəmənin araşdırma aparmaq niyyəti belə olmadığından qətnamədə yalnız vindikasiya iddiasının şərtlərini sadalamışdır. Onun da iddia tələbində vindikasiya iddiasının bütün şərtləri mövcuddur. Vindikasiya iddiasının şərtlərindən biri də əmlakın natura halında qalmasıdır. Mövcud olmayan hər hansı bir şərt olmadığı halda, vindikasiya iddiasının hər hansı bir şərtinin olmadığı iş materialları ilə sübuta yetirilmədiyi halda vindikasiya iddiasının şərtlərini saymaqla iddianı rədd etmək əsassız olmuşdur. Belə ki, o, avtomobilin mülkiyyətçisi olaraq öz əmlakına faktiki sahiblikdən məhrum olunmuşdur. Sahibliyindən çıxmış avtomobil etibarnamənin verildiyi şəxsin faktiki sahibliyində natura halında qalmaqdadır.Əgər avtomobilim etibarnamənin verildiyi şəxsin faktiki sahibliyində natura halında qalmasaydı bu barədə cavabdehlərə tərəfindən verilmiş bildirişə və ya iddiama baxılması vaxtı və yeri barədə məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilmiş cavabdehlər tərəfindən məlumat bildirilərdi. Əgər məhkəmə araşdırması zamanı avtomobilimin zədələndiyi, idarəyə yararsız, naturada qalmadığı, məhv olduğu müəyyən edilmiş olsaydı məhkəmə qətnamə qəbul edənə qədər Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiasını dəyişərdi və sair hüquqmüdafiə vasitələrindən istifadə edərdi. Onun iddiası qismən təmin edilmiş olardı və ya yuxarıda qeyd etdiyi kimi iddia tələbinin digər hissəsi kimi avtomobilinin əvəzi olaraq (yəni dəymiş zərərin əvəzi olaraq) onun dəyəri 7000 manat pulun cavabdehlər tərəfindən ona ödənilməsi barədə müvafiq qətnamə qəbul olunardı. Bununla da mübahisə ədalətli həlli ilə başa çatardı, daha lüzumsuz olaraq başqa məhkəmələrdə başqa iddialara, mübahisənin aylarla deyil, hətta illərlə uzadılmasına, onsuz da sosial vəziyyəti agır olan maddi imkansız biz sadə vətəndaşları bu küçələrə salıb idarə - məhkəmələrarası süründürməyə ehtiyac qalmazdı. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 03.06.2012-ci il tarixli daşınmaz əmlak istisna olmaqla verilən etibarnamənin surətindən görünür ki, Cavabdeh4 Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınar əmlakını idarə etmək və üzərində sərəncam vermək barədə etibarnamə vermişdir. İddiaçı tərəfindən ünvan ünvanlanmış ərizədən görünür ki, o, Cavabdeh4 verdiyi etibarnaməni ləğv etdirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 07.03.2020-ci il tarixli 016-22796-1220 saylı məktubundan və məktuba əlavə edilmiş kompyuter çıxarışdan görünür ki, “Vaz 21074” markalı ** MJ *** dövlət nömrə nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmiş, həmin avtomobilə dair Cavabdeh2 2011-2018-ci illəri əhatə edən və Cavabdeh3 2012-2016-cı illəri əhatə edən etibarnamələr verilmiş, avtomobil “xxxx” ASCdə ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.06.2013-cü il tarixli, 2(006)-570/2013 saylı qətnaməsi ilə İddiaçı 05.10.2011-ci il tarixli avtomobil krediti və girov müqaviləsinə əsasən cəmi 4556,93 manat məbləğində borc pul vəsaiti “xxxx” ASC-nin xeyrinə tutulmuşdur. Həmin qətnamədən həmçinin görünür ki, “Vaz 21074” markalı ** MJ *** dövlət nömrə nişanlı avtomobil 05.10.2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC-də girov qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 06.11.2013-cü il tarixli, 2(103)- 4841/2013 saylı qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirimədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27ci maddəsinin Vİ-İ hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin (dövlət qurumlarının) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs (nəqliyyat vasitəsinin sürücüsü) barədə müvafiq məlumatları dərhal “Elektron notariat” informasiya sisteminə daxil etməlidir. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: -əmlakın mülkiyyətçiyə məxsus olması; - əmlakın başqa şəxsin sahibliyində olması; - başqa şəxsin sahibliyinin qanunsuz olması; - özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalıdır; - geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalıdır; - əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Göstərilən şərtlər və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, mübahisə edilən, “Vaz 21074” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmiş və avtomobilə dair cavabdehlər Cavabdeh2 2011-2018-ci illəri əhatə edən və Cavabdeh3 isə 2012-2016-cı illəri əhatə edən etibarnamələr verilmişdir. Bu hal isə mübahisəli avtomobilin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etibarnamə qüvvədə olduğu vaxt onların qanuni sahibliyində olduğuna əsas verir. Bundan başqa isə mübahisəli avtomobilin digər cavabdehlər Cavabdeh4 və Cavabdeh1 sahibliyində olması iş materialları ilə sübuta yetirilməmişdir. Apellyasiya baxışında iddiaçının məhkəməyə göndərdiyi 15.04.2020-ci il tarixli ərizəyə əlavə edilmiş 15.02.2017-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, həmin avtomobil 15.02.2017-ci il tarixdə ipoteka saxlayan “xxxx” ASC-nin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qeyd edilən avtomobilin hazırda bankın saxlancında olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisəli avtomobil cavabdehlərin sahibliyində olmadığından iddia tələbi təmin edilməməlidir. Beləliklə, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2(011)-1441/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-618/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-618/2021
22.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver