Məhkəmə qərarları › İş №2(103)-6604/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6604/2022

14.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6604/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 50.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 5.000 manat cavabdeh Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdə məhkəmənin qərarı ilə həbs ev dustaqlığı ilə əvəz edilmiş, daha sonra ev dustaqlığının müddəti məhkəmənin qərarı ilə uzadılmışdır. Daha sonra müəyyən edilmişdir ki, iddiaçının əməlində cinayət tərkibi yoxdur, ona görə də müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət təqibinə və ev dustaqlığı qətimkan tədbirinə xitam verilmişdir. Qətimkan tədbirinin ümumi müddəti 142 gün olmuş, iddiaçı bu müddətin 74 gününü həbsdə, 68 gününü isə ev dustaqlığında saxlanılmışdır. Bununla da iddiaçının “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun müddəalarına əsasən ziyanın ödənilməsi hüququ yaranıb. İddiaçı yalnız mənəvi zərərin əvəzinin ödənilməsini tələb edib. Tələb əsaslıdır, çünki iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb, barəsində qətimkan tədbiri seçilib, nəticədə mənəvi sarsıntı keçirib və iztirab çəkib. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsindən görünür ki, belə halda mənəvi zərərin əvəzi ödənilməlidir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq mənəvi zərərin əvəzinin tutulmasını qət edib. İddiaçının apellyasiya şikayəti təmin edilə bilməz, çünki mənəvi zərərin əvəzi kimi 5.000 manatdan çox məbləğin tutulması üçün əsas yoxdur. Cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz, çünki mənəvi zərərin əvəzinin ödənilməsindən imtina edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Maliyyə Mazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar