Məhkəmə qərarları › İş №2(103)-7386/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7386/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7386/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pulun tutulması, tələb üzrə tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılmaları» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-211/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2015-ci il tarixli İPK01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 11.468 ABŞ dolları 54 sent əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 27.02.2018-ci il tarixə 5.157 ABŞ dolları 56 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 884 ABŞ dolları 80 sent faiz olmaqla, cəmi 17.510 ABŞ dolları 90 sent pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi; tutmanın LPO İddiaçı ASC ilə Cavabdeh1 ilə bağlanmış 27 fevral 2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 863 saylı reyestr kitabının 80314 saylı vərəqində qeydiyyata alınmış, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması; satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi; mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 fevral 2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsi bağlanaraq borc alana 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 21.800 ABŞ dolları məbləğində kredit verilmişdir. 27 fevral 2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə bağlanmış 27 fevral 2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 863 nömrəli reyestr kitabının 80314 nömrəli vərəqində qeydiyyata alınmış, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzil bankda ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeydiyyatdadırlar. 27 fevral 2015- ci il tarixli İPK 01 saylı kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 27 fevral 2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsi üzrə hazırda cavabdehin banka olan əsas borcu 11.468 ABŞ dolları 54 sent; kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 27.02.2018- ci il tarixə 5.157 ABŞ dolları 56 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 884 ABŞ dolları 80 sent faiz olmaqla, cəmi 17.510 ABŞ dolları 90 sent təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən kredit üzrə faizlər krediti borcalana verildiyi gündən hesablanır və həmin vəsait kreditora tam ödənildiyi günə qədər hesablanır. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə ipotekasaxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. Məlumat üçün əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 avqust 2016-cı il tarixli 2-1(102)-147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Beləliklə, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyinə görə kredit müqaviləsi üzrə ödənilməmiş məbləğ faizlərlə, hesablanmış cərimə, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərlə birlikdə ipoteka qoyulmuş əmlaka, həmin əmlak kifayət etmədikdə, cavabdehə məxsus digər əmlaka yönəldilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-211/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2015-ci il tarixli İPK01 saylı kredit müqaviləsinə əsasən 11.415 ABŞ dolları 44 sent əsas borc, 553 ABŞ dolları 45 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 919 ABŞ dolları 61 sent faiz olmaqla, cəmi 12.888 ABŞ dolları 50 sentin ödəniş anı Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005- də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən, Cavabdeh1 məxsus olan 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin LPO İddiaçı ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması, qiymətləndirmə xərci olan 250 manatın Cavabdeh1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, ekspertiza xərci olan 100 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun əsas, faiz və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətinin borc məbləğlərinin və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən, həmçinin, cavabdehlər də apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətlərini bir sıra digər dəlillərlə yanaşı borc məbləğlərinin düzgün hesablanmadığı arqumenti ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi onlar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər səbələri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozmuş, iddia tələbindən kənara çıxaraq “cavabdehlərdən bankın xeyirinə 919,61 ABŞ dolları tutulması və kreditin təminatı kimi ipotekaya qoyulmuş əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi” barədə nəticəyə gəlmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.02.2015ci il tarixli İPK 01 saylı kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21.800 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 27.02.2015-ci il tarixli, 01 saylı kredit sazişi üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh1 müqavilə üzrə hər ay üçün ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarında olan 12.09.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 11468,54 ABŞ dolları əsas, 5157,56 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 884,8 ABŞ dolları olmaqla, cəmi 17510,09 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 27.02.2015-ci il tarixli 01 nömrəli ipoteka müqaviləsindən görünür ki, 27.02.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005- də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən, Cavabdeh1 məxsus olan 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzili bank qarşısında yüklü etmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizədən görünür ki, İddiaçı ASC tərəfindən AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ın Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən, Cavabdeh1 məxsus olan 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 863 nömrəli reyestr kitabının 80314 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər İH-nın "xxxx" MTK-nın 26.02.2015-ci il tarixli 12 saylı arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 44a, mənzil 76-da yerləçən fərdi yaşayış evində daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2020-ci il tarixli 2348 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 27 fevral 2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 27 fevral 2018-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 14.804 ABŞ dolları 18 sent: Əsas borc üzrə 11.946 ABŞ dolları 90 sent; Faiz üzrə 2.857 ABŞ dolları 28 sent. 12 sentyabr 2019-cu il tarixə (iddia tarixinə) 12.888 ABŞ dolları 50 sent: Əsas borc üzrə 11.415 ABŞ dolları 44 sent; Faiz üzrə 553 ABŞ dolları 45 sent; Faiz (illik 5 %-lə) borcu üzrə 919 ABŞ dolları 61 sent. Apellyasiya icraatında kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 08.09.2021-ci il tarixli, 9/5791 nömrəli rəyində göstərilmişdir ki, 27.02.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 27.02.2018-ci il il tarixədək olan 14804,18 ABŞ dolları (əsas borcu 11.946,90 ABŞ dolları, faiz borcu isə 2857,28 ABŞ dolları) təşkil edir. Eyni zamanda rəydə qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 04.05.2020-ci il tarixli, 2348 saylı ekspert rəyinin cədvəl məlumatlarından görünür ki, cavabdeh tərəfindən müqavilə müddəti bitən tarixdən etibarən iddia tələbinin tarixinədək ümumilikdə 2835,29 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Ekspertiza təyini haqqında qərardadda borc məbləğinin 27.02.2018-ci il tarixədək hesablanmalı olduğu sualı qoyulduğundan, həmin tarixdən sonrakı edilən ödənişlər tədqiqatla nəzərə alınmadı. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində adı çəkilən Cavabdeh1 öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçının ona qarşı yönəlmiş əsas və faiz borcunun ödənilməsi tələbi qismən təmin olunmalıdır. Qeyd olunduğu kimi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2020-ci il tarixli 2348 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 12.09.2019-cu il tarixə banka ödənilməli olan borcu ümumilikdə 12.888,50 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 11,415,44 ABŞ dolları, faiz borcu üzrə 553,45 ABŞ dolları, faiz (illik 5%-lə) borcu üzrə 919,61 ABŞ dolları. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Mühasibatlıq rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas yoxdur. Kollegiya ekspert rəylərini əsas götürərək Cavabdeh1 27.02.2018-ci il il tarixədək olan əsas borcu 11.946,90 ABŞ dolları, faiz borcu isə 2857,28 ABŞ dolları olduğundan və müqavilə müddəti bitəndən sonra ümumilikdə 2835,29 ABŞ dolları məbləğində ödəniş edildiyindən ekspertin rəyində qeyd olunduğu kimi Cavabdeh1 iddiaçının xeyrinə əsas borc üzrə 11415,44 ABŞ dolları, faiz borcu üzrə 553,45 ABŞ dolları kredit borcu tutulmalıdır. (14804,18 (11.946,90əsas+2857,28faiz)–2835,29=11968,89 (11415,44 əsas+553,45 faiz)). Kollegiya məhkəmənin müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcunun məbləğinə dair gəldiyi nəticə ilə isə razılmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 919 ABŞ dolları 61 sent faiz məbləğinin Cavabdeh1 iddiaçı bankın xeyrinə tutulmasına dair nəticəyə gələrkən səhvə yol vermişdir. Belə ki, 04.05.2020-ci il tarixli ekspert rəyində faiz (illik 5%-lə) borcu üzrə 919,61 ABŞ dolları olduğu qeyd olunsa da, iddiaçı bankı məhkəməyə verdiyi iddia ərizəsində müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 887,08 ABŞ dolları məbləğinin Cavabdeh1 tələb etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Birinci instansiya məhkəməsi isə iddia tələbindən kənara çıxaraq iddiçının tələb etdiyi müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 887,08 ABŞ dolları məbləğindən artıq olaraq 919,61 ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh1 tutulmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanun normasını əsas tuturaq hesab edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi həcmdə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 887,08 ABŞ dolları məbləğində borc Cavabdeh1 alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, həmçinin, digər bir halda da iddiadan kənara çıxaraq “əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi”nə dair nəticəyə gəlmişdir. Lakin bank tərəfindən məhkəməyə verilmiş iddia ərizəsindən görünür ki, iddiaçının bu barədə tələbi yoxdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan hissədə də MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuşdur. Kollegiya, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi bağlı qeyd edir ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə isə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli və bu qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 02 oktyabr 2020-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən 44a nömrəli 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilin hazırda bazar qiyməti 120.000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 01 mart 2021-ci il tarixli Ç-040 saylı məktubundan görünür ki, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı 02 sentyabr 2020-ci il tarixli 1297/20/ATRB saylı hesabat məhkəməyə təqdim olunmuşdur. Həmin hesabatda, lazımi araşdırmalar və hesablamalar aparılaraq, mənzilin bazar qiyməti müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli 2(006)- 1292/2020 saylı qərardadın icrası ilə bağlı bildirilmişdir ki, ipoteka predmeti olan mənzilin hazırda likvid qiyməti 110.000 manat təşkil edir. İşin apellyasiya baxışı zamanı zərurət yarandığından Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən 44a nömrəli 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilin bazar və likvid dəyərinin müəyyən olunması məqsədilə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması «X4» MMC-yə həvalə olunmuşdur. «X4» MMC-nin 16 noyabr 2021-ci il tarixli H/10-PLS nömrəli rəyinə əsasən Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən 44a nömrəli 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilinin bazar dəyəri 110.000 manat, likvid dəyəri 95.000 manat təşkil edir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azerbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadı ilə müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Rspublikası Qanununun 39.3.3-cü maddəsinə əsaəsn ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya iş üzrə olan qiymətləndirmə rəylərini, o cümlədən ipoteka müqaviləsində qeyd olunan qiyməti nəzərə alaraq ipoteka predmeti – Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən 44a nömrəli 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilin ilkin satış (likvid) qiymətinin «X4» MMC-nin 16 noyabr 2021-ci il tarixli H/10-PLS nömrəli rəyi ilə müəyyən edilməsini daha ağlabatan və əsaslı hesab edir. Kollegiya, həmçinin, hesab edir ki, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Bununla belə kollegiya, iddia tələbini “cavabdehlərin ipoteka predmetinə istifadə hüquqlarına xitam verilməsi” hissələrində əsaslı hesab etmir; belə ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Həmin Qanunun 59.1-ci maddəsinin mənasına görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi nə hələ mülkiyyət hüququnun itirilməsi demək deyildir. Çünki ipoteka predmetinin yeni mülkiyyətçisi bilinmədən kiminsə mülkiyyətinin əlindən alınması, oranın tərk edilməsi və bu kimi digər hallara yolverilməsi qadağandır və ən azından belə hallar şəxsin konstitusiya hüququnun pozulmasıdır. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldilidiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 30 manat Cavabdeh1dən alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə apelyatorların özləriə aid olunmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi məbləği olan 200 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-211/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2015-ci il tarixli İPK01 saylı kredit müqaviləsinə əsasən 11.415 ABŞ dolları 44 sent əsas borc, 553 ABŞ dolları 45 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 884 ABŞ dolları 08 sent olmaqla, cəmi 12.852 ABŞ dolları 97 sent (on iki min səkkiz yüz əlli iki dollar doxsan yeddi sent) ödəniş anı Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi məhəllə 3005- də Cavabdeh1 məxsus olan 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ qalarsa Cavabdeh1 qaytarılsın. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. İşin birinci və apellyasiya instansiya baxışları zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizalarının dəyəri 200 (iki yüz) manat Cavabdeh1 tutularaq X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver