Məhkəmə qərarları › İş №2(103)-8159/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8159/2021

19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8159/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(003)-1992/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 610,2 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.01.2019-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun iştiakı olmadan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Südçülük-Tərəvəzçilik sovxozu qəsəbəsi M.Musayev küçəsi döngə 2 saylı evdə quraşdırılmışdır. O hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Sonradan o, qaz sayğacına pul yükləmək istədiyi zaman «Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona bildirilmişdir ki, onun borcu vardır. Bununla bağlı o, müvafiq olaraq Cavabdeh İB-nin Xəzər rayon şöbəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları ona bildirmişlər ki, onun tərəfindən qaz sayğacına müdaxilə edildiyi üçün ona cərimə yazılmışdır. Halbuki, o heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(003)-1992/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(003)-1992/2021 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda yerləşdirilmiş sayğacın Cavabdeh İB-nin rəyinə əsasən sayğacın hesablama mexanizminin keçən qazın hesabını qeyd etmədiyi müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB sayğaca müdaxilə edilməsində İddiaçı təqsirini sübuta yetirmədən onun barəsində əsassız olaraq akt tərtib etmiş və cərimə yazmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdə və iddiaçıya yazılmış borcu silməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(003)-1992/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar