Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8938/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(001)-6067/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 18 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 175 manat və uşağın 3 yaşına qədər 80 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6067/2021 saylı, 26.07.2021-ci il tarixli qərardadı ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakla bağlı tələbə əməl edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Mediasiya haqqında” Qanun 26 iyul 2021-ci il tarixdən qəbul edilmişdir və o iddia ərizəsini 22.07.2021-ci ildə təqdim etmişdir. Ona görə də hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6067/2021 saylı, 26.07.2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(001)-6067/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddianın mahiyyətindən göründüyü kimi irəli sürülən tələb ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır və məhkəməyə müraciət etməzdən əvvəl tərəflər mediasiya prosesində iştirak etməmişlər və bu səbəbdən iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 23.07.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. (i.v.1) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 3-cü bəndinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 09 iyul 2021-ci il tarixli 360-VİQD 21 saylı Azərbaycan Respublikası Qanunu 25 iyul 2021-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmişdir. Konstitusiyanın istinad olunan maddələrinə əsasən qanun dərc olunduğu andan hüquqi qüvəyə minir və onun tətbiqi və icrası vətəndaşlar ..... üçün məcburidir. Həmin Qanunla Mülki Prosessual Məcəlləyə 152.1.6-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən də kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, “Mediasiya haqqında” Qanunun ailə mənasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməsi vəzifəsini müəyyən edən 28.1-ci maddəsi 01 iyul 2021-ci il tarixdən, Qanunun həmin maddəsinin tələblərinə əməl edilməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilməməsinin iddia ərizəsinin geri qaytarılmasına əsas olmasını müəyyən edən Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsi isə 25 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, iddiaçı 23 iyul 2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu halda da iddiaçının 26 iyul 2021-ci il tarixinədək məhkəməyə təqdim etdiyi ərizə “Mediasiya haqqında” Qanunun təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(001)-6067/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(001)- 6067/2021 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8938/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8938/2021
31.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver